KİV haqqında qanuna dəyişiliklər olacaq


KİV haqqında qanuna dəyişiliklər olacaq

Font ölçüsü

aparat.jpg

“Kütləvi informasiya vasitələri haqqında” Qanuna edilən yeni dəyişikliklərə əsasən, kütləvi informasiya vasitəsi (KİV) artıq məhkəmənin qərarı ilə qərəzli yazılara görə il ərzində 2 dəfə məsuliyyətə cəlb edildikdə onun istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırılacaq. Layihə dekabrın 16-da MM-in iclasında müzakirəyə çıxarılacaq.

Bəs qanuna ediləcək dəyişiklə bağlı media rəhbərləri və jurnalistlər nə düşünürlər?

Aktual.az olaraq onların fikirlərini təqdim edirik:

Millət vəkili Sabir Rüstəmxanlı: "Mən həmin mətnlə tanış deyiləm. Bu barədə məlumatım yoxdur. Amma əvvəldən də qanunda belə bir hal var idi. Hər halda mətbuatdan narazı olan məhkəməyə müraciət edə bilər. Xəbərim olmadığı üçün geniş fikir söyləyə bilmərəm".

Milli Məclisin Təhlükəsizlik və Müdafiə komitəsinin üzvü Zahid Oruc: "Bu dəyişiklik, şübhəsiz, bu sferada bir tənzimləmə zərurətindən doğur. Faktiki olaraq həmin normalar qanunda bir qədər mövcud idi. Yəni KİV-in fəaliyyətinə xitam veriləmsi ilə bağlı məsələdə əgər hər hansı bir mətbuat orqanı ildə 3 dəfə qərəzli yazılara görə, məhkəmə tərəfindən cəzalandırılırdısa onun fəaliyyətinə xitam verilməsi üçün məqam formalaşmış olurdu. Xarici dövlət orqanı və təşkilat tərəfindən maliyyələşən mətbuat orqanı ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müraciəti olduqda da buna baxılır. Hesab edirəm ki, bu normal bir praktikadır. Bir çox ölkələrin praktikasında xaricdən maliyyələşən KİV-ə münasibətdə belə bir yanaşma bərqırar olunub. Heç kimi bunu mətbuat azadlığının buxovlanması kimi qiymətləndirə bilməz. Normal fəaliyyət göstərən, ayrı-ayrı dövlət orqanlarının qeyri-qanuni şəkildə maraqlarına zərbə vurmayan mətbuat orqanına şamil edilmir. Qanunvericlikdə edilən dəyişikliklər normaldır və heç bir halda ayrı-ayrı dairələrin reaksiyalarına baxmayaraq onu adi dərəcədə qiymətləndirmək olmaz".

"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu: "Mən media ilə bağlı istənilən halda məhdudlaşdırıcı hər hansı bir dəyişiklik edilməsinin əleyhinəyəm. Qərəz adı altında belə bir kateqoriya yaradıb məhdudlaşdırıcı maddəni qanuniləşdirmək mənə elə gəlir ki, Azərbaycan mediası üçün lazımlı deyil".

"Azadinform" informasiya agentliyinin baş redaktoru Niyaz Niftiyev: ""Kütləvi informasiya vasitələri haqqında” Qanuna edilən yeni dəyişikliyin mətbuatın məsuliyyətini artıracağını düşünürəm. KİV-də senzuranın ləğvindən sonra Azərbaycan mediasında çox ciddin problemlər yaranmışdı. Həmin dövrlər bizim gözlərimizin qarşısında baş verib. Məhkəmə çəkişmələrindən tutmuş digər vasitələrlə qədər bəzi mətbu orqanlarını fəaliyyətlərinin media qanunvericiliyinə uyğun qurmaları tövsiyə edilib. Lakin buna baxmayaraq problemlər qalmaqda davam edir. Təbii ki, bu hallar bilərəkdən də baş verib, bilməyərəkdən də... Amma media cəmiyyətin güzgüsü olmaq, onu istiqamətləndirmək iddiasındadırsa “bilmədim” bəhanəsini səbəb gətirməməlidir. Təəssüf ki, Mətbuat Şurası da bu məsələdə acizdir, yəni ona aid olan səlahiyyətdən kənara çıxa bilmir, hər hansı tövsiyə ilə kifayətlənməli olur. Yeni təklif isə qanunda olan mövcud tələbi 3-dən 2-yə endirirsə, əlbəttə, bundan ehtiyatlanmaq deyil, məsuliyyətimiz artırmağı düşünməliyik. Əks təqdirdə qanun Əflatun Amaşov deyil ki, səni “Reket siyahısı”na daxil etsin, sonra da çıxartsın, onun üzü sərtdir. Qərəzli yazacağımız halda və il ərzində 2 dəfə bu yazılardan dolayı məhkəmə məsuliyyətinə cəlb olunacağıqsa, artıq çalışdığımız KİV orqanının bağlanması dilemması ilə üz-üzə qalacağıq".

"Ölkə.az" saytının rəhbəri Məmməd Gülməmmədov: "KİV haqqında qanuna məncə eyni zamanda başqa lazımlı dəyişikliklər də edilməlidir. Burada ümumiyyətlə, hər hansı bir media orqanını bağlamaqdan, yaxud media orqanını belə dəyişikliklərlə "sıxma-boğma”da saxlamaqdan söhbət getmir. Dövlətimiz söz azadlığına şərait yaradır, bunun üçün bir çox imkan yaradıb. Ölkəmizdə son dövrlər bu sahədə gedən inkişaf göz önündədir. Bu qanun daha ciddi işləmək üçün media orqanlarına məsuliyyət yükləyəcək".

Qeyd edək ki, sözügedən dəyişikliyin edilməsi barədə qanun layihəsi Milli Məclisə Azərbaycan Prezidenti tərəfindən təqdim edilib.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.