Dünya


Tükiyəyə Avropa Birliyinin xüsusi statusu verilə bilər

Sloveniya prezidenti Borut Pahor ölkəsinin Türkiyənin Avropa Birliyinə üzv olması istəyini dəstəklədiyini açıqlayıb.

Publika.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Sloveniya səfəri öncəsi B.Pahor belə bir açıqlama ilə çıxış edib.

O, bu məsələdə uzun illərdən sonra ilk addımların atılmasından məmnun olduqlarını ifadə edib.

“Türkiyə, Ukrayna və ya digər ölkələrin Avropa Birliyinə üzv olması haqda fikir ayrılıqları yaranacağı təqdirdə onlara birliyin xüsusi statusunun verilməsi də reallaşa bilər. Bu məsələ indiyə qədər müzakirə olunmayıb. Lakin hər iki tərəfin maraqlarına uyğun olarsa, gələcəkdə bu cür fürsətlərdən yararlanmaq olar”, - deyə Sloveniya prezidenti vurğulayıb.

İŞİD Bağdada yolunu açdı

İraqlı diplomatlar isə acı reallıqları açıqlayanlara qarşı sərt mövqe tutublar

İŞİD qüvvələri, nəhayət, Ramadi şəhərini də ələ keçirdi. Deyilənə görə, şəhərlə paytaxt Bağdad arasında cəmi 112 kilometr məsafə var. Yəni raketi Ramadidən atsalar Bağdadı vuracaqlar.
Qeyd edək ki, şəhər ətrafında İraqın dövlət ordusu da vardı və uzun müddətdir İŞİD terrorçuları ilə döyüşürdü. Amma son anda eynən Mosul kimi Ramadini də düşmən qarşısında müdafiəsiz qoyub geri çəkildi…

Hərənin öz ordusu

Məlumata görə, hazırda Ramadinin azadlığı uğrunda başlaya biləcək döyüşlərə 3 min civarında şiə milisi cəlb olunacaq. Sual yaranır: dünyanın hansı ölkəsində müharibə dövründə bu qədər fərqli və çeşidli mərkəzlərdən idarə olunan silahlı qüvvələr saxlanılıb? İraq müharibə aparır, bir-birinin ardınca şəhərləri, kənd və qəsəbələri uduza-uduza gəlib dirənib paytaxt Bağdada. Kürdüstan əhalisi dövlətə əsgər vermir, çünki öz «ordusu» var, adı da peşmərgə. Sünni qəbilələr öz qoşunlarını yaradıblar, şiələr özlərininkini (milisləri nəzərdə tuturam – V.T.). Əslində isə həm kürdlər, həm sünnilər, həm də şiələr silahlı qüvvə təsis etməklə dövləti yox, məhz öz təhlükəsizliklərini təmin etmək niyyəti güdüblər. Hansı ki, İraqın bütün qüvvələri vahid bayraq altında birləşərək vahid mərkəzdən idarə olunsaydı, dörd yandan İŞİD üzərinə hücuma keçilsəydi, İraq bu məsələni çoxdan həll edərdi. Amma baxın: İŞİD məhz Bağdad üzərinə yürüyür, şimal və şimal-şərqdə döyüşlər getmir və oradakı peşmərgə də əlini-qolunu sallayıb, oturub, ancaq kürd ərazilərini qoruyur. Çünki İraqın birliyi artıq heç kimin marağında deyil, şiələr, kürdlər və sünnilər öz başlarının hayındadırlar. Əlbəttə, yalnız və köməksiz qalan 3 milyonluq türkmən xalqından başqa. Əvvəl Səddam hökumətinin təqib etdiyi bu xalq hazırda Kürdüstanın və İŞİD-in təzyiqləri altında inləyir…

