Piriyevlərin bazarı bağlandı


Piriyevlərin bazarı bağlandı

Font ölçüsü

bazar.jpg

Rusiyanın “Rose Group” şirkəti Britaniyanın keçmiş baş naziri Toni Bleyeri Bakıya gətirən iş adamları kimi məşhurlaşan azərbaycanlı oliqarxlar - ata və oğul Piriyevlərin “PNN Group” şirkəti ilə tərəfdaşlığa son qoyub.

Virtualaz.org saytı Rusiyanın biznes çevrələrinə istinadən xəbər verir ki, “Vneşekonombank”ın mülkiyyətində olan “Rose Group” Moskvann “Tsvetnoy” univermağında yerləşən qastranomiya bazarının idarə edilməsinə dair “PNN Group” şirkəti ilə bağladığı müqaviləni dayandırıb.

“Developer” şirkət bu daşınmaz əmlakın idarəedilməsi hüququnu “Malina Management Solitions” şirkətinə həvalə edib. Sahəsi 4 min kvadratmetrə yaxın olan fudmarketin - ərzaq və kənd təsərrüfatı məhsullarının satışı mərkəzinin yenilənməsinə 11 milyon dollardan çox investisiya tələb oluna bilər.

Univermağın 5-ci və 6-cı mərtəbələrini əhatə edən qastranomik zonanın operatorunun dəyişdirildiyini “Rose Group”un - daşınmaz əmlakın mülkiyyətçisinin nümayəndəsi “Kommersant”a təsdiqləyib.

Şirkətdən bildiriblər ki, Azərbaycanın “PNN Group” şirkətinin yerinə ticarət sahəsinin icarəsini “Malina Management Solitions” (Moskva) şirkəti üzərinə götürüb. Şirkətlə icarə müqaviləsi artıq bağlanıb. Ticarət sahəsində şirkət fermer və idxal məhsullarının satışı bazarını açmalıdır.

Müştərilərin istəyi ilə orada satılan məhsullardan yemək də hazırlanacaq, ticarət sahəsində ekoloji təmiz məhsullarla işləyən iki restoran da fəaliyyət göstərəcək.

“Rose Group” şirkrəti 1993-ci ildə Boris Kuzints tərəfindən yaradılıb. Portfelində 15 developer layihəsi var. 2013-cü ilin yekunlarına görə daşınmaz əmlakın icarəyə verilməsindən 24.3 milyon dollar gəlir əldə edib. Hazırda şirkətin əsas sahibi “Vneşekonombank”dır. Bank “Direct Finance LLC” şirkəti üzərindən “Rose Group”un səhmlərinin 73 faizinə nəzarət edir.

“Tsvetnoy” ticarət mərkəzi isə 2010-cu ildə açılıb. Orada “Fermer bazarı” açmaq layihəsi əvvəlcə restoran holdinqi “Ginza Project”ə məxsus olub. Şirkət Moskvada Madridin “Mercado San Miguel” fermer bazarının analoqunu açmaq istəyirdi. Lakin 2012-ci ildə layihəni “PNN Group” alıb və adı dəyişdirilərək “Bazar” olub.

Piriyevlərin şirkəti əvvəlcə “Tsvetnoy” ticarət mərkəzini bütövlükdə “Rose Group”dan satın almaq istəyirdi, ancaq sövdələşmə baş tutmayıb.

“PNN Group” Azərbaycanda 2013-cü ildə yaradılıb. Onun sahibləri Nəsib Piriyev və oğlu Nizami Piriyevdir. Şirkətin əsas aktivləri arasında Qaradağda yerləşən “AzMeCo” metanol zavodu yer alır. Britaniyanın keçmiş baş naziri Toni Bleyer də bu zavodun təməlqoyma mərasiminə dəvət edilmişdi və mərasimdə iştirak üçün ona yüksək qonorar ödənilmişdi.

Həmçinin “PNN Group”un Azərbaycanda, Rusiyada, Ukraynada digər çoxsaylı aktivləri, o cümlədən restoran və brend geyimlər satışı biznesi var. Şirkət Britaniyanın “Superdry” dəbli geyimlər operatorunun Rusiyadakı təmsilçisidir.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.