Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirilib


Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirilib

Font ölçüsü

abi1

13 fevral 2015-ci il tarixdə “Nərimanov rayonunun sosial-iqtisadi inkişafının 2014-cü ilin yekunları və qarşıda duran vəzifələr”ə həsr olunmuş Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirilib.

Tədbirdən öncə rayon rəhbərliyi və rəsmi qonaqlar İcra Hakimiyyətinin inzibati binasının foyesindəki Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyaraq Ulu Öndərin əziz və parlaq xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev hesabat məruzəsi ilə çıxış edərək cari ilin yanvar ayının 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının geniş nitq söyləyərək ölkəmizdə sosial-iqtisadi inkişafın bütün sahələrində əldə olunmuş nailiyyətlərə yekun vurduğunu və 2015-ci ildə qarşıda duran vəzifələri diqqətə çatdıraraq, həmin vəzifələrin həlli ilə bağlı öz dəyərli tapşırıq və göstərişlərini verdiyini bildirib.
A.Fərzəliyev Respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Bakı şəhərinin aparıcı rayonlarından olan Nərimanov rayonunun da hərtərəfli inkişafı üçün böyük işlər görüldüyünü və bu işlərin hazırda da uğurla davam etdirildiyini vurğulayıb.
Natiq qeyd edib ki, 2014-cü ilin yekunlarına görə rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin dinamik inkişafı davam etdirilib və bu müddət ərzində xidmətlər də daxil olmaqla 2 milyard 632,4 milyon manatlıq məhsul istehsal olunub, keçən ilin müvafiq dövrünə nisbətən 35 faiz artım əldə edilib. İstehlakçılara 2 milyard 626,8 milyon manatlıq və ya bütün sənaye məhsulunun 99,8 faizi qədər sənaye məhsulu göndərilmişdir. İstehsal olunmuş sənaye məhsulunun həcmində dövlət sektorunun xüsusi çəkisi 84,7 faiz təşkil edilib. Yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin bərpa edilməsi nəticəsində 4206 daimi iş yerləri yaradılıb.
Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2014-cü il yanvarın 7-də respublikanın ən iri səhiyyə müəssisəsi olan Bakı Sağlamlıq Mərkəzinin təntənəli açılışında iştirak edib, 7 mart 2014-cü il tarixdə Nərimanov rayonunda inşası davam etdirilən bir sıra yol qovşaqlarında və yol ötürücülərində tikinti işlərinin gedişatı ilə tanış olub, 29 may 2014-cü il tarixdə Respublika İdman Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunun açılış mərasimində iştirak edib, 24 iyul 2014-cü il tarixdə isə Ak.Həsən Əliyev küçəsi ilə Z.Bünyadov prospekti-Bakı Olimpiya Stadionu avtomobil yolunu birinci hissəsində həyata keçirilən tikinti işlərinin, 25 noyabr 2014-cü il tarixdə 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıqla bağlı Bakı Olimpiya Stadionunun ətraf ərazilərində, mərkəzi küçə və prospektlərdə həyata keçirilən abadlıq və quruculuq işlərinin, yol və nəqliyyat infrastrukturunun yaradılması istiqamətində görülən işlərin gedişi ilə tanış olub, 23 dekabr 2014-cü il tarixdə Ziya Bünyadov prospektinin yenidən qurulmasından sonra açılışında, 29 dekabr 2014-cü il tarixdə isə Koroğlu Rəhimov küçəsində yeni salınan istirahət parkının və yeraltı avtomobil dayanacağının açılışlarında iştirak edib.
Tədbirdə digər çıxış edənlər rayonda geniş vüsət alan abadlıq-quruculuq işləri barədə öz fikirlərini bildirərək, rayon sakinlərinin problemlərinin həlli istiqamətində görülən işlərdən məmnunluq ifadə ediblər. Onlar dövlətimizin başçısının rəhbərliyi altında ölkə həyatının bütün sahələrində əldə edilmiş nailiyyətləri diqqətə çatdırıb və Nərimanov rayonunda hesabat ilində görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliklərini bildiriblər.
Hesabat iclasının yekununda A.Fərzəliyev Nərimanov rayonunun sosial–iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində 2014-cü ildə çox böyük işlərin görüldüyünü və hazırda bu istiqamətdə həyata keçirilən tədbirlərin uğurla davam etdirildiyini nəzərə çatdırıb, eyni zamanda, 2015-ci il üçün nəzərdə tutulmuş bütün tədbirlərin vaxtında və yüksək səviyyədə yerinə yetiriləcəyinə əminlik ifadə edib.
İclasda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev və Milli Məclisin deputatı Rasim Musabəyov iştirak ediblər.
Sonda rayonun sosial-iqtisadi və ictimai-mədəni həyatında fərqlənən şəxslərə Rayon İcra Hakimiyyətinin fəxri fərman və hədiyyələri təqdim olunub.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.