İcra başçısı 1 milyona qan bağlayır- ŞOK İDDİA


İcra başçısı 1 milyona qan bağlayır- ŞOK İDDİA

Font ölçüsü

saba.jpg

"Lotuluq, avtoşluq, azyaşlı uşağın sürücülük vəsiqəsi olmadan avtomobili idarə etməsi nəticəsində mən övladımı itirmişəm".

Səbail rayonunun icra başçısı Asif Əsgərovun oğlu 1998-ci il təvəllüdlü İlham Əsgərlinin işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən dünənki iclasda kifayət qədər səs-küy yarada biləcək ittihamlar səslənib. İlham Əsgərlinin törətdiyi yol qəzası zamanı dünyasını dəyişmiş Sənan Mirzəyevin atası, "Mc Donalds's"ın Azərbaycan nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyev bəyan edib ki, icra başçısı oğlunu məsuliyyətdən yayındırmaq üçün 1 milyon pul verib. Məhkəmə prosesi də ona uyğun gedir.

Xatırladaq ki, sözügedən yol-nəqliyyat hadisəsi ötən il sentyabrın 27-də baş verib. İlham Əsgərlinin idarə etdiyi "Mercedes S500" markalı avtomobil Zığ-aeroport yolunda Əhliman Süleymanovun idarə etdiyi "Howo" markalı yük maşını ilə toqquşub. Həmin vaxt İlham Əsgərlinin sürücüsü Pərvin Fətullayev də maşında olub. Qəza nəticəsində İlham Əsgərli özü və Pərvin Fətullayev xəsarət alıb, Sənan Mirzəyev isə dünyasını dəyişib.

İlham Əsgərli ilə yanaşı, Əhliman Süleymanov da təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılıb. Onların hər ikisinin barəsində məhkəmə hökm verənə qədər ev dustaqlığı qətimkan tədbiri seçilib.

Bu məhkəmə prosesində artıq təqsirləndirilən şəxslər, zərərçəkmişlər, şahidlər dindirilib, dünən isə iş materiallarındakı sənədlərin tədqiqi mərhələsi başlanıb. Məhkəmə prosesinə sədrlik edən hakim Ramella Allahverdiyeva cinayət işindəki müxtəlif ekspert rəylərini elan edib. Bioloji ekspertizanın rəyi məhkəmə iclasında mübahisəyə səbəb olub. Həmin rəy avtomobildəki qaz izləri, saç tükü və s. əsasında verilib. Rəydən belə anlaşılır ki, sağ ön oturacaqda aşkarlanan elementlər Sənan Mirzəyevə məxsusdur.

Məsələ burasındadır ki, İlham Əsgərli, eləcə də qəza zamanı avtomobildə olmuş sürücüsü, həmin vaxt xəsarət aldığından hazırda iş üzrə zərərçəkmişlər siyahısında olan Pərvin Fətullayev iddia edir ki, Sənan avtomobilin arxa oturacağında olub. Lakin məhkəmə prosesində dindirilən bir sıra şahidlər qəzadan sonra Sənan Mirzəyevi avtomobilin sağ ön oturacağından, Fətullayevi isə sağ arxa qapıdan çıxartdıqları bildiriblər.

Zərərçəkmiş Maqsud Mirzəyevin nümayəndəsi Afət Qazıyeva Pərvin Fətullayevdən hansı səbəbdən ziddiyyətli ifadələr verdiyini soruşub:
- Sizin qəza zamanı harada əyləşdiyinizə dair ifadənizlə ekspert rəyi arasında ziddiyyət var. Bundan başqa, əvvəl də demişdiniz ki, guya, sükan arxasında siz olmusuz. Hiyə belə ifadələr verirsiz?
- Bu qəzanın baş verməyində özümü günahkar saydığıma görə demişdim ki, sükan arxasında mən olmuşam.
- Ekspertizanın nəticəsindən belə məlum olur ki, sağ ön oturacaqda Sənan Mirzəyev olub...
- Yox, mən qabaqda oturmuşdum.

