Haqq yolunu azmaqla haqqa çatmaq olmaz


Haqq yolunu azmaqla haqqa çatmaq olmaz

Font ölçüsü

ismo.jpg

Azərbaycanda hal-hazırda minlərlə xəbər saytları, portallar, informasiya agentlikləri fəaliyyət göstərir.

Bunların  məqsədi ölkədə və ölkə xaricində baş verənləri ictimaiyyətə çatdırmaqdır. Lakin  bütün xəbər saytları, onların təsisçiləri və əməkdaşları heç də bu məqsədə xidmət etmir. Bəziləri öz şəxsi maraqlarını hər şeydən üstün tuturlar. Bu məqsədə çatmaq üçün tənqidlə təhqiri bilərəkdən qarışdırıb, vəzifəli şəxslərin işgüzar nüfuzuna xələl gətirirlər. Təbii ki, hamı pul qazanmaq, evini çörəklə təmin etmək istəyir. Amma kimsə şər-böhtan, şantaj və təhqir yolu ilə harama gedirsə, bu uzun çəkmir. Bunları elə-belə yazmadım. Bəzi “jurnalistlər”  var ki, qapı-qapı düşüb dövlət idarələrində məmurları şantaj edərək pul dilənməklə məşğul olurlar. Belə olan halda peşəsini və dövlətini sevən əsil jurnalistlər isə normal fəaliyyət göstərə bilmirlər.

İsmayıllı, onun rəhbərliyi barədə şər-böhtan, əsassız, qeyri-obyektiv, maddiyata hərisliklə, sifariş əsasında çox cizmaqaralar “işıq üzü” görüb. Əslində o yazılar müəllifin və sayt rəhbərliyinin daxili aləminə hakim kəsilən zülmətin təzahürü olub. Onların çoxuna da cavab verilməyib. Bir İsmayıllı sakini, veteran jurnalist, elimi-obamı, Vətənimi bütün varlığımla sevən bir vətəndaş kimi şər toplusu müəlliflərinə cavab vermişəm. Reallıq.org saytında gedən “İsmayıllıda etiraz – icra başçısı vətəndaşları aldadır” başlıqlı həqiqətdən uzaq yazını görəndə istədim ki, ona cavabı İsmayıllı rayon icra hakimiyyətindən alım. İnformasiya təminatı və təhlil sektorunun müdiri Azər Bədəlovla görüşdüm. Soruşdum ki, belə yazılar haradan qaynaqlanır?  Sektor müdiri dedi:

-              “Reallıq.org” saytı əvvəlki adını doğrultmadı, ikinci adıda yaşada bilmədi. Üçüncü adla yenidən fəaliyyətə başlayan kimi yenə də İsmayıllıya rəml atmaq istəyir. Kimin vasitəsilə, o da bizə yaxşı məlumdur. Saytın rəhbəri İkram Rəhimovun əvvəllər hansı qəzetdə işlədiyi, kimə xidmət etdiyi, kimin sifarişini yerinə yetirdiyi, ədalətli iş adamlarına, icra strukturlarının rəhbərlərinə tor qurmaq üçün kimlərlə iş birliyinə getməsi də diqqətimizdən kənarda deyil. Mən özüm Soltankənd sakiniyəm. Qərbi Azərbaycandan qaçqın düşənlərdənəm. Yaxşı bilirəm ki, kəndimizdə, qonşu Uştal və Qalagah kəndlərində, Xaləddin İsmayılov adında sakin yaşamır. Özü öz yalanını çıxaran “jurnalist”dən bundan artıq nə gözləmək olar? Paradoksal bir hal da odur ki, İ.Rəhimov öz yalanlarını tirajlamağı başqa saytlardan da xahiş edir.

İsmayıllıya öz əyri prizmasından baxan sayt yazır ki, “Rayonda sosial problemlər artmaqla sadə insanların yaşayış səviyyəsi aşağı düşüb”. Bəsirət gözü olmayanlara bir daha xatırladırıq ki, Azərbaycanda o cümlədən İsmayıllıda  insanlar, “sadə” “mürəkkəb” və digər qruplara bölünmür. Dövlət icra və xidmət strukturları vasitəsilə hər bir vətəndaşın qayğısını çəkir. Son zamanlar Diyallı, Tircan, İstisu, Sumağallı kəndlərinə, Basqal qəsəbəsinə qaz çəkilişi, İsmayıllı-İvanovka-Hacıhətəmli, İsmayıllı-Göytəpə, Qalınçaq-Ruşan, İsmayıllı-Lahıc, İsmayıllı-Basqal-Sulut, İsmayıllı-Qaraməryəm yollarının çəkilməsi, çoxsaylı istehsal və emal müəssisələrinin tikilməsi, İsmayıllı şəhərindəki 97 küçənin 61-nin asfaltlanması, səkilər tikilməsi, işıqlandırma sistemi quraşdırılması, 3 il ardıcıl olaraq 100 min tondan çox taxıl istehsalı, fərdi mənzil tikintisinin ildə 8-10 min kvadrat metr artması və ən əsası rayonun özünü maliyyələşdirməyə keçməsi dediyim fikri düşüncəli insanlar üçün tam sübuta yetirir.

Məlum yazıda qışa hazırlıqdan söhbət gedir. Rayon icra hakimiyyəti heç bir məsələdə gözləmə mövqeyi tutmur və o fikirdə olmur ki, hər hansı bir məsələni kimsə yazandan sonra həll etsin.

Qışa hazırlıq məsələsi rayon icra hakimiyyətində 2017-ci ilin sentyab ayında RİH başçısı yanında  Şura iclasında müzakirə olunub. Noyabr ayının 28-də təhsil, səhiyyə və mədəniyyət sahələrində isitmə sistemlərinin və yanacaq təminatının durumu xidmət təşkilatlarının, qeyd olunan sahələrin rəhbərlərinin və ərazi icra nümayəndələrinin, qaz istismarı sahəsinin, meşələrin bərpası və mühafizəsi idarəsinin müdirlərinin iştirakı ilə ciddi müzakirə olunub, nöqsana yol verənlər  cəzalandırılıb, qısa müddətdə əsaslı dönüş yaratmaq hər bir məsul işçidən tələb olunub. Əks təqdirdə təşkilati tədbirlər görüləcəyi iştirakçıların diqqətinə çatdırılıb.

İsmayıllıda heç bir etiraz yoxdur. Bəlkə İkram Rəhimovun da 2013-cü ilin yanvar ayında baş verən İsmayıllı hadisələrində marağı olub? O zaman məqsədinə çatmadığı üçünmü yeni çağırışlar edir? Ölkə daxilində etiraza, üsyana çagırış edənlərin hərəkəti  radikal dini cərəyanlara qoşulanların hərəkətinə bənzəyir.

Əlinə qələm alan, sayt açan, jurnalist adını daşıyan hər bir kəs bilməlidir ki, Haqq yolunu azmaqla haqqa çatmaq olmaz.

Vahid Xəlilov,

veteran jurnalist

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.