Azərbaycanla Rusiyanı yeni körpü birləşdirəcək


Azərbaycanla Rusiyanı yeni körpü birləşdirəcək

Font ölçüsü

“Əminəm ki, Samur çayı üzərindən yeni avtomobil körpüsünün tikintisi sərhəd buraxılış məntəqələrindən buraxılışı sürətləndirəcək”.

Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, bunu Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Azərbaycan-Rusiya sərhədində Samur çayı üzərində avtomobil körpüsünün təməlqoyma mərasimində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, körpünün istifadəyə verilməsi hər iki istiqamətdə sərnişin və yükdaşımaların həcminin daha da artmasına səbəb olacaq:

“Bu gün Azərbaycan bir sıra beynəlxalq əhəmiyyətli layihələrin reallaşdırılmasında iştirak edir. Buna misal olaraq, Bakı-Tbilisi-Qars, Şimal-Cənub nəqliyyat dəhlizi və sair layihələri göstərmək olar. Samur çayı üzərindən yeni avtomobil körpüsünün tikintisi də bu cür layihələrdən biridir. Azərbaycanla Rusiya arasında nəqliyyat sahəsində əməkdaşlıq sürətlə inkişaf etməkdədir. Bunun sübutu kimi ilbəil sərnişin və yükdaşımaların həcminin artmasını göstərmək olar”.

Nazir əlavə edib ki, çayın hər iki sahilində bir-biriləri ilə qohumluq əlaqələri olan insanlar yaşayır ki, bu da körpünün sosial əhəmiyyətini artırır.

Tədbirdə çıxış edən Rusiyanın nəqliyyat naziri Maksim Sokolov isə qeyd edib ki, Samur çayı üzərindən yeni müasir avtomobil körpüsünün tikintisinin ərsəyə gəlməsinə səbəb Rusiya ilə Azərbaycan, o cümlədən digər Xəzəryanı ölkələrlə ticarət dövriyyəsinin həcminin artmasıdır.

“Körpünün tikintisinə dair hökumətlərarası saziş 2013-cü ildə iki ölkə başçısının razılığı ilə imzalanıb. O zamandan bəri sənədləşdirmə və layihələndirmə işləri aparılıb, həmçinin maliyyə və təşkilati məsələlərə başlanılıb. Biz səbirsizliklə bu körpü ilə nəqliyyat vasitələrinin hərəkət edəcəyini gözləyirik. Bizim babalarımız tərəfindən inşa edilən körpü beynəlxalq tələblərə cavab vermir. Ümid edirəm ki, 2019-cu ilin yaz aylarında artıq körpü istismara hazır olacaq”, - deyə M. Sokolov qeyd edib.

Dosye.az

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.