Maliyyə İqtisad Kollecinin tələbələri aksiyaya hazırlaşır


Maliyyə İqtisad Kollecinin tələbələri aksiyaya hazırlaşır

Font ölçüsü

mali.jpg

Redaksiyamıza yeni daxil olmuş şikayət məktubunda Azərbaycan Maliyyə İqtisad Kollecinin bir qrup tələbəsi təhsil aldıqları bu müəssisədə rüşvət yığımlarının durmadan artdığını iddia edirlər.

Məlum olduğu kimi bu gün Maliyyə İqtisad Kollecində Mühasibat uçotu, Maliyyə işi, Bank işi, Vergi və Vergitutma, Sığorta, Statistika, Gömrük işi ixtisasları üzrə 1500 tələbə təhsil alır. Onların 1000 nəfəri əyani şöbədə, 500 nəfərə yaxın tələbə isə qiyabi şöbədə təhsil alır. Kollecdə 130 müəllim işləyir.

Aldığımız məlumatda isə bildirilir ki, kollecin şöbə müdiri Mehriban Məmmədova rəhbərliyin təlimatlarına istinad edərək, hazırlıq səviyyəsindən asılı olmayaraq bütün tələbələrdən hər imtahana görə 50 manat pul tələb edir.

Qeyd etmək lazımdır ki, əvvəllər də aldığımız bir çox digər məlumatlarda bu təhsil ocağının direktor Həmzə Ziyadov tərəfindən öz şəxsi biznesi kimi idarə olunduğu iddia olunurdu. Hətta bəzi mənbələrə görə direktor son imtahanlardan ümumilikdə yarım milyona qədər qazanc əldə edib.

Tələbələrin şikayətində bildirilir ki, son imtahanlar zamanı hər bir tələbədən 400 manat rüşvət yığılıb. 8 imtahan verən tələbələr hər bir imtahana görə 50 manat ödəyiblər və bu ödəniş məcburi xarakter dayşıyıb. İmtahan pulunu əvvəlcədən verməyən tələbələrə isə kollec direktorunun müavini Fəxrəddin Həsənov bildirib ki, əvvəlcədən ödəniş etməyən tələbələrin imtahanlardan hətta kafi qiymət almaları belə imkansızdır və bu barədə direktor Həmzə Ziyadovun birbaşa tapşırığı var.

Həmçinin məlumatlarda bildirilir ki, kollecdə yığılan pullar şöbə müdirləri tərəfindən toplanaraq Fəxrəddin Həsənova təslim edilir. Yalnız bundan sonra cəmlənən məbləğ artıq direktora çatdırılır. Bununla belə, bir müddət əvvəl aldığımız digər bir məlumatda Mehriban Məmmədovanın bəzi imkansız tələbələrə qarşı “ürəyiyananlıq” nümayiş etdirdiyi də xüsusi vurğulanmışdı.

Belə ki, həmin məlumata görə şöbə müdiri tələbələr üçün “borc dəftəri” tərtib edib. İmtahan pulunu əvvəlcədən verə bilməyən tələbələrin adları həmin dəftərə yazılır və hər bir adın qarşısına müddət qoyulur. Tələbələrə isə bildirilir ki, pulu qeyd olunan müddətdə çatdırmayanlar kollecdən qovulacaqlar. Qeyd etmək lazımdır ki, bəzi başqa mənbələr Maliyyə-İqtisad Kollecinin direktoru Həmzə Ziyadovun fəaliyyətini daha kəskin ifadələrlə tənqid edirlər.

Bu xüsusda kollec daxilində olan mənbələrdən biri tərəfindən mətbuata təqdim olunan məlumatda oxuyuruq: “Həmzə Ziyadov öz havadarlarının adından sui-istifadə etməklə əlindən pis nə gəlirsə, həyata keçirir. Onun rəhbərlik etdiyi kollecdəki rüşvət və korrupsiya halları, özbaşınalıqlar, maxinasiyalar, mənimsəmə faktları, dərsdənyayınmalar, biabırçı insidentlər, müəllim-direktor qarşıdurmaları, digər inzibati xətalar cəmiyyətin həmin kollecə olan marağını alt-üst edib.

Direktor fəaliyyətində özbaşınalıqlara geniş yer ayırmış Həmzə Ziyadovun kollec maxinasiyaları cəmiyyətdə ikrah hissi doğurub. Yaranmış qorxunc və təhlükəli vəziyyət təəssüf ki, onun vecinə deyil...”

Göründüyü kimi bu təhsil müəssisəsində istər imtahanların nəticələri, istərsə də kollecin ümumilikdə idarə olunması əməlli-başlı gəlir mənbəyinə çevrilmişdir. Məhz bu səbəbdən Maliyyə-İqtisad Kollecində tələbələrin təhsilə münasibəti son vaxtlar tamamilə dəyişib. Bu və ya digər fənn üzrə imtahandan yalnız pulla qiymət almağın mümkünlüyünü görən tələbələr təbii ki, dərslərə davamiyyətə də məhəl qoymurlar.

Məlumatlarda xüsusi olaraq vurğulanır ki, Həmzə Ziyadov yol verdiyi özbaşınalıqlara və qanun pozuntularına görə nə vaxtsa məsuliyyətə cəlb oluna biləcəyi ehtimalını ağlına belə gətirmir. Belə ki, onun hansısa nüfuzlu himayədarlarının səyləri nəticəsində kollec direktorunun törətdiyi əməllər hətta Təhsil Nazirliyinin diqqətindən də böyük məharətlə yayındırılır.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Bizim Dovr

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.