Deputatın mandatı ləğv ediləcək?


Deputatın mandatı ləğv ediləcək?

Font ölçüsü

mec.jpg

Milli Məclisdə boş yerlərin sayı 5-ə çatdı

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyasının (PA) baş katibi seçilən Asəf Hacıyevin deputat fəaliyyətinə xitam veriləcək. Məlumata görə, məsələ MSK-nın növbəti iclasında müzakirəyə çıxarılacaq və qərar veriləcək.

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu azvision.az-a açıqlamasında bildirib ki, deputat Asəf Hacıyevin özü mandatını təhvil verəcəyini deyib: “Görünür, təşkilatın tələbi ondan ibarətdir ki, baş katib seçilən şəxs yalnız o işlə məşğul olmalıdır. Bu baxımdan deputat statusunda qala bilməz”.

Qeyd edək ki, A.Hacıyev 1995-ci ildən Milli Məclisin deputatıdır. Parlamentdə 8 saylı Nizami ikinci (Gəncə) seçki dairəsini təmsil edir. Elm və təhsil komitəsinin üzvüdür. Hakim Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiridir. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Baş Katibliyi İstanbulda yerləşdiyi üçün o, Türkiyəyə köçəcək.

Xatırladaq ki, Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin 4-cü hissəsinə əsasən Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda Milli Məclis üzvlüyündən istefa verməlidir. Dövlət orqanında vəzifə tutan Milli Məclis üzvü MSK-ya müraciət edir, MSK isə bu müraciətə 2 ay müddətində baxıb, millət vəkilinin mandatdan məhrum edilməsinə dair qərar verməlidir.

Həmçinin bundan əvvəl dörd mandat yeri boş qalmışdı. Belə ki, 110 saylı Zaqatala dairəsi Hikmət Atayevin faciəli ölümündən sonra boş qalır. Bundan əlavə, 19 saylı Nərimanov birinci seçki dairəsindən seçilən deputat, Yeni Azərbaycan Partiyasının icra katibi - sədr müavini Əli Əhmədov baş nazirin müavini təyin olduqdan sonra onun da mandatı geri alınıb. Analoji olayla hakim partiyanın icra katibinin müavini Mübariz Qurbanlı da üzləşməli olub. O, prezident İlham Əliyevin sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunandan sonra deputat mandatı ilə vidalaşdı. Göründüyü kimi, hazırda Milli Məclisdə 4 deputat yeri boşdur.

Yeri gəlmişkən, spiker Oqtay Əsədov payız sessiyasının son iclasında A.Hacıyevlə bağlı hələlik konkret qərarın olmadığını bildirmişdi. Görünür, artıq MM rəhbərliyi onun mandatdan imtinası barədə qəti qərara gəlib.

Milli Məclisin daxili nizamnaməsinə uyğun olaraq, növbəti plenar iclas fevralın 1-də başlayacaq. Fevralın 1-i bazar gününə düşdüyündən plenar iclas fevralın 2-nə nəzərdə tutulub". Bunu isə modern.az-a açıqlamasında Akif Təvəkküloğlu deyib. Onun sözlərinə görə, komitələrin öz işinə başlaması vaxtı artıq dəqiqləşib. “Yanvar ayının 15-dən etibarən Milli Məclisin komitələri öz işinə başlayacaq. Qanun layihələrini komitələr ayrı-ayrılıqda müzakirəyə çıxaracaq. Komitələrdə müzakirə olunduqdan sonra həmin qanun layihələri Milli Məclisin yaz sessiyasına salınacaq”.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.