CƏLİLABADDA BİRİNCİ RÜBÜN YEKUNLARINA HƏSR OLUNMUŞ ŞURA İCLASI KEÇİRİLDİ


CƏLİLABADDA BİRİNCİ RÜBÜN YEKUNLARINA HƏSR OLUNMUŞ ŞURA İCLASI KEÇİRİLDİ

Font ölçüsü

ted12.jpg

Dosye.org xəbər verir ki, aprelin 17-də  Cəlilabad Rayon İcra Hakimiyyətinin iclas zalında Cəlilabad RİH-in  başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirildi.

Şura iclasında “2015-cü ilin 3 ayı ərzində Cəlilabad rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin cari ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasındakı çıxışından irəli gələn vəzifələr barədə hesabat” müzakirə edildi.

2015-ci ilin birinci rübü Cəlilabad rayonu üçün də əlamətdar olmuşdur. Həmişə olduğu kimi,  abadlıq və tikinti-quruculuq işləri rayon icra hakimiyyətinin fəaliyyətində əsas yerlərdən birini tutmuşdur. Birmənalı şəkildə demək olar ki, indi rayonumuz əsl tikinti meydançasını xatırladır.

Tikintisinə keçən ildən başlanan Cəlilabad şəhərində yeni Heydər Əliyev Mərkəzinin, rayon prokurorluğunun, Lənkəran hərbi prokurorluğunun və rayon kənd təsərrüfatı idarəsinin inzibati binalarının, Göytəpə şəhərində Ulu Öndərin heykəlinin ucaldılacağı Heydər Əliyev parkının, mədəniyyət mərkəzinin və idman kompleksinin tikintisi sürətlə davam etdirilir.

Eyni zamanda Ələt-Astara magistral yolunun Göytəpə şəhər, Alar, Qarazəncir və Muğan kəndlərinin ərazisindən keçən hissəsində uzunluğu 23 kilometr olan 55,2 min kvadratmetrlik dekorativ hasarlar yenidən qurulmuş, vətəndaşlara məxsus 500-dən çox darvazalar eyni formalı və müasir görkəmli darvazalarla əvəz edilmiş, yeni bardurlar düzülmüş, xaricdən gətirilmiş 300-ə qədər işıqlandırma dirəkləri quraşdırılmışdır.

Bundan əlavə, Cəlilabad şəhərində Heydər Əliyev prospekti yenidən qurulur,prospektə 30 min kvadratmetr tamet döşənir,20 min metr kabel çəkilir.Həmçinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə hər biri 100 yerlik  3 üşaq bağçası-körpələr evi, Göytəpə şəhərində 69 saylı Cəlilabad-Masallı-Biləsuvar dairə seçki komissiyası üçün yeni inzibati bina və parkın tikintisi ilə əlaqədar sökülən ikimərtəbəli mənzilin əvəzinə yeni yaşayış  binası tikilir.

Abadlıq və quruculuq sahəsində görülən bütün işlər daxili imkanlar hesabınadır.Azərbaycan Hökuməti və Dünya Bankının maliyyə vəsaiti hesabına “Akkord” Şirkəti tərəfindən Cəlilabad şəhərinin küçələrində indiyədək 70,9 kilometr kanalizasiya, 71,3 kilometr  su xətti çəkilmiş, 278  siyirtmə, 2339  su bağlantısı, 1722 kanalizasiya lükü, 3931 kanalizasiya birləşməsi və  yanğın zamanı istifadə olunmaqdan ötrü 336 hidrant quraşdırılmışdır Hazırda bu istiqamətdə iş aparılır.

Birinci rübdə də rayon iqtisadiyyatının əsasını təşkil edən aqrar bölmənin inkişafı diqqət mərkəzində saxlanılmışdır. Havaların əlverişsiz keçməsinə baxmayaraq 7122 hektar sahədə yazlıq əkin aparılmışdır ki, onun da 3900 hektarı kartof, 1900 hektarı noxud, 900 hektarı vələmir, 295 hektarı mərci, 102 hektarı tərəvəz, 13 hektarı  günəbaxan, 12 hektarı isə bostan məhsullarıdır.

