Xədicə İsmayıla təcridxanada töhmət verilib


Xədicə İsmayıla təcridxanada töhmət verilib

Font ölçüsü

xedice.jpg

Aprelin 28-də Bakı Apelyasiya Məhkəməsi “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılın şikayətinə baxıb.

Bayraqdar kimi tanınan Elman Türkoğlu jurnalistin Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə məsuliyyətə cəlb olunmasını istəyib. Binəqədi Rayon Məhkəməsində bu iddia ilə Xədicə İsmayıl təqsirli bilinərək 2500 manat cərimələnməsinə dair qərar çıxarılıb. Qərardan apelyasiya şikayəti verilib.
Vəkil Fariz Namazlı Modern.az saytına bildirib ki, prosesdə Xədicə İsmayıl da iştirak edib: “Apelyasiya baxışının məhkəmə istintaqı keçirilməklə aparılması barədə verdiyimiz vəsatət təmin olunmadı.

Prosesdə Elman Türkoğlu və onun nümayəndəsi də iştirak edirdi.

Onlar ifadələrində bildirdilər ki, Binəqədi Rayon Məhkəməsinin hökmü tam qanunidir, qüvvədə saxlanılmalıdır. Apelyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət verəcəyik.

Prosesdə Xədicə İsmayılova bildirdi ki, istintaq təcridxanasında kamerasını yoxlayıblar. Yatdığı çarpayıda oyuq aşkar olunub. Onlar bu yeri gizli saxlanc yeri kimi qiymətləndiriblər.

Xədicə İsmayıl bu oyuqdan xəbərsiz olduğunu bildirib. Lakin ona təcridxana tərəfindən töhmət verilib. Töhmətdə göstərilir ki, gizli saxlanc yeri saