Mədəniyyət


Bölgələrdə Amerika Guşələri açılacaq

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanı qəbul edib.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a verilən məlumata görə, qəbul çərçivəsində Gəncə, Xaçmaz, Salyan və Kürdəmir rayonlarında Amerika Guşələrinin Azərbaycanda yenidən açılmasına dair ikitərəfli Anlaşma Memorandumu imzalanıb.

Ə.Qarayev bildirib ki, imzalanan memorandum uğurla həyata keçiriləcək. Kitabxanalar şəbəkəsində bu layihə artıq bir neçə ildir icra olunur və yenidən imzalanma nəticəsində bu iş daha da geniş vüsət alacaq:

“Layihə nazirliyin 2017-ci il iş planında mühüm yer tutacaq. Azərbaycanın yaxın zamanlarda hazırlaşdığı böyük bir layihədə də ABŞ-ın iştirak edəcəyinə ümidvaram. Bu layihə YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Ümumdünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO, Avropa Şurasının Şimal-Cənub Mərkəzinin tərəfdaşlığı ilə cari il mayın 4-dən 6-dək Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumudur. Göründüyü kimi bu Forum dünyanın aparıcı təşkilatları tərəfindən dəstəklənir və inanıram ki, ABŞ da bu maraqları nəzərə alaraq layihə ilə ciddi şəkildə maraqlanacaq. Artıq Forumda iştirakla bağlı məktub ABŞ Dövlət katibliyinə göndərilib”.

Səfir R.Sekuta isə bildirib ki, Anlaşma memorandumu hər iki ölkə üçün faydalı olacaq, həm Azərbaycan, həm də ABŞ vətəndaşlarının faydalı məlumatlardan istifadəsinə xidmət edəcək:

“Nəzərə alsaq ki, bura təkcə mədəniyyət sahəsi deyil, həmçinin turizm daxildir, o zaman ABŞ-ın turizm şirkətlərinin də Azərbaycanla əlaqələrinə təkan vermiş olacağıq. Amerika Guşələri kitabxanalarda yerləşəcək və yerli əhaliyə internet və maarifləndirici materiallardan pulsuz istifadə imkanı yaradacaq.

Bu layihə həm də azərbaycanlı gənclərin ingilis dilini inkişaf etdirməsi, Amerika mədəniyyəti və cəmiyyəti haqqında məlumat alması üçün mükəmməl bir vasitədir. ABŞ iki ölkə arasında qarşılıqlı anlayış qurmaq istiqamətində daim çalışır. Biz çox şadıq ki, paytaxt Bakıdan kənarda yaşayan gənclər də bizim layihədən tam şəkildə faydalana biləcəklər”.

Görüş hər iki ölkə arasında mədəniyyət və turizm sahəsində qarşılıqlı əlaqələr mövzusunda fikir mübadiləsi ilə davam edib.

dosye.az

“CinemaPlus” “Xoca” filmini pulsuz nümayiş etdirəcək

Fevralın 26-da Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar premium sinfindən olan  “CinemaPlus” kinoteatr şəbəkəsində rejissoru Vahid Mustafayev olan “Xoca” filminin pulsuz nümayişləri keçiriləcək.

Oxu.Az xəbər verir ki, filmdə Qarabağ müharibəsi dövründə iki sevgilinin faciəvi taleyindən danışılır. “Xoca” filmi Xocalının tam faciəsini bütünlüklə əks etdirən ilk tammetrajlı film hesab olunur.

Baş rollarda İlqar Musayev, Nigar Bahadırqızı, Elmira Yaqubova, Mina Sovetskaya, Azər Aydəmir həmçinin, Əməkdar artist Telman Əliyev və Xalq artisti Nəcibə Hüseynova çəkilib. 

Film haqqında: İki gənc - Ələkbər və Günel evlənmək qərarı verirlər və ərizə verib nikah növbəsinə dayanırlar. Toy gününü 1992-ci il 25 fevral tarixinə salırlar, lakin tezliklə kəşfiyyat zabiti Ələkbəri artıq müharibə gedən Qarabağa, Xocalı şəhərinə çağırırlar. Toy ərəfəsində Bakıya qayıtmağa hazırlaşarkən məlum olur ki, şəhər ermənilər tərəfindən mühasirəyə alınıb. O, seçim etməlidir: Bakıya qayıtmaq, harada ki, onun nişanlısı Günel gözləyir və ya yoldaşları ilə şəhərdə qalıb döyüşə hazırlaşmaq...

Digər cütlük – Ələkbərin döyüş dostu Yura Çyornı (prototip – Azərbaycanın Milli qəhrəmanı Yuri Kovalev) və sadə teleqrafçı Mehriban. İlk əvvəl onlar bir-birilərinə soyuq münasibət göstərirlər, lakin doğma vətənin qorumaq vaxtı çatanda onlar arasında bir-birilərinə əsl hisslər yaranır. Xocalının bombardman olunmasından sonra Mehriban baba və nənəsini itirir, bundan sonra o, əlində silah ilə öz doğma şəhərinin müdafiəsinə qalxır.

Qeyd edək ki, həmin gün “CinemaPlus” şəbəkəsinin hər kinoteatrının bir zalında “Xoca” filminin 6 seansı nümayiş olunacaq. Həmçinin seanslardan komediya janrında olan bütün filmlər çıxarılacaq.

dosye.az

Lütfi Məmmədbəyovun 90 illiyinə həsr olunmuş xatirə tədbiri keçirilib

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli teatr və kino xadimi, Xalq artisti Lütfi Məmmədbəyovun 90 illiyinə həsr olunmuş xatirə tədbiri keçirilib.

Teatrın mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, tədbir Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə baş tutub.

Əvvəlcə qonaqlar sənətkarın həyat və yaradıcılığının əks olunduğu fotosərgi ilə tanış olublar.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, Xalq artisti Azər Paşa Nemət unudulmaz aktyorun Azərbaycan teatrının və kinosunun inkişafındakı xidmətlərindən danışıb.

O bildirib ki, Lütfi Məmmədbəyov 1961-ci ildən başlayaraq Akademik Milli Dram Teatrında çalışıb:

“Lütfi Məmmədbəyov Azərbaycan teatrını, bizim kinomuzu və ümumən mədəniyyətimizi sevən bir insan idi. Onun tələbələri, yetirmələri bu gün Azərbaycan teatrının və kinosunun əsas simalarıdırlar. Lütfi müəllimin Xalq Teatrındakı fəaliyyəti, Akademik Milli Dram Teatrında hazırladığı səhnə əsərləri hər zaman böyük hörmət və ehtiramla xatırlanıb. Nə qədər ki Azərbaycan mədəniyyəti var, Lütfi müəllimin adı və imzası hər zaman yaşayacaq, xoş hisslərlə yad olunacaq”.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Lütfi Məmmədbəyov haqqında xatirələrini tədbir iştirakçıları ilə bölüşüb, onun insani keyfiyyətləri, sənətkar kimi quruluş verdiyi tamaşalar və televiziya filmləri barədə danışıb:

“Lütfi müəllim təbiəti etibarı ilə ictimaiyyətçi insan idi. Onun insani keyfiyyətləri o qədər yüksək idi ki, hətta gücü çatmayacağı işlərdən ötrü qapıları döyməyi bacarırdı. Lütfi Məmmədbəyovun yaratdığı Xalq teatrı qədər Azərbaycan mədəniyyətinə, xüsusən, teatr sənətinə görkəmli sənət xadimləri bəxş edən ikinci xalq teatrı olmayıb. Onun yetirmələri sonralar böyük uğurlar qazandılar və Azərbaycan teatr sənətinin simalarına çevrildilər”.

Qeyd olunub ki, böyük və şərəfli aktyorluq məktəbi yolunu keçən sənətkar doğma sənət ocağının səhnəsində bir neçə tamaşaya quruluş verməklə yanaşı, həm də 60-dan çox televiziya tamaşasının rejissoru kimi tanınır.