 Rayonda üzüm sahələrinin miqyası genişləndirilmiş, üzüm sahələri 1500 hektara çatdırılmışdır. Əməktutumlu sahənin əhəmiyyəti barədə əhali arasında müntəzəm maarifləndirmə işləri aparılır.Heyvandarlığın inkişafı məqsədilə mal-qaranın cins tərkibi yaxşılaşdırılmış, şəxsi  təsərrüfatlarda qara malın sayı 99269 başa, davarların sayı isə 122693 başa çatdırılmışdır. Birinci rübdə 4380 ton ət, 13170 ton süd,   3 milyon 120 min   ədəd yumurta istehsal edilmişdir.  

 Cəlilabad regional gübrə bazası tərəfindən istehsalçılara güzəştli şərtlərlə 1385 ton azot, 440 ton qarışıq mürəkkəb gübrələr satılmışdır.  Hazırda gübrə satışı davam edir.Rayonumuzda da pilot təsərrüfatlarının yaradılması istiqamətlərində də müəyyən işlər görülmüşdür.

Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 aprel 2013-cü il tarixli  645 nömrəli sərəncamına əsasən rayonun Günəşli kəndində yerləşən “Moskva” dövlət toxumçuluq müəssisəsinin 1300 hektarlıq ərazisində iri taxılçılıq təsərrüfatı yaradılmışdır. Hazırda təsərrüfatda müasir suvarma sistemi qurulur, yeni texnologiya ilə əkin aparılması üçün son tamamlama işləri görülür.

Toxumçuliq təsərrüfatlarının yaradılması kənd əməkçilərinin yüksək reproduksiyalı toxumla təmin olunmasında mühüm rol oynayacaq, onların tələbatının 30-35 faizini ödəyəcəkdir.Rayonun suvarma sisteminin yaxşılaşdırılması üçün 140 kubmetr kanal lildən təmizlənmiş, 4328 hektar  sahə  suvarma suyu ilə təmin edilmişdir.   Meliorasiya-irriqasiya tədbirləri davam etdirilməkdədir.

Belə ki, Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2014-cü il tarixli Sərəncamı ilə Üçtəpə, Alar və Bayxanlı kəndlərində 7 subartezian quyusunun qazılması nəzərdə tutulmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin  24 oktyabr 2014-cü il tarixli 338 N-li sərəncamı əsasında isə  İncəçay su anbarının  təmir-bərpası üçün maliyyə vəsaiti ayrılmışdır. Həmin layihələr başa çatdıqdan sonra əkin  sahələrinin suvarılması üçün daha əlverişli şərait yaradılacaqdır.

Bitkiçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında”  Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2015-ci il tarixli Sərəncamına əsasən  hər hektar əkin sahəsinin becərilməsində və çoxillik əkmələrin aparılmasında istifadə edilən yanacaq və motor yağlarına görə verilən yardımın 25 faiz artırılması və mineral gübrələrin güzəştlə satılmasına görə verilən subsidiyanın təkrar (aralıq) əkinlərə də aid edilməsi  kənd əməkçilərini daha yüksək nəticələr əldə etməyə ruhlandırmışdır.

Rayonda tikinti-quruculuq işlərinin aparılması, əkinçiliyin və heyvandarlığın inkişaf etdirilməsi, yeni istehsal müəssisələrinin, ticarət, iaşə və məişət obyektlərinin istifadəyə verilməsi  əhalinin   məşğulluq    probleminin  həllinə   müsbət  təsir  göstərmişdir.   2015-ci ilin birinci rübündə  186  iş yeri açılmışdır ki, onun da 39-u  daimi xarakterlidir. Rüb ərzində rayon məşğulluq mərkəzinə müraciət edən 130 nəfərin 66-sı  müxtəlif  təşkilatlarda daimi işə qəbul edilmişdir.

Birinci rübdə rayonda fəaliyyət göstərən bank filialları və kredit təşkilatları tərəfindən  1918 sahibkara 2 milyon 885 min manat  məbləğində kredit verilmişdir. Kreditin əsas hissəsi kənd təsərrüfatı və kommersiya fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən götürülmüşdür.Rayon maliyyə idarəsi  maliyyə vəsaitlərinin təyinatına uyğun və səmərəli istifadəsinə nəzarəti gücləndirmiş, alınan bütün növ mal-materialların keyfiyyətini və qiymətini diqqər mərkəzində saxlamışdır.