Xaricdən dəstək

Xarici dəstək də var İraqa, ABŞ, Fransa, nə bilim hansı ölkənin aviasiyası İŞİD-in mövqelərini havadan vurur, İranın bütün rütbələrdə hərbi kontingenti İraqın şiələr məskunlaşmış bölgələrində yerli şiə kişilərə hərbi təlim keçir. Məsələn, İraqın bu cür təlim mərkəzlərində şəxsən olmuşam. Elə bu günlərdə İran dini rəhbərinin nümayəndəsi Əli Əkbər Vilayəti də demişdi ki, İŞİD-ə qarşı İraq ordusuna hər cür yardım göstərməyə hazırdırlar. Yeri gəlmişkən, İranın müdafiə naziri Hüseyn Dehqan Bağdada gələrək iraqlı həmkarı Xalid Ubeydi ilə İŞİD-dən yaxa qurtarmağın yollarını müzakirə edib.
Kürdüstanı Türkiyə qoruyur və mən bu ölkədə olanda türk ordusunun istifadəsindəki hərbi texnikanı Ərbil-Altunkörpü yolunda hərəkət edərkən görmüşəm. Əlbəttə, Kürdüstan bayrağı altında. Onu da qeyd edək ki, Kürdüstan peşmərgələrinin komandanı göstərdiyi hər cür yardıma, kürd əsgərlərə təlim kediyinə, peşmərgəyə Kobaniyə girməsi üçün öz ərazisindən keçid verməsinə, eləcə də yeri gəldikcə lazımi silah-sursat verdiyinə görə Ankaraya təşəkkür də bildirib.
Əlbəttə, ABŞ-ın rəhbərlik etdiyi koalisiya aviasiyasının dəstək hücumları da öz yerində.

Ramadinin acı taleyi

«Reuters»ə açıqlama verən Ənbar əyaləti valisinin sözçüsü Muhanad Haymur bildirib ki, İŞİD gələndən sonra Ramadidə 500-dən artıq adam öldürülüb, 8 minə yaxını isə şəhərdən qaça bilib. BMT Qaçqınlar üzrə Baş Komissarlığı isə, ümumiyyətlə, apreldən bu yana Ramadi şəhərindən 114 mindən artıq insanın qıçqın düşdüyünü açıqlamışdı. Bu araad xatırladaq ki, 2014-cü ildən bəri 400 mini Ənbardan olmaqla ən azı 2,7 milyon insan ev-eşiyindən didərgin düşüb.
Ramadidə yaşananlarla Mosulun başına gətirilənlər arasında bircə fərq var: burada dövlətin ordusu geri çəkilərkən silahını özü ilə aparıb. Hər halda belə deyirlər. Amma şəhər banklarında vəsait qalıb, ya yox, bu barədə dəqiq bilgi verilmir.
Mosulda, yadınızdadırsa, dedilər ki, təxribat baş vermişdi. Guya kimlərsə birbaşa ali baş komandanlıq adından bu şəhəri müdafiə edən orduya geri çəkilmək təlimatını veribmiş. Ramadidə isə belə deyil. Burada baş nazir Heydər əl-Abadi orduya möhkəm dayanmağı, köməklərinə şiə milis qüvvələrini göndərəcəyini vəd edib. Hansı ki, Ənbar vilayətinin səlahiyyət sahiblərindən olan Muhannad Heymur isə artıq şəhərin terrorçu qruplaşmaya təslim edildiyini bildirib. Beləliklə, İraqın ən iri inzibati vilayəti sayılan Ənbarın inzibati mərkəzi olan Ramadiyə də İŞİD-in qara bayraqları sancıldı.

