İdman


Lionel Messi İspaniya Superkuboku uğrunda oyunda Serxio Ramosu təhqir edib

“Real Madrid” və “Barselona” arasında keçirilmiş futbol üzrə İspaniya Super Kuboku uğrunda cavab matçı zamanı komandaların kapitanları arasında insident baş verib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, qonaqların hücumçusu Lionel Messi meydan sahiblərinin müdafiəçisi Serxio Ramosu təhqir edib.

Buna oyunun gedişində ispaniyalının argentinalı rəqibini ələ salması səbəb olub. "Real Madrid"in kapitanı ikinci hissədə topu əlinə alaraq, Messi ona yaxınlaşana qədər gözləyib, daha sonra isə kənara atıb. Nəticədə hisslərini cilovlaya bilməyən "Barselona"nın lideri rəqibini təhqir edib. Lakin "kral klubu"nun oyunçusu buna məhəl qoymayıb.

Qeyd edək ki, "Real Madrid" “Barselona”nı səfərdə 3:1, evdə 2:0 hesabı ilə yenərək, tarixində 10-cu dəfə İspaniya Superkubokunun qalibi olub.

Dosye.az

"Qəbələ" - "Qalatasaray" matçının vaxtı müəyyənləşib

"Qəbələ" və Türkiyənin "Qalatasaray" klubları arasında yoldaşlıq görüşünün təşkili üçün danışıqlara başlanılıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, matçın sentyabrın 2-də və 3-də keçirilməsi planlaşdırılır. Həmin vaxt milli komandaların oyunları ilə əlaqədar çempionatlarda fasilə yaranacaq.

"Qalatasaray"ın məşqçilər heyəti bu qarşılaşmada yeni transfer Sofian Fequlini sınaqdan çıxaracaq. İngiltərə "Vest Hem"indən alınan 28 yaşlı yarımmüdafiəçi hazırda bərpa dövrü keçir. Əlcəzair millisinin oyunçusu məhz fasilə müddətində hazırlıqlara başlayacaq. Fequli "Qəbələ" ilə görüşdə özünü yaxşı tərəfdən göstərə bilsə, Türkiyə Super Liqasının IV turunda "Antalyaspor"a qarşı səfər matçında forma geyinəcək.

Qeyd edək ki, "Qəbələ" - "Qalatasaray" matçının Bakıda təşkili planlaşdırılır.

Dosye.az

Ronaldo beş oyunluq diskvalifikasiyanı şərh etdi

Madridin “Real” klubunun hücumçusu Kriştiano Ronaldo bəyan edib ki, beş oyunluq diskvalifikasiyanı ədalətsiz qərar sayır.

Oxu.Az-ın xəbərinə görə, futbolçu bu barədə öz Instagram hesabında yazıb.

“Bunda diqqət verməmək mümkün deyil. Beş oyun! Hesab edirəm ki, bu ədalətsiz qərardır və sadəcə gülməlidir! Dostlarıma və azarkeşlərə dəstəyə görə təşəkkür edirəm”, - portuqaliyalı qeyd edib.

Xatırladaq ki, İspaniya Futbol Federasiyası Ronaldoya beş oyunluq cəza barədə qərarını avqustun 14-də açıqlayıb. Ölkə Superkuboku uğrunda “Barselona”ya qarşı matçın 82-ci dəqiqəsində Ronaldo oyunun baş hakimi Rikardo de Burqos Benqoeçeanın qərarına sərt reaksiya verərək onu kürəyindən itələyib.

Görüş avqustun 13-də “Kamp Nou” stadionunda keçirilib və “Real”ın 3:1 hesablı qələbəsi başa çatıb. Ronaldo oyuna 58-ci dəqiqədə daxil olub və bir qol və qırmızı vərəqə ilə yadda qalıb.

Dosye.az

“Kopenhagen” “Qarabağ”ın kapitanından UEFA-ya şikayət edib

Danimarkanın “Kopenhagen” klubu “Qarabağ”a Bakıda 0:1 hesabı ilə uduzduğu Çempionlar Liqasının ilk “pley-off” matçı ilə əlaqədar UEFA-ya şikayət məktubu ünvanlayıb.