Bu zaman Maqsud Mirzəyev əsəbiləşərək bildirib ki, Pərvin Fətullayev İlham Əsgərlini müdafiə eləmək məqsədilə bu cür danışır: "Sən İlhamı evdən götürəndə heç vaxt o, sükan arxasında oturmazdı. Ən azı, valideynləri buna icazə verməzdi. Yerdəyişmə Zığ şossesinə çıxandan sonra olub..."

Daha sonra İlham Əsgərlinin vəkili Bəylər Məmişov təkrar avtotexniki ekspertizanın keçirilməsi barədə vəsatət qaldırıb. Qeyd edək ki, bu iş üzrə hadisədən təxminən bir ay sonra avtotexniki ekspertiza keçirilib və verilən rəy icra başçısının oğlunun əleyhinə olub. Rəydən belə məlum olur ki, İlham Əsgərlinin idarə etdiyi avtomobil yüksək sürətlə gəlib, üstəlik, qanun yol vermədiyi halda, sağdan manevr etməklə ötməni həyata keçirmək istəyib.

Yük maşınının sürücüsü Əhliman Süleymanov da məhkəmədə ifadəsində İlham Əsgərovun sağdan manevr etməsi nəticəsində qəza baş verdiyini bildirmişdi: "Həmin gün şirkətə məxsus üç yük maşını bir-birinin ardınca hərəkət edirdi. Mənim arxamca Nurlanın, onun arxasınca isə Ayazın sürdüyü maşın gəlirdi. Mənim qarşımda da bir "ZİL" gedirdi. Mən yolun sağı ilə 50-60 km. sürətlə gedirdim. Qarşımdakı "ZIL"i keçmək üçün işıqları yandırıb, sola çıxırdım. Bu vaxt arxadan sürətlə gələn "Mercedes"in "marqat" eləyib, yol istədiyini gördüm. O qədər sürətlə gəlirdi ki, fikirləşdim ötməni çatdırmaram, ona görə yenidən "povarotnik"i sağa yandırıb ki, sağ tərəfə keçirdim ki, ona yol verim. Həmin vaxt bu da gəlib çatıb sağımdan keçmək istəyəndə mənim maşınımın arxa sağ təkərinə çırpıldı".

Əhliman Süleymanov onu da qeyd edib ki, "Mercedes" saatda təxminən 180-200-lə hərəkət edirmiş: "O qədər böyük sürət vardı ki, zərbədən mənim sürdüyüm 15 tonluq yük maşınını qaldırıb, yol kənarındakı dəmirləri sındırmaqla qumsallığa tulladı. "Mercedes" özü də firlandı, arxası yolun kənarındakı dirəklərin üstünə çıxıb dayandı..."

Elə İlham Əsgərli özü də ibtidai istintaq zamanı ifadəsində sağdan manevr etdiyini bildirib. Amma məhkəmədə başqa cür danışıb. Deyib ki, qarşıda yoldakı dəmirlərin kustar üsulla kəsilməsilə açılan bir torpaq yol var. "Howo" yolun solu ilə hərəkət etdiyi halda, qarşıdan sağdakı o yola dönmək istədiyinə görə bu qəza baş verib.
Lakin Əhliman Süleymanov bu haqda deyilənlərin yalan olduğunu bildirib. Qeyd edib ki, o, öz yolu ilə gedirdi və heç yerə də dönmək fikri yox idi.
Dövlət ittihamçısı da vəkilin təkrar ekspertiza rəyinin alınmasına dair vəsatətilə razılaşıb.

