Goranboyda intihar poliqonu-ŞOK


Goranboyda intihar poliqonu-ŞOK

Font ölçüsü

gor.jpg

Son dövrlər ölkədə intihar hallarının artması demək olar ki, «normaya» çevrilib.

Bəziləri bankdan kredit götürüb geri qaytara bilmədiyinə, bəziləri sevdiyi qıza, bəziləri üzləşdiyi problemlərə, bəziləri də yaşadığı sıxıntılardan dolayı bu addımı atır. Amma bəzi intihar hadisələri də var ki, onlar kifayət qədər müəmmalıdır.
Müəmmalı intiharlar sırasında Goranboy rayonunun adının hallanması isə daha çox diqqəti çəkir. Və işin ən qəribə tərəfi də odur ki, bütün bu özünəqəsdlərdə yerli İcra Hakimiyyəti məmurları və ya başçısının adı hallanır.

Baş həkim intihar edib, yoxsa öldürülüb?

Bir neçə il bundan əvvəl Goranboy rayonunda Mərkəzi Xəstəxananın baş həkimi Faiq Abdullayevin özünə qəsd etdiyi xəbəri yayılmışdı. Onun iş yerində özünü 3-cü mərtəbədən atdığı deyilirdi. Lakin sonradan mərhum baş həkimin həyat yoldaşı Gülnarə Abdullayeva bütün deyilənləri yalanlayaraq, ərinə qarşı sui-qəsd olduğunu bildirmişdi. Xanım Abdullayeva mətbuata verdiyi açıqlamasında bildirirdi ki, bu hadisəni intihar kimi qəbul etmir. «Faiqi öldürüblər. Guya ki, özünü 3-cü mərtəbədən atıb. Həmin yerin altı betondu, üstünü mamır, torpaq örtüb. Bu adam özünü aşağı atıbsa, niyə başında, qolunda, qıçında bir sınıq yoxdu? Üzündə nə bir dənə sıyıq var, nə cızıq, nə bir qan izi. Nə şalvarında, paltarında torpaq, qan var. Qolundakı saat niyə qırılmayıb? Heç olmasa üst-başında palçıq olardı da. Onu boynundan sıxıb öldürüblər. Üzü qibləyə də uzadıblar. Intihar edibsə, bunun səbəbləri olmalıdır. Dəli deyil, 18 yaşı yoxdur, müharibədə iştirak etmiş, bərkə-boşa düşmüş, kasıbçılıq görmüş adamdır. Necə oldu ki, intihar edib? Prokurora dedim ki, intihar edibsə, səbəbi olmalıdır, uşaq deyil ki. Rəis də gəlib dedi ki, Faiq həkim həmin gün xəstəlik kağızı yazıb. Əgər başı pozulubdursa, niyə Gəncəyə xəstə göndərir, təcili yardıma 20 manat pul verir?!
Baş həkim Rüstəm Budaqov deyir ki, onun ağlı çaşıb. Əgər onun ağlı çaşmışdısa, bu, cərrah idi, yazardın ki, bunun ağlı yerində deyil, işləməyə qoymuram. Əgər intihar edibsə, uşaqlar ona alan saat niyə qırılmayıb, cızılmayıb?! Bəs bunun telefonu niyə cibində olmayıb?! Şüşə qırılıbsa, niyə çölə tökülməyib?! Şüşə qırıqları hamısı içəridə, dəhlizdəydi».
Gülnarə Abdullayeva ərinin ölümündə icra başçısı Nizaməddin Quliyevi də günahkar görür. O iddia edir ki, Goranboyun icra başçısı Faiq Abdullayevdən külli miqdarda pul tələb edib. Onun sözlərinə görə, həmin pulu vermədiyi üçün icra başçısı tərəfindən gözümçıxdıya da salınıb. «Mən Nizaməddin Quliyevin üzünə dedim ki, ərimi o öldütdürüb. Faiqin boyununu sındırıb, sonra da intihar kimi qeyd elədilər».

Musiqi məktəbənin direktorunun yazdığı son məktubda kimlərin adı olub?