DSMF rayon şöbəsi tərəfindən pensiyaçılara 11,4 milyon manat,  işləyən sığortaolunanlara isə 128,9 min manat vəsait ödənilmişdir. Proqnoz tapşırığın 91,6 faiz icra olunmasına baxmayaraq əvvəlki ilin eyni dövrü ilə müqayisədə 46,4 min manat çox sosial sığorta haqqı toplanmışdır.

Rayon əhalinin  sosial müdafiəsi mərkəzi  birinci rübdə 626 ailəyə  ünvanlı sosial yardım təyin etmiş, onlara 298 min 896  manat  vəsait ödənilmişdir. Əhalinin fasiləsiz elektirik enerjisi ilə təmin edilməsindən ötrü  rayon ərazisində 2,2 kilometr yararsız naqil və 99 ədəd dayaq yenisi ilə əvəz edilmiş, 5 transformator dəyişdirilmiş, Maşlıq, Gülməmmədli, Uzuntəpə kəndlərində   transformatorlardan çıxan adi kabel əvəzinə  SİP kabel  çəkilmişdir.

Eyni zamanda Cəlilabad, Göytəpə   və Üçtəpə yarımstansiyalarında cari təmir işləri aparılmışdır.Lənkəran regional qaz istismar idarəsinin Cəlilabad xidmət sahəsi tərəfindən Cəlilabad-Uzuntəpə yolunun kənarındakı yeraltı qaz kəmərinin istismara yararsız   3700 pm hissəsi  PE200 mm-lik polietilen borularla əvəz edilmiş,  həmin kəmərdən 23 çıxış verilmişdir.

Bunun nəticəsində Cəlilabad şəhərinin 10 küçəsində və Uzuntəpə kəndinin bir hissəsində abonentlərin qaz təchizatı yaxşılaşmışdır. Rübün ən mühüm hadisələrindən biri də Fərzili və Abdullu kəndlərində 250 abonentin təbii qazla təchiz edilməsidir. Yaxın günlərdə Muğan, Hasıllı, Hacıismayıllı və Seyidbazar kəndlərinə də təbii qaz veriləcəkdir.

Hazırda Astanlı, Suluçeşmə, Ocaqlı, Cəfərxanlı, Üçtəpə, Zopun, Adnalı və Söyüdlü kəndlərində qaz kəmərinin  çəkilişi davam etdirilir.Bütün bunlara baxmayaraq  əhali yenə də təbii qazla normal təmin olunmur. Yeraltı boruların əksəriyyəti çürüdüyünə və təzyiqə davam gətirmədiyinə görə əhaliyə verilən qazın dörddəbir hissəsi itkiyə gedir.

Rüb ərzində istehlak olunan təbii qazın cəmi 73 faizinin dəyəri toplanmışdır.Rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələri tədrisin keyfiyyətini yüksəltmək, əhaliyə göstərilən tibbi və mədəni xidməti yaxşılaşdırmaq üçün məqsədyönlü tədbirlər həyata keçirmişlər.

Rayon təhsil şöbəsi rüb ərzində  bütün məktəblərin IX və XI sinif şagirdləri ilə imtahan fənlərindən monitorinq aparmış və onların faktiki bilik səviyyələrini müəyyənləşdirmişdir. Mart ayında Lənkəran şəhərində keçirilən fənn olimpiyadalarının yarımfinal mərhələsində Günəşli kənd tam orta məktəbin IX sinif şagirdi Elgün Dadaşov tarix fənni üzrə respublika fənn olimpiyadasında iştirak etmək hüququ qazanmışdır.

Bundan başqa, 8 şagirdimiz zona mərhələsində 100 ballıq qiymətləndirmə sistemi üzrə 80-95 intervalında yüksək nəticələr göstərmişlər.Ümummilli Lider Heydər Əliyevin irsinin öyrənilməsi məqsədilə yanvar-mart aylarında Heydər Əliyev Mərkəzində açıq dərslərin keçirilməsinə başlanılmışdır.