Lakin zərərçəkmiş Maqsud Mirzəyev və nümayəndəsi Afət Qazıyeva, eləcə də digər təqsirləndirilən Əhliman Süleymanov və vəkili İlqar Musayev vəsatətə qəti şəkildə etiraz edib.
"Əvvəlki rəyi şübhə altına almaq üçün heç bir əsas yoxdur. Təsəvvür edin, toqquşmadan sonra "Mercedes" havada fırlanıb, dəmir dirəyin üstündə oturub dayanırsa, deməli, burada mütləq yüksək sürət olduğunu göstərir. Onsuz da sürücülük vəsiqəsi olmadan avtomobili idarə edən İlham Əsgərli elə sürətlə getməliydi ki, hər hansı hadisə olsa, qarşısını ala bilsin. Qarşı tərəf vəsatətini əsaslandırarkən dünən burada dindirilən iki yol polisinin ifadəsinə əsaslanır. Halbuki, onlar heç özləri hadisəni görməyiblər. Suallarıma cavab olaraq, biri dedi ki, "Mercedes" qəzadan sonra üzü şəhərə tərəf dayanmışdı, o biri dedi ki, Türkan qəsəbəsinə tərəf. Belə şahidlərin ifadəsilə əlavə ekspertiza keçirməzlər. Biz qəti etiraz edirik", - deyə Afət Qazıyeva bildirib.

Maqsud Mirzəyev özü də vəsatətə sərt reaksiya verib: "Qərar vermişdim ki, məhkəmə mütləq mənim iştirakımla keçirilsin. İndi görürəm ki, nə qədər düz qərar vermişəm. Mənim suallarım İlham Əsgərliyə və ya onun sürücüsünə deyil, əsas suallarım Asif müəllimədir (icra başçısı Asif Əsgərov-red.) Amma o heç vaxt bura gəlmir, fikirləşir ki, buralar onun səviyyəsinə uyğun deyil. Dünən bura gətirdikləri şahid deyir ki, saat 6.10-da Asif müəllimə xəbər verib hadisə barədə. Bəs niyə 9-a qədər bizə heç kim xəbər verməyib? Yenə həmin şahid deyir ki, guya, İlham Əsgərlinin əmisi, qohumları ilə birlikdə Sabunçu xəstəxanasına gedib, oğlumun yanında olublar. Dünən mən bir də xəstəxana ilə maraqlandım, məlum oldu ki, yalandır. Dedilər ki, təcili yardımla gətiriləndən sonra keçindi, axşam 9-a qədər yiyəsiz qaldığına görə biz də morqa göndərdik. Lotuluq, avtoşluq, azyaşlı uşağın sürücülük vəsiqəsi olmadan avtomobili idarə etməsi nəticəsində mən övladımı itirmişəm. Burada Əsgərlinin vəkili deyir ki, jurnalistlər yazır, ailənin nüfuzuna zərbə dəyir. Bəs mənim ailəmə dəyən zərbə necə olsun? Bu məhkəmə prosesi obyektiv getməsə, mən geniş mətbuat konfransı keçirib, həm yerli, həm də xarici jurnalistləri çağırıb hər şeyi açıqlayacam. Asif müəllim özü yanıma gəlib mənə dedi ki, bilsəydim belə ekspertiza rəyləri olacaq, başqa cür hərəkət eləyərdim. Asif müəllimin mənə dediklərinin hamısını açıqlayacam. Mən təkrar ekspertizaya qəti etiraz edirəm".

Digər təqsirləndirilən Əhliman Süleymanovun vəkili İlqar Musayev də vəsatətin rədd edilməsini istəyib: "Dünən bura gətirilən yalançı şahidlərinin dediklərinin eynisini ekspert rəyində alacaqlar. Əgər təkrar ekspertiza təyin olunacaqsa, onda indidən Əhlimanın əllərini qandallayıb salın həbsxanaya..."

Müzakirələrdən sonra müşavirəyə gedən məhkəmə vəsatətin təmin olunması barədə qərar verib və əlavə ekspertizanın rəyi alınana qədər məhkəmə prosesi təxirə salınıb.

Maqsud Mirzəyev məhkəmənin gedişinə etiraz edib. Artıq hakimlər zalı tərk etdiyindən o, üzünü dövlət ittihamçısına tutaraq "Mən yaxşı bilirəm ki, Asif Əsgərov oğlunu məsuliyyətdən yayındırmaq üçün 1 milyon pul verib. İndi hər şey də ona uyğun gedir..." deyib və məhkəmə zalını tərk edib.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.