Unudulmaz sənətkar “O olmasın, bu olsun”, “Bəxtiyar”, “Qızmar günəş altında”, “Göz həkimi”, “Leyli və Məcnun”, “Sehrli xalat” və başqa filmlərdə yaratdığı bir-birindən parlaq obrazlarla tamaşaçı qəlbində dərin iz buraxıb. Onun quruluş verdiyi tamaşa və televiziya filmləri obrazların xarakterini açan ifadə vasitələrinin zənginliyi ilə diqqəti cəlb edib.

Lütfi Məmmədbəyovun milli mədəniyyətin inkişafı sahəsindəki xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, müxtəlif illərdə bir sıra mükafatlara və fəxri adlara layiq görülərək müstəqil Azərbaycanın ali mükafatı olan “Şöhrət” ordeni ilə təltif edilib.

Daha sonra aktyorun sənət dostları – Xalq artistləri Hacı İsmayılov, Əminə Yusifqızı, Məleykə Əsədova, İlham Namiq Kamal, Bəsti Cəfərova, Ramiz Məlik Lütfi Məmmədbəyovu böyük sənət xadimi, qayğıkeş insan, unudulmaz müəllim kimi xatırlayıb, onunla bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər. L.Məmmədbəyovun tələbəsi, müğənni Samirə Allahverdi musiqi nömrəsi ilə çıxış edib.

Görkəmli sənətkarın oğlu İlham Məmmədbəyov tədbirin təşkilatçılığına görə Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının və Akademik Milli Dram Teatrının rəhbərliyinə təşəkkürünü bildirib.

Qeyd edək ki, Xalq artisti Mərahim Fərzəlibəyovun rejissorluğu ilə baş tutan anım mərasiminin ssenari müəllifi Çingiz Ələsgərli, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərovdur.

dosye.az

Rusiyanın məşhur aktyoru vəfat edib

Aktyor Aleksey Petrenko 79 yaşında dünyasını dəyişib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Kinematoqrafçılar İttifaqının saytında məlumat yerləşdirilib.

“Rusiyanın görkəmli aktyoru Aleksey Petrenko 22 fevral 2017-ci il tarixində qəflətən dünyasını dəyişib”, - deyə məlumatda bildirilir.

Sovet və Rusiyanın teatr və kino aktyoru Aleksey Petrenko 26 mart 1938-ci ildə Çerniqov vilayətinin Çemer kəndində dünyaya gəlib.

Onun kinoda debütü 1967-ci ildə “Günəş və yağış günü” filmində olub. Artist 80-dən çox filmdə, o cümlədən “Amansız romans”, “İf qəsrinin dustağı”, “Aqoniya”, “Məni döşəmənin altında basdırın”, “Müharibəsiz 20 gün” kimi filmlərdə rol alıb.

dosye.az

“CinemaPlus”da unudulmaz gecə

 

“CinemaPlus Azerbaijan” kinoteatrında fevralın 18-dən 19-na keçən gecə “Kino gecəsi” tədbiri keçirilib. Saat 23:30-dan səhər saat 7:00-dək qonaqlara “Pazmaniya şeytanı”, “Niyə o?” və “Aramızdakı kosmos” filmləri nümayiş olunub.

 

Oxu.Az xəbər verir ki, kinoteatrda musiqi müşayiəti altında rahat əyləncəli şərait yaradılıb. Həmçinin furşet masası, alkoqollu və alkoqolsuz içkilər, müsabiqələr və mükafatların oynanılması təşkil olunub.

 

Tədbirin təşkilinə dublyaj redaksiyası “Cinemazadeh”, “Özsüt” restoranlar şəbəkəsi, “Hillside”dan premium çaxırlar, “Red Bull”, “Sabina” parfümeriya-kosmetika mağazalar şəbəkəsi, “Bella Pizza”, “Like Tea” və “Baltika-Baku” pivə zavodu dəstək olub.

 

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.

dosye.az

 

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. tel: (012) 409 81 02: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.