Azerinews.tv-nin araşdırmaları zamanı belə məlum olub ki, Goranboyda müəmmalı intihar olaylarından daha birinin üzəri hələ də açılmayıb. Belə ki, bir müddət əvvəl rayonun Dəlməmmədli şəhərində fəaliyyət göstərən uşaq musiqi məktəbinin direktoru özünü güllələyib. 1945-ci il təvəllüdlü Məmişov Yolçu Məmiş oğlu borcu olduğu üçün özünə qəsd edib.
Qeyd edək ki, intihar edən məktəb direktoru ölümündən əvvəl məktub yazıb. Onun yazdığı məktub isə polis tərəfindən araşdırılır. Azerinews.tv-yə daxil olan məlumatda deyilir ki, mərhum ölümündən əvvəl yazdığı məktubunda onu borca salanların 3 nəfər olduğunu qeyd edib. Rayondakı mənbələrdən daxil olan məlumata görə, Yolçu Məmişovun 69 min manat borcu olub və həmin pulların da rəsmi adamlar tərəfindən ondan istənildiyi deyilir. Məlumatlrda İddia olunur ki, bu pulun böyük bir qismini məktəb direktorundan Goranboy rayon Mədəniyyət və Turzim şöbəsinin müdiri Gündüz Hacıyev müxtəlif adlar altında alıb. Qeyd edilir ki, Gündüz Hacıyevin bu puldan 10 min manata qədərini rayonda su xəttinin çəkilməsi üçün lazım olduğunu deyərək, mərhum direktordan istəyib. Həmin pulu isə icra başçısına verəcəyini bildirib.
O da iddia edilir ki, məktubda yazılmış digər iki nəfərin adı qəti şəkildə açıqlanmır. Daha doğrusu, mərhumun ailəsindən tələb olunub ki, bu barədə heç bir açıqlama verilməsin. Lakin gəzən söhbətlərə görə, məktəb direktorunun intihar etməsində adı hallananlardan biri də elə icra başçısının özüdür. İddiaya görə, Nizaməddin Quliyevin mütəmadi olaraq ondan pul tələb etməsi Yolçu Məmişovun külli miqdarda borca düşməsinə gətirib çıxarıb.

Bəs, Qarabağ qazisi niyə intihar etdi?

Bu ilin əvvəlində Goranboyda qalmaqala səbəb olmuş daha bir intihar olayı yaşanmışdı. Azerinews.tv xəbər verir ki, Qarabağ qazisi olan Bəxtiyar Həsənov özünü rayondakı müharibə veteranları üçün tikilmiş binanın 5-ci mərtəbəsindən aşağı atıb. Qarabağ əlili hadisə yerindəcə keçinib.
Rayonda dolaşan məlumata görə, intihar edən Bəxtiyar ölümündən az əvvəl Goranboy rayon icra başçısı Nizaməddin Quliyevin qəbulunda olub. Qəbul zamanı Qarabağ qazisinin təhqir edildiyi iddia olunur. Bundan narahat və özünü təhqirolunmuş hesab edən Bəxtiyar intihara əl atıb. Sonradan o da məlum olub ki, özünü öldürən Qarabağ qazisinin həyat yoldaşı Goranboydakı müsiqi məktəblərindən birinin direktoru işləyir.
Hadisə baş verən gün, səhər saatlarında rayon icra başçısının sabiq müavini Baxış Abdullayev qazinin müdir işləyən həyat yoldaşını yanına çağıraraq ondan 5000 manat pul istəyib. Səbəb kimi isə, rayonda abadlıq-quruculuq işlərinin aparılması üçün pul lazım olduğu göstərilib. Baxış Abdullayev bildirib ki, tapşırıq icra başçısı Nizaməddin Quliyev tərəfindən verilib.
Bu qədər pulu düzəldib verə bilməyəcəyini görən xanim direktor baş verənləri həyat yoldaşı Bəxtiyara danışıb və onu icra başçısı ilə görüşə göndərib. İcra başçısı Nizaməddin Quliyevlə görüşən Bəxtiyar onlarda bu qədər pulun olmadığını deyib. Lakin icra başçısı onu təhqir edərək otaqdan qovub. Nəticədə də, Qarabağ qazisi olan Bəxtiyar özünü binanın 5-ci mərtəbəsindən ataraq öldürüb.
P.S. Bu sadaladıqlarımız Goranboyda baş verən intihar olaylarının sadəcə, bir qismidir. Onların sayının onlarla olduğunu elə rəsmi statistikadan da görmək mümkündür. Bizə maraqlı olan məqam isə odur ki, əksər intiharlarda niyə icra başçısı Nizaməddin Quliyevin adının hallanmasıdır. Bir icra başçısının səbəbsiz yerə belə cinayətlərdə adının hallanması heç də xoşagələn hal deyil. Üstəlik, bu olaylar Goranboy rayonu haqqında mənfi imicin formalaşmasına gətirib çıxarıb. Və belə bir deyim də formalaşdırıb: İNTİHAR POLİQONU…
Qarşı tərəfi də dinləməyə hazırıq.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.