“Masallı Mamed” haqqında bilmədiklərimiz


“Masallı Mamed” haqqında bilmədiklərimiz

Font ölçüsü

Azərbaycanlı “qanuni oğru”lar Rusiyada azərbaycanlılar haqda “qara”, “fırıldaqçı” və “bazar adamı” kimi fikirləri dəyişdilər - onlar Azərbaycanın adına bir başqa “cəbhədə” çəki, düzən və hörmət gətirdilər...

İnsanlar və talelər hərdən bir-birinə necə də oxşayır... 1959-cu ilin 21 martında adı sonralar keçmiş SSRİ-də yaxşı tanınan Bəxtiyar Kərimov (“Lotu Bəxtiyar”) doğulub. Ondan bir il sonra “Masallı Mammed”kimi məşhurlaşacaq Məmməd Hüseynov həyata gözünü açıb. Taleləri və həyata baxışları bir-birinə çox oxşayan, dostluqları biznesə yox, təmiz sözə söykənən bu iki azərbaycanlı “qanuni oğru”nun sonu da heyrət ediləcək dərəcədə oxşardır. İkisi də 1 saylı həbsxanada dünyalarını dəyişib, elə dəyəsən, zəhrimar qaraciyər şişindən...Amma bu da son bənzərlik deyil. Bu gün haqqında danışacağımız “Masallı Mamed” Bəxtiyar dünyaya gələn doğma torpağında dəfn olunub: 21 martda....

***
1960-cı ilin noyabr ayının 4-də Masallıda İsgəndər kişinin ailəsində evin ilk uşağı - Məmməd dünyaya gəldi.Ondan sonra bu ailədə daha dörd qardaş da doğulacaqdı. Amma tale və seçdiyi yol onu digərlərindən fərqli olaraq Masallının da, Azərbaycanın da sərhədlərindən kənarda da tanıdacaqdı.

Atası rayonun tanınan və imkanlı adamlarından - univermaqda müdir (şöbə rəhbəri) olub. Məmməd orta məktəbdə davakar kimi tanınıb, bu səbəbdən 10 illik orta təhsili dövründə bir neçə məktəb dəyişməli olub. Son sinfi də Masallıdan 2 kilometr uzaqlıqda yerləşən Ərkivan kəndində bitirib.

1978-ci il. 18 yaş. Yeni arzular, Bakının adamı çəkən və “yeyən” şəhər həyatı onun üçün də cəlbedici idi. Bəlkə də ali məktəb, sonra...Onu isə qat-qat ağır bir məktəb, imtahandan da çətin sınaq gözləyirdi...

Məlumata görə, atasının xanım işçilərindən biri rayon milisinin şəri ilə üzləşir. Atası qızı həbsxanadan qurtarmaq üçün onun “təqsirini” öz üzərinə götürür. Bu məsələ ilə bağlı məhkəmə prosesi davam edərkən Məmməd həmin milislə görüşür və ifadəsini geri götürməsini istəyir. Lakin... gənc Məmməd sovet milisini vurduğu üçün 3 il məcburi əməyə cəlb olunur.

Bu olaydan heç bir il keçməmiş, üzərində cəza olan Məmməd Bakıda ağır cinayət törədir. O, tələbə qohumu ilə şənlikdə qıza sataşan bir oğlanı bıçaqla öldürür. Üzərində şərti iş olan, üstəlik 102-ci maddə ilə də həbsə düşməsi Məmmədə “vışka” təhlükəsi yaradır. “Vışka” ən ağır cəza-ölüm hökmü demək idi...Amma atası oğlunu güllələnmə cəzasından qurtara bilib. 15 il həbs cəzası verilən Məmməd Hüseynovu cəzasının ilk beş ilini qapalı rejimdə “krıtıda” çəkməsi üçün tarixi Şuşa türməsinə göndərilir.

