“Azərbaycanı vurun əmri verilib”- Zahid Oruc


“Azərbaycanı vurun əmri verilib”- Zahid Oruc

Font ölçüsü

za.jpg

İlk dəfə ölkəmizdə keçiriləcək Avropa Oyunlarına sayılı günlər qaldıqca, bu idman tədbiri ətrafında müzakirələr daha da artır.

Oyunların ölkəmiz və dünya idman tarixi üçün böyük əhəmiyyəti olduğunu deyənlərlə yanaşı, tənqidi fikirlər səsləndirənlər də olur. Xüsusilə Avropanın bir sıra tanınmış media orqanlarında Azərbaycanda insan haqlarının durumunun ağır olduğu, siyasi məhbusların çoxluğu qeyd olunan yazılar intensivləşir.

Həmin nəşrlərdə Avropa ölkələrinə oyunların boykot edilməsi ilə bağlı çağırışlar edilir. Azərbaycanın daxilində bir sıra müxalif siyasətçilər isə bildirir ki, bu cür çağırışların zərərsizləşdirilməsi, həmin çağırışları edənləri arqumentsiz qoymaq üçün iqtidar ilk növbədə siyasi məhbus sayılan şəxsləri azad etməlidir.

Bəs siyasi məhbuslar azad edilərsə, həqiqətənmi tənqidlər, boykot çağırışları dayanacaq?

Deputat Zahid Oruc “Yeni Müsavat”a bildirib ki, ən böyük münsif zamandır. Həmin maraq qruplarının nə istədiklərini, kimlər tərəfindən təşkilatlandıqlarını və anti-Azərbaycan şəbəkəsi kimi formalaşdıqlarını real nəzərlərlə bir müddət keçdikdən sonra görmək mümkün olur. Lakin indinin özündə də beynəlxalq siyasi atmosferdə nə qədər duman olsa da, Azərbaycan əleyhinə formalaşmış qüvvələrin yerini, miqyasını, yürütdükləri siyasəti, onların dövriyyəsinə çıxarılmış arqument bazalarının mənbələrini təyin eləmək o qədər də çətin deyil: “Yəni bir sıra nüfuzlu nəşrlər Azərbaycanda konkret istiqamətləri vururlar. Onların baza arqumentləri müxtəlif təhlükəsizlik orqanlarının mətbəxlərində hazırlanır və Azərbaycan əleyhinə yazmaq mükafatlandırılır. Bu, böyük bir biznes layihəsidir və təkcə olimpiya oyunlarına da indekslənməyib. Mahiyyətcə bu gün onunla pərdələnib ki, guya bizim xalqın qayğısına qalıb hansısa xarici idmançıya Azərbaycan büdcəsindən vəsaitin getməsindən çox narahatdırlar.

O cümlədən hansısa konkret məhbusa yönəlik belə bir savaş aparılır. Belə demək mümkündürsə, Avropa Oyunlarının kənarında böyük bir oyunlar düzənlənib və orada münsif də yoxdur. Ona görə də o oyunun qalibi olmaq da elə asan deyil. Avropa mediasında haqqında söhbət gedən yazılarla biz də tanışıq və onlar Avropa Oyunlarının kontekstində bütün siyasi sistemi, iqtisadi siyasətimizi, ölkənin ümumi daxili həyatında vətəndaş-dövlət münasibətlərini geniş bir çeşiddə təhlil edirlər və qiymətləndirmələrlə məşğuldurlar.

Bəzilərinin dediyi kimi, həqiqətən də bütün beynəlxalq dairələri, Azərbaycana qarşı olanları arqumentsiz qoymaq üçün ən azı, məsələn, indi həbsdə olan şəxslərlə bağlı müəyyən qərarlar verilə bilər. Mən obrazlı olaraq bunu parlamentdə də söylədim, yenə də sizinlə bölüşürəm ki, əgər bütün həbsxanalarımızın hamısı bir qərarla boş da qalsa, siyasi qüvvələrlə arasında çox yaxşı siyasi polemikalar da düzənlənsə, vətəndaş-dövlət münasibətləri indikindən daha fərqli bir səviyyədə qurulsa belə, Azərbaycana qarşı təzyiq üçün yeni-yeni məsələlər tapılacaq. Müxtəlif adlarla yenə də anti-Azərbaycan qara lövhələri, sanksiya çağırışları, boykot iddiaları ortaya atılacaq”.

Deputat xatırladıb ki, 1980-ci ildə SSRİ-də keçirilən olimpiadaya da eyni münasibət bəslənmişdi. Səbəb də çox sadədir: “Axı bunu hesablayırlar ki, bir ölkə müəyyən mənada özünü dünyaya daha geniş şəkildə çıxara bilir, Azərbaycanın dünya teleməkanında təqdimatları gedir. Düşünürlər oyunlar bir ölkənin təqdimatı üçün çox yaxşı bir layihədir. O yazıları yazdıranlar Azərbaycanın Avropa oyunlarından qazanmasına qarşı olan qüvvələrdir. Ona görə də bizim müxalifət, daxili qüvvələr də fərqində olmalıdırlar ki, bu, hakimiyyətlə aparılan savaş deyil, bütövlükdə hədəf Azərbaycandır. Təyin eləmək çox çətindir ki, bu gün hansı paytaxtlardan ”Azərbaycanı vurun" əmri verilib. Ancaq bu mübarizədən əminəm ki, Azərbaycan uğurla çıxacaq".

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.