Tayfalara əmr…

Burada bir maraqlı məqam diqqətimi çəkdi. İŞİD-in qələbəsindən sonra baş nazir Abadi Ənbar vilayətinin kürsüsünü itirmiş rəhbərliyinin, tayfa başçılarının və din xadimlərinin tələbi üzrə «Haşdi Sabi»nin silahlı qüvvələri (Xalq birlikləri) və digər silahlı birliklərə, eləcə də sünni tayfalarının silahlı dəstələrinə birlikdə Ramadiyə girmə əmrini imzalayıb. Müasir dövrdə, bir göz qırpımında yerində sıçrayıb qısa müddətdə İraqın 40 faizini və təbii ki, Suriyanın da böyük qismini işğal edən İŞİD-ə qarşı, tarixin ən böyük əsərləri yazılmış, dünyaınn ən iri antik dövlətlərinin mərkəzi olmuş və bu günlərdə də 8 il ərzində İran kimi qüdrətli dövlətlə müharibə apararaq təcrübə toplamış İraq çox güclü və amansız düşmənə qarşı tayfa silahlılarını və şiə milislərini çıxarır. Bəs BMT-nin üzvü, əvvəlki vaxtlarını bir yana qoyaq, 1921-ci ildən bu yana azından 90 il dövlətçilik ənənəsi olan İraqın vahid ordusu yoxdurmu? Əlbəttə yoxdur…

Gördüklərim, dediklərim və reaksiya

Bir neçə ay əvvəl şəxsən mən İraqda səfərdə oldum, özü də başqaları kimi cahcalallı yerlər gəzmədim, bəxtəvər turistlər kimi gəzib-görüb, dincəlmədim – qaçqın düşərgələrində, döyüşçülərin təlim mərkəzlərində, birbaşa İŞİD-lə təmas nöqtələrində olub, yerli vəziyyətlə bağlı məlumatlar topladım, yerli insanların fikir-düşüncələrini aldım. Şimal qapısından girəndə yuxularımın şirinliyi olan əfsanəvi, qüdrətli İraqı hiss edəcəyimi düşünürdüm. Amma min dəfə təəssüf olsun ki, dövlətin mənə verdiyi VİSA-nın üstünə özlərinin kimsə tərəfindən tanınmayan möhürünü vuran kürdlər hər yanda Kürdüstan bayrağının dalğalandığı bir şəhərə, əvvəllər türkmənlərin, bu gün isə de-yure Kürdüstanın inzibati mərkəzi, de-fakto isə Kürdüstan «dövlətinin» paytaxtı elan edilən Ərbilə buraxdılar. Mən hər yerdə heç kimin düşünə bilmədiyi qədər sevdiyim İraqın bayrağını görmək istəyirdim, amma görə bilmədim.

Kərkükə getdim, bu böyük şəhər Kürdüstan muxtariyyətinə daxil deyil – Bağdad hökumətinin nəzarətindədir. Amma orada da İraqın yox, Kürdüstanın bayrağını gördüm, özü də bir-iki yerdə yox, hər dirəyin başında, hər binanın damında, hər tarixi tikilinin darvazasında… Hətta küçənin ortasında şütüyən avtomobillərin pəncərəsində çıxarıb dalğalandırırdılar. Kərkükdən ayrılıb bir qədər də cənub, cənub-şərq kəndlərə, qəsəbələrə baş çəkdim – yenə Kürdüstan bayrağını gördüm. İŞİD-lə təmas nöqtələrinə, teroorçulardan geri alınmış, viran edilmiş kəndlərə də getdim, yenə hər yerdə Kürdüstan bayrağını gördüm. Hətta döyük xəttində, pulemyotların quraşdırıldığı atəş bürclərində belə Kürdüstan bayraqları dalğalanırdı. Məni müşayiət edən döyüşçülər də kürd dilində danışırdılar və hər yerdə, hər kəslə söhbətimdə Bağdadı sorurdum. Cavab verirdilər ki, buralarda Bağdad yox, peşmərgələr mövcuddur. «Elə isə hardadır Bağdad» soruşanda, «cənubda, şiələrin bölgələrindədir» cavabını verirdilər. Mən gördüklərimi Azərbaycan mətbuatında ürək ağrısı ilə yazanda, İraqın ölkəmizdəki səfirliyinin rəhbərliyi məndən incidi. Hətta ultimatumlar eşitdim, məni haqsızlıqda, qələmimə qiymət verməməkdə, ucuz şöhrət dalıyla qaçmaqda və sair günahlandırdılar. Hətta mənə bir daha İraqa gedə bilməyəcəyimə dair xəbərdarlıqlar eşitdirildi. Səbəb nə idi? Səbəb bu idi ki, mən İraqda gördüyüm reallıqları qəzetimiz vasitəsilə ictimailəşdirmişdim, insanlar əsl gerçəkdən xəbər tuturdular. Deməli, səfirlik istəmirmiş orada nə baş verdiyini insanlar bilsin. Amma yox, İraqı xilas etmək, həqiqəti danışıb, hamıdan kömək istəmək lazımdır və bunun üçün utanmamaq gərəkdir. Onsuz da İraqda ordunun uduzduğunu, ölkənin de fakto üç yerə bölündüyünü hamı görür. Ondansa İraqda nələrin baş verdiyini, İŞİD-i ABŞ-ın, İsrailin, yoxsa Rusiyanın, bəlkə elə qonşu ölkələrin ssenaraisi əsasında yaradıldığını dünya birliyinə çatdırmaq lazımdır. Əgər doğrudan da siyasətçiləri və diplomatları dövlətin suverenliyini və vahidliyini qorumağa qərarlıdırsa, bütün sirləri açmalı və bir bayraq altında savaşa başlamağa qərar verməlidir. Təbii ki, mümkün olarsa…