Həbsxanadakı özbaşınalığa və ədalətsizliyə qarşı çıxan gənc arestant ağır rejimli başqa bir sovet həbsxanasına - Qroznıya “etap” edilir..... Burada o, gələcəkdə daha da möhkəm dost olacaqları Cavanşir Ağayevlə (“Dağlı Cavaşir”) birgə cəza çəkməli olur. Əslən Xızıdan olan Cavanşir 15 yaşında -1982-ci ilin aprel ayında 6 il müddətinə həbs edilmişdi. Cəzasını əvvəlcə Bakı, sonra isə Qroznı şəhərindəki “maloletkada”- uşaq islah əmək müəssisəsində çəkmişdi. Sonra isə onu Qroznıda ciddi rejimli kolona göndərmişdilər. Məmmədlə həbsxanada rastlaşanda “Dağlı Cavanşir” hələ “qanuni oğru” titulu almamışdı. Amma kriminal aləmdə kifayət qədər nüfuzu var idi. Məmməd burada Cavanşirlə dostlaşır. Hər iki azərbaycanlı məhkum Qroznı həbsxanasında ədalətsizliyə qarşı mübarizə aparır. Qapalı həbsxanada cəzası bitdikdən sonra Məmməd Rusiyadan Bakıya, 6 saylı cəzaçəkmə müəssisinə köçürülür. Burada da həbsxana rəhbərliyinin qanunlarına tabe olmadığı üçün yenidən Rusiya həbsxanalarına göndərilir. Bu dəfə onun yeri Voloqda şəhərindəki “Sentral” həbsxanasına olur. Məmməd burada kriminal qaydalar tətbiq edir, “obşak” yaradır və “vəziyyət”ə (“polojeniya”) nəzarət edir.

4 il əvvəl, martın 20-də “Masallı Mamed”in vəfatı ilə Azərbaycan kriminalının böyük bir dövrü bitdi...

1992-ci ildə mart ayında azadlığa çıxan və artıq “Mamed Masallınski” kimi tanınan avtoritet doğum günündə ailə həyatı qurur. Bununla belə, kriminal həyatını da davam etdirir. 1994-cü ildə “Masallı Mamed” Moskvada yenidən həbs edilir. Moskvadakı “Nessi” ticarət yarmarkasında əməliyyat keçirən xüsusi təyinatlılar onun üzərindən heroin tapıldığını iddia edirlər. Rusiyanın ən sərt həbsxanalarından hesab edilən “Matrosskaya Tşina”da məhkumlar qiyam etdikdə onların sakitləşdirilməsində onun avtoritetinin böyük rolu olur. Bütün bunlar “qanuni oğru”ların və kriminal aləmin nüfuzlu nümayəndələrinin diqqətini cəlb edir. Məhkumlar arasındakı böyük nüfuzunu görən “qanuni oğru”lar ona kriminal aləmin ən ali titulunu təklif edir.

***
1995-ci ildə Sabirabada “qanun oğru” Hikmət Muxtarovun -"Sabirabadlı Hikmət"in toyunda “Lotu Bəxtiyar” təklif edir ki, məhz həmin gün “Masallı Mamed”lə “Dağlı Cavanşir”ə kriminal aləmdə haqq etdikləri “tac” verilsin. Cavanşir isə Bəxtiyara deyir ki, əvvəlcə “qanuni oğru” adın onun özünə böyük qardaş hesab etdiyi Məmmədə versinlər. Toydan bir neçə gün sonra Bakıda dövrünün ən nüfuzlu avtoritetlərindən olan “Novxanılı Hikmət”in şadlıq sarayında əvvəl “Masallı Mamed”, sonra isə Cavanşir “qanuni oğru” adı alır. Qeyd edək ki, “Novxanılı Hikmət” hazırda Rusiyada həbsdə olan “qanuni oğru” “Novxanılı Dadaş”ın atasıdır. Oğruların həmin toplantısında Bəxtiyardan başqa, “Sabirabadlı Hikmət”, “Nardaranlı Mirseymur”, “Ağbaş Çingiz” kimi “qanuni oğrular” da iştirak edir.