İndiyədək dərslərdə 36 məktəbin 700  şagirdinin iştirak etmişdir və 1500-dən çox şagirdin  iştirakı nəzərdə tutulmuşdur.Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən rayon əhalisinin tibbi müayinədən keçirilməsi vətəndaşlar tərəfindən yüksək razılıq hissilə qarşılanmışdır. Kampaniyanın başladığı fevral ayından indiyədək  105636 nəfər müayinədən keçirilmişdir ki, onun da 14579 nəfəri uşaqdır.

 Müayinə zamanı müxtəlif xəstəliklər aşkar edilənlərin bir qismi rayonda, digər qismi isə Bakı şəhərində ixtisaslı müalicəyə cəlb olunmuşlar.Rayon mədəniyyət və turizm şöbəsi tərəfindən birinci rübdə Xocalı soyqırımı, Qadınlar bayramı, Novruz bayramı, Azərbaycanlıların soyqırımı münasibətilə ümumrayon tədbirləri keçirilmişdir.  

Gənclərin mənəvi tərbiyəsi, peşə vərdişlərinə yiyələnməsi və istedadlarının üzə çıxarılması məqsədilə  Heydər Əliyev Mərkəzinin, uşaq incəsənət məktəbinin, tarix-diyarşünaslıq muzeyinin, rəsm qalereyasının və digər mədəniyyət müəssisələrinin imkanlarından səmərəli istifadə edilmişdir. Qazanılan uğurlara görə və Beynəlxalq Mədəniyyət  İşçiləri Günü münasibətilə rayonun qabaqcıl mədəniyyət işçilərindən bir qrupu rayon icra hakimiyyətinin fəxri fərmanı ilə təltif edilmişlər.

Birinci rübdə gənclərə və idmana aid 21 tədbir keçirilmiş, həmin tədbirlərdə  5971 gənc və 357 nəfər idmançı iştirak etmişdir. Bundan əlavə,  beynəlxalq turnirdə sərbəst güləş üzrə 4, respublika çempionatında  boks üzrə 2, respublika birinciliklərində boks üzrə 11, respublika turnirində basketbol üzrə 48, zona birinciliiklərində isə yunan-Roma güləşi və boks üzrə 155 idmançımız iştirak edərək yüksək nəticələr qazanmışlar.

Rüb ərzində hüquq-mühafizə orqanları tərəfindən qeydə alınan  77 cinayət hadisəsinin 64-nün və ya 88,9 faizinin üstü açılmış və  məhkəməyə göndərilmişdir. Bundan başqa, narkotik vasitələrin satışına və istifadəsinə dair  11 fakt aşkar edilmiş, 1 kiloqram 750 qram narkotik maddə dövriyyədən çıxarılmışdır.

Bütün bunlar rayon prokuroru Tariyel Ələkbərovun, rayon məhkəməsinin sədri Əliəjdər Ələkbərovun, rayon polis şöbəsinin rəisi Namiq Camalovun və MTN rayon şöbəsinin rəisi Mirzə Kərimovun gərgin əməyinin bəhrəsidir. Əhali asayişin qorunmasında və ictimai sabitliyin təmin olunmasında onların fəaliyyətini yüksək qiymətləndirir və  haqlı olaraq hüquq-mühafizə orqanlarını özlərinin güclü müdafiəçisi hesab edirlər.

Həmişə olduğu kimi, birinci rübdə də vətəndaşların müraciətlərinə baxılması rayon icra hakimiyyəti üçün prioritet məsələ olmuşdur. Üç ay ərzində   aparata 246 müraciət daxil olmuşdur ki, onun da 184-ü ərizə, 62-si şikayətdir. Müraciətlərin 104-ü Prezidentin Administrasiyasından, 70-i birbaşa vətəndaşlardan, qalanları isə digər təşkilatlardan daxil olmuşdur.  Aparatda keçirilən qəbullarda 49, yerlərdə keçirilən səyyar qəbullarda isə 48 nəfər qəbul edilmişdir.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.