Zahid Oruc icra başçılarını "topa" tutdu


Zahid Oruc icra başçılarını "topa" tutdu

Font ölçüsü

zahid.jpg

Zahid Oruc: “İcra başçıları kabinetdə oturmamalı, daim insanlarla təmasda olmalı, qapısını açıq saxlamalıdır...”

Fevralın 20-də məhkəmə qərarı ilə azadlığa buraxılan Lamiyə Quliyevanın məsələsi Aslan Aslanovun timsalında icra başçılarının qanunsuz əməllərini yenidən gündəmə gətirdi. İndiyə qədər üzə çıxarılan bir sıra icra başçılarının etdiyi əməlləri təzədən xatırlatmağı lüzum bildik. İlk olaraq, Aslan Aslanovdan başlayaq. Bu “qoçu” məmurun Şəmkirdə etdiyi özbaşınalıqlar sözün həqiqi mənasında insana orta feodalizm dövrünü xatırladır. Qədim bir kəndin adını dəyişdirib Əliyaqublular (atasının adı) qoyması, oğlu Ruslanı qətlə yetirən 15 yaşlı Lamiyə və nişanlısı Vüqarın, eləcə də, onların ailələrinin başına gətirdikləri bir azərbaycanlı məmurun dəhşət doğuran əməlləridir.

2012-ci ilin martında Quba və 2013-cü ilin yanvarında İsmayıllıda icra hakimiyyəti başçılarının özbaşınalıqlarına etiraz olaraq, baş verən xalq üsyanları, eləcə də, yanvarın 28-də nəqliyyat naziri Ziya Məmmədovun yaxın qohumu Mansur Məmmədovun vəzifəsindən azad olunmasını göyçaylıların atəşfəşanlıqla qeyd etmələri də bu qəbildəndir.

İqtidaryönlü deputat Zahid Oruc hesab edir ki, icra başçıları məsələsi göründüyündən sadə deyil: “Etiraf etmək lazımdır ki, bu sadə məsələ deyil. Çünki dövlət idarəetmə sistemində ali icra hakimiyyəti orqanlarının üstün hüquqları təsbit olunub. İcra başçılarının yüz minlərlə insanın üzərində qərar vermək səlahiyyətləri var. Bu üzdən icra başçıları vətəndaşların daha çox müraciət etdikləri orqanlardan birinə çevriliblər. Bu səbəbdən onlar daim ümumxalq müzakirəsi altındadırlar. İcra başçılarının fəaliyyətləri daim təftiş olunur və olunacaq da.”

Z.Oruc kifayət qədər yaxşı işləyən icra başçılarının olduğunu da qeyd etdi: “Yetərincə yaxşı işləyən icra başçıları da var. Onların media, cəmiyyət institutları, mərkəzdə çalışan mətbuat orqanları ilə əlaqələri zəifdir. Bu baxımdan onların fəaliyyəti neqativ pəncərədən analiz olunur. Biz icra başçılarının səlahiyyətlərin azaldılmasına gedəriksə, nəyə nail olarıq? Bu köklü dəyişikliyə səbəb olacaqmı? Məhz indiki dövrün vəzifəsidirmi bu? Məsələ ətrafında daim polemikalar aparılır. Bu gün də ilkin bir fikrə gəlmək çox çətindir. Gələcəkdə bu yöndə islahatlar gedəcək. İcra başçılarında evi yanmış, veteran olmuş, müəyyən problemləri olan insanlar müəyyən tələblərdə bulunurlar. İcra başçıları kabinetdə oturmamalı, əyalətlərə çıxmalı, daim insanlarla təmasda olmalı, qapısını açıq saxlamalı, komandası çevik işləməli, problemləri ictimailəşdirməlidir. Kimsə özündə əlahiddə bir güc, qədimdən gələn fironluq hissi daşımamalıdır. Dövlət başçısı da daim onlardan bunu tələb edir. Kimsə özünü mühakimədən kənar üstün səlahiyyətlərə malik sayırsa, mənə elə gəlir ki, hamının iradəsinə qarşı gedəcək və vəzifəsini itirəcək”.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.