"Mosul əməliyyatı yekunlaşır, İŞİD məhv olmaq üzrədir"

Mosul əməliyyatını yaxın vaxtda sona çatdıracağıq.

Axar.az xəbər verir ki, bu sözləri İraq Baş naziri Heydər Abadi bildirib.

Abadi əsas məqsədlərinin dinc əhali və təhlükəsizlik qüvvələri arasında itkiləri azaltmaq olduğunu bildirib.

Sünni qruplara qarşı aparılan hücumlarda, terrorla mübarizədə İraqa daha çox dəstək verilməsi üçün çağırış edən Abadi Mosul əməliyyatından danışıb:

"Təyin olunan vaxtdan da hərbi planda daha sürətli irəliləyişə nail olduq. İŞİD-in gücü azalıb və bitmək üzrədir".

Dosye.az

Mosulda 120 məktəbli İŞİD tərəfindən oğurlanıb

İraqın Ənbər vilayətinin qərb rayonlarında İŞİD qüvvələri 30 nəfəri qətlə yetirib. Onlar arasında uşaqlar və qadınlar da var. İŞİD qətlə yetirilənləri hökumət qüvvələri ilə əməkdaşlıqda ittiham edib.

Lent.az-ın İTAR TASS-a istinadən xəbərinə görə, bazar günü İraqın şimalındakı Mosul şəhərinin məktəblərindən 120-yə qədər məktəbli İŞİD silahlıları tərəfindən oğurlanıb. Oğurlanan məktəblilərin taleyi barədə heç bir məlumat yoxdur.

Kürdüstan Demokrat Partiyasının yaydığı xəbərə görə, İŞİD nəzarətində olan Mosulda bu gün 20 nəfəri kütlə qarşısında güllələyərək edam edib.

"Sülhün olacağına əmin deyiləm" - Poroşenko

Pyotr Poroşenko ümid edir ki, 12 fevralda Minskdə qəbul edilmiş razılaşmalardan sonra Ukraynanın şərqindəki müharibə siyasi həllini tapacaq.

Avropa.info xəbər verir ki, bu haqda o Milli Qvardiyanın təlim mərkəzində olarkən bildirib. Lakin Poroşenko rusların danışıq şərtlərinə əməl edəcəyinə əmin deyil.

Pyotr Poroşenko: “Demək istəyirəm ki, heç kəsdə sülhə dair illüziyalar yaranmasın. Sonra sadəlövh adam vəziyyətinə düşməyəsiz. Sülhə hələ çox var və Minskdə imzalanan sülh şərtlərinin yerinə yetiriləcəyinə dair kimsədə əminlik yoxdur”.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.