Ağcabədidə insanlar sosial problemlər içində boğulur


Ağcabədidə insanlar sosial problemlər içində boğulur

Font ölçüsü

cebe.jpg

Məşhur Qabusnamə kitabında şah öz oğluna belə bir nəsihət verir:ey oğul,ağıllı ol,öz əcdadının qədrini bil,nanəcibliyə yol vermə.

Hərçənd mən səndə yaxşılıq əlamətləri və xoşbəxtlik nişanələri görürəm,lakin bu sözləri təkrar etməyi lazım bilirəm. Ey oğul,bil və ağah ol, mənim getməyim yaxındır, sənin də mənim dalımca gəlməyin o qədər uzaq deyildir. Ona görə nə qədər ki,sağsan,gərək iş görüb fəaliyyət göstərəsən, bəlkə, beləliklə, əbədilik qazanasan. Əbədilik müvəqqətilikdən üstündür. Əbədiliyi isə yalnız bu dünyada qazanmaq olar.

Ağcabədidə insanlar niyə narazıdır?

Söhbət açacağımız məkan Ofşar kəndi və orada insanlara yaradılan süni problemlərlə bağlıdır. Görünür şahın öz oğluna ağıllı ol, öz əcdadının qədrini bil,nanəcibliyə yol vermə nəsihətinə buralarda məmurlar əməl etmək istəmirlər. Çünki onlarda nəinki ağıl,intellekt var, heç nəcib xüsusiyyət və əməllərə də malik deyillər. Bu üzdən onlar öz camaatına qarşı nanəcibliyə yol verirlər. Məntiq deyir ki,bu yolu üstün tutanları məhz böyüklərinin və əcdadlarının qədrini bilməyənlər silsiləsinə aid etmək olar. Ofşar kənd sakini Cəsarət Məmişovun söylədikləri:

Bizləri kənd icra nümayəndəsi dərdimizi gedib demək üçün Ağcabədi rayon icra hakimiyyətinə buraxmırlar. Məndən ünvanlı sosial yardıma görə rüşvət istəyirlər. İcra nümayəndəsi Vaqif Kazımov deyir ki,bu şərtlə sənə ünvanlı yardım verə bilərəm ki, 6 ay öncədən biz pulu alacağıq, sonra yerdə qalan 6 ayı da sən alacaqsan. Nümayəndə öz dili ilə söyləyir ki, bunun 2 ayı mənə çatır, qalan 4 ayı mərkəzin direktoru Əbülfət Qasımova.Onda belə çıxır kı, bu iki məmur qanunsuz əməllərini həyata keçirmək üçün əlbir hərəkət edirlər. Maraqlısı budur ki,rayona,əhalinin sosial inkişafı və müdafiəsi mərkəzinə gedirik, orada da işçilər deyir ki, elə bilirsiniz sizlərdən aldığımızı tək özümüz yeyirik? Sizlərdən alınan pulların çox hissəsi icra başçısına çatır. Bilmirəm onların bu dediklərində nə qədər həqiqət var ya yoxdur. Ancaq bildiyim,gördüyüm budur ki, kəndimiz Ofşarda villası, bahalı komfortlu avtomobili olanlar ünvanlı yardım alır. Çünki onlar icra nümayəndəsinə bəri başdan rüşvət verdiklərini bildirirlər.Mənim iki azyaşlı övladım var,balaca bir otaqlı evdə yaşayıram, buna ev demək olmaz. Həyətimdə heç nəyim malım, qoyunum, toyuğum belə yoxdur. Nə özüm,nə də yoldaşım heç yerdə işləmirik. Necə olur ki,bizə ünvanlı yardım düşmür,ancaq bahalı avtomobilləri olan, villası olan, 1000 baş mal qoyunu olanlara yardım düşür. Belə ədalətsizlik, allahsızlıq olmaz da,axı biz də insanıq,məcbur eləməsinlər ki, başqa yollara əl ataq. İnsaf da yaxşı şeydir.

Bu ölkədə qanunlar nə vaxt işləyəcək?

Ofşar sakini şikayətçi Mahir Məmişovun dedikləri: Mənim əlli (50) yaşım var dörd (4) övladım var.Heç yerdə iş güc tapa bilmirəm. Çox acınacaqlı vəziyyətdə yaşayıram. Əksər yerlərdə də bildirirlər ki, yaşınız çox olduğu üçün işə yaramırsınız. Yaxşı onda biz acından ölməliyik? Belə anormal qayda heç bir ölkədə yoxdur. Mən bilmək istəyirəm ki, Azərbaycan dövləti ünvanlı sosial yardımı villası, bahalı avtomobilləri olan milyonerlərə verir,yoxsa kasıb, heç bir imkanı olmayanlara? Nəinki Ofşarda,Ağcabədidə yardımları ancaq imkanlı şəxslər alır. Ona görə də müdür Əbülfət Qasımovun milyonları, qaz, benzin zaprafkaları,ticarət obyektləri var. Biz nə alver eləmək istəmirik.Nə bahalı avtomobil almaq istəmirik, nə də villa tikmək istəmirik. Biz sadəcə insan kimi yaşamaq istəyirik. Heç olmasa dövlətin ayırdığı bu yardımdan azacıq da olsa biz kasıblara da pay düşməsini istəyirik. İş güc olsa,iş yeri olsa bunu da istəmərik. Axı heç yerdə iş yoxdur. Evimizə qara qəpik girmirsə necə dolana bilərik? Xahiş edirəm bu özbaşnalıqlara son qoyulsun. Bütün bu özbaşnalıqları yerli məmurlar yaradırlar.

On beş nəfərlik ailə bir damın altında.

Ofşar kəndində Qarayevlər deyilən bir ailə yaşayır. Bu ailə on beş (15) ailə üzvündən ibarətdir. Çox kasıb vəziyyətdə dolanırlar. İmkansızlıqdan ailə bütünlüklə ata evində yaşayır. Ailə üzvləri bildirir ki,böyüklər hamılıqla iş güc tapmaq üçün səfərbər olublar,ancaq heç yerdə iş tapa bilmirlər. Təsadüfən kiməsə daş qalamaq,həyət belləmək,uçmuş bir hasar təmir etmək lazım olarsa onda həyat onların üzünə gülür. Yoxsa quru çörək almağa belə çətinlik çəkirlər. Dəfələrlə ünvanlı yardım almaq üçün rayonda mərkəzə və kənd icra nümayəndəsinə müraciət etmişik. Bəri başdan rüşvət istəyiblər,sonra isə deyirlər ki,sizə düşmür. İcra nümayəndəsi bu vəzifəyə gəldikdən sonra az müddətdə belə pullar hesabına varlandı,indi heç kimi saya salmır. Deyir burda mən,Bağdadda kor xəlifə. Xahiş edirik dərdimizə əlac qılın.

Mövzuda adı çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Elçin İsmayıllı

Dosye.org

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.