***
Son illər Rusiyada yaşayan “Masallı Mamed” Azərbaycana nadir hallarda gəlirdi. Uzun fasilədən sonra o, 2006-cı ilin aprel ayının 6-da qətlə yetirilən “Sabirabadlı Hikmət”in dəfnində iştirak etmək üçün Azərbaycana gəlir. Deyilənə görə, həmin vaxt Sabirabaddakı restoranların birində avtoritetlərin toplantısı olub və Hikmətdən sonra məhz “Masallı Mamed”in varis olması müzakirəyə çıxarılıb.

Elə həmin il “Masallı Mamed” üzərində “Makarov” tipli tapança ilə həbs edilir. 2006-cı ilin sonunda “Masallı Mamed”in məhkəmə prosesi keçirilib və o, iki il altı ay müddətinə azadlıqdan məhrum edilir. Cəzasını 10 saylı müəssisədə çəkir.

2009-cu il. Azərbaycana yaxın qohumunun yas mərasimində iştirak etmək üçün Masallıya gələn “qanuni oğru” narkotik vasitələrin saxlanmasında təqsirləndirilərək elə rayonundaca saxlanılır və 3 il müddətinə azadlıqdan məhrum edilir.

O, nüfuzlu avtoritet kimi “srok”unu Kürdəxanı təcridxanasında çəkir. Penitensiar Xidmətin rəhbərliyi dəyişdikdən sonra isə “Masallı Mamed” 1 saylı həbsxanaya göndərilir.
Məlumatlara görə, təcridxanada olduğu müddətdə səhhətində həyatı üçün ciddi təhlükə olmayıb. Amma “zon”a çıxarıldıqdan sonra qəfil onun səhhəti pisləşir. Yaxınlarının mətbuata verdikləri məlumata görə, “Masallı Mamed”in ölümünə səbəb beyninə qan sızmasıdır.
Həyatının son illərində onun əlində əsa olsa da, o heç vaxt yıxılmadı, ömrünün sonunadək də sisteminin nəzarətindən kənarda olan “oğru” ideyasına sadiq oldu.

***
“Masallı Mamed”i azərbaycanlı “qanuni oğru”ların sonuncu moğikanı hesab edənlər də var. Onun vəfatı ilə Azərbaycan kriminalının böyük bir dövrü bitdi. “Sabirabadlı Hikmət”in qətlindən sonra əsasən Moskvada təşkilatlanan Azərbaycan kriminalları “böyük qardaş”kimi “Masallı Mamed”in ətrafında toplaşa bilərdilər. Rusiya kriminalının “xaç atası” sayılan “Ded Xasan”ın başçılığı ilə keçirilən “sxodka”da Azərbaycan kriminal qruplaşmasını “Masallı Mamed” təmsil edirdi.

Onun “böyük qardaş” kimi hədsiz nüfuzu azərbaycanlı kriminalları onun ətrafında toplanmasının mümkün edirdi. Fəqət, hələ Hikmətin qətlindən də çox əvvəl başlanmış parçalanma buna ciddi əngəl oldu.

***
Martın 20-də “Masallı Mamed”in vəfatının 4-cü ili tamam olur. Onun dəfnində yaşanan izdiham hələ də danışılır. Masallının mərkəzində yerləşən ata evinə toplaşan minlərlə adam onun tabutunu qərənfil yağışı altında şəhərin Təpə adlanan qəbiristanlığınadək apardılar. Bu “qanuni oğru”laradək Rusiyada azərbaycanlıları “qara”, “alverçi”, “bazar adamı” kimi baxırdılar. Onlar isə kriminal aləmdə Azərbaycan adına ağırlıq, çəki və düzən gətirdilər.
Allah rəhmət etsin...

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 81 02: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.