Zakir Qaralov əməliyyat müşavirəsi keçirdi, xüsusi tapşırıqlar verdi


Zakir Qaralov əməliyyat müşavirəsi keçirdi, xüsusi tapşırıqlar verdi

Font ölçüsü

qara.jpg

Dosye.org Modern.az-a istinadən xəbər verir ki, yanvarın 7-də Baş Prokurorluqda 2014-cü ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Müşavirədə çıxış edən Baş prokuror Zakir Qaralov qeyd edib ki, 2014-cü ildə Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin görülməsi təmin olunub.
2014-cü ildə qeydə alınmış 205 qəsdən adam öldürmə cinayəti, o cümlədən qeyri-aşkar şəraitdə törədilmiş bu qəbildən olan cinayətlərdən 83-ü isti izlərlə açılıb.
Baş prokuror, 2020-ci ilə qədər prokurorluq orqanları qarşısında da mühüm vəzifələr durduğunu vurğulamaqla, prokurorluğun inkişafının əsas istiqamətlərini təşkil edəcək “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar tapşırıqlar verib.

Baş prokurorun birinci müavini Rüstəm Usubov hesabat ilində cinayətkarlığa qarşı mübarizə, istintaq işinin və ibtidai araşdırmaya prosessual rəhbərliyin təşkili sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr, Baş Prokurorluğun Təşkilat-analitik idarəsinin rəisi Müqəddəs Sultanov Baş Prokurorluğun 2014-cü ilin ikinci yarımilinə dair iş planının icra vəziyyəti və cari ilin birinci yarımili üçün iş planı barədə, Baş Prokurorluğun Hüquqi təminat və informasiya idarəsinin rəisi Natiq Hüseynov isə hesabat ilində prokurorluq orqanlarında informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə əlaqədar görülmüş işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat veriblər.

Baş Prokurorluğun əlaqədar struktur qurumlarına baş vermə müddətindən asılı olmayaraq əvvəlki illərdə törədilməklə bağlı qalan 12 qəsdən adam öldürmə cinayətlərinin açılması üçün zəruri tədbirlərin görülməsi, daxili işlər orqanları ilə qarşılıqlı əlaqədə konkret hadisələr üzrə istintaq və əməliyyat-axtarış işlərinin real vəziyyətinin öyrənilməsi yolu ilə onların intensivliyinin artırılması, səlahiyyət dairəsində olan bütün imkanlardan istifadə olunmaqla təqsirkar şəxslərin müəyyən olunmasının təmin edilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Xüsusi göstəriş verilib ki, Baş Prokurorluğun müvafiq qurumları qaz təchizatı sahəsində fəaliyyət göstərən və bu sahəyə dövlət nəzarətini həyata keçirən müvafiq icra strukturları və dövlət təsisatları ilə əlaqəli şəkildə, insanların ölümünə və xəsarət almasına, ölkə iqtisadiyyatına külli miqdarda ziyan dəyməsinə səbəb olan qaz partlayışları və dəm qazından zəhərlənmə hadisələrini doğuran səbəb və şəraitin aradan qaldırılması məqsədi ilə təxirəsalınmaz tədbirlərin görülməsi təmin edilsin.

Əməliyyat müşavirəsində hesabat dövrü ərzində görülmüş müsbət işlərlə yanaşı, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil və ciddi tənqid olunmaqla, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsi zamanı yol verilən nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görülməsi barədə konkret tapşırıqlar verilib.

Baş Prokurorluğun Təşkilat-analitik və Kadrlar idarələri, habelə digər struktur qurumların rəhbərlərindən tələb edilib ki, əməkdaşların fəaliyyətlərində aşkara çıxarılan neqativ təzahürlərə qarşı mübarizə xətti qətiyyətlə davam etdirilsin, xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi məsələlərində prinsipiallıq daha da artırılsın.

Müşavirədə prokurorluq orqanlarında informasiya kommunikasiya texnologiyalarının, o cümlədən “Elektron Sənəd Dövriyyəsi” və “Elektron Cinayət” İnformasiya proqramlarının tam fəaliyyət göstərməsi, bu sahədə həyata keçirilən işin səmərəliliyinin artırılması barədə tapşırıqlar verilib.

Eyni zamanda, 2014-cü il ərzində görülmüş işlərin vəziyyətinin ümumiləşdirilməklə nəticələrinin təsdiq edilmiş cədvələ uyğun olaraq, Baş Prokurorluğun idarə və şöbələrində müzakirələrin aparılması, habelə Baş Prokurorluğun geniş kollegiya iclasının keçirilməsinə hazırlıqla əlaqədar müvafiq tapşırıqlar verilib.

Əməliyyat müşavirəsinə yekun vuran Baş prokuror ümidvar olduğunu bildirmişdir ki, Azərbaycan Respublikası Prokurorluğunun kollektivi 2015-ci ildə də öz səlahiyyət hədləri daxilində Prezident İlham Əliyevin rəhbəliyi altında həyata keçirilən yeni məzmunlu siyasi tədbirlərin reallaşdırılmasında, digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə cinayətkardlığa qarşı mübarizənin gücləndirilməsində, dövlətçiliyimizin maraqlarının və insan hüquq və azadlıqlarının qorunmasında bütün zəruri tədbilərin görülməsini təmin edəcək.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.