Oxu.Az-ın Report-a istinadən məlumatına görə, “Kopenhagen” “Qarabağ”ın kapitanı Maksim Medvedevin 20-ci dəqiqədə Pyer Benqtssonu top uğrunda mübarizə zamanı qəsdən vurduğunu iddia edir.

Dirsək zərbəsi nəticəsində Benqtssonun evə almacıq sümüyündən qançırla qayıtdığı bildirilir. Həmin vaxt italiyalı referi Paolo Talyavento epizoda heç bir reaksiya verməyib. “Kopenhagen” oyundan sonra UEFA-ya şikayət etməklə, Medvedevin cəzalandırılmasına və onun avqustun 23-də keçiriləcək cavab görüşündə iştirak etməməsinə nail olmaq istəyir.

Klubun katibi Daniel Rommedal bildirib ki, oyun vaxtı zərbənin qəsdən endirilmədiyini və futbolçuya heç bir təsirinin olmayacağını düşünüblər. Onun sözlərinə görə, epizodun videoyazısına baxdıqdan sonra zərbənin həddən artıq qüvvətli olduğu qənaətinə gəliblər:

“Biz müraciətimizin cavabsız qalmasını istəmirik. Ona görə də bu gün səhər saatlarında etiraz məktubunu və insidentin videogörüntülərini UEFA-ya göndərmişik”.

Öz növbəsində, UEFA belə bir etiraz məktubu aldıqlarını və məsələyə avqustun 17-də baxacaqlarını açıqlayıb.

Qeyd edək ki, Maksim Medvedev Rəşad Sadıqovun zədəli olması səbəbindən “Kopenhagen”lə ilk oyuna kapitan kimi çıxıb. Avqustun 23-də Danimarka paytaxtında keçiriləcək cavab görüşü Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.  

Dosye.az

Əfran İsmayılov sosial şəbəkələrdə onu təhqir edənlərdən danışdı

“Qarabağ”-“Kopenhagen” oyunundan sonra sosial şəbəkələrdə tənqid atəşinə tutulan Əfran İsmayılov danışıb.

Oxu.Az xəbər verir ki, azxeber.com-un suallarını cavablandıran gənc futbolçu onu tənqid və təhqir edən sosial şəbəkə istifadəçilərinə cavab verib. Futbolçu oyunlarda zəif çıxış etməsi ilə bağlı iddiaların doğru olmadığını söyləyib:

“Hər oyuna çıxanda çalışıram ki, əlimdən gələni edim. Çalışıram ki, komandama xeyrim dəysin. Futbolçu hər zaman yaxşı oynaya bilməz. Bəzən oyunumuz alınmaya da bilər, zəif də təsir bağışlaya bilərik. Mən sosial şəbəkələrdə yazılanlardan xəbərdaram, məni söyənlərə demək istəyirəm ki, hər kəs öz tərbiyəsini göstərir. Mən tənqidi normal qarşılayan insanam, ancaq təhqirlər o adamların tərbiyəsini göstərir”.

Əfran İsmayılov sosial şəbəkələrdə ailəsi ilə bağlı problemləri olduğu üçün oyunlarda zəif iştirak etməsi ilə bağlı iddialara da cavab verib. O, ailəsində heç bir problemin olmadığını bildirərək, bu iddiaları təkzib edib:

“Necə oldu ki, bunu bir nəfər eşitdi? Təbii ki, belə bir şey yoxdur. Ailəmdə hər şey qaydasındadır. Dediyim kimi, bəzən oyunumuz alınmaya bilər. Buna görə insanların məni təhqir etməsi və şər atması doğru deyil”.

Futbolçu “Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində “Kopenhagen”lə ev görüşündə qazandığı qələbənin şanslarını artırdığını deyib:

“Önümüzdə çox məsuliyyətli bir oyun var. Bu mərhələni keçsək, qrupa düşürük. Biz bütün gücümüzlə çalışacağıq ki, xalqımıza bu sevinci bəxş edək”.

Dosye.az

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 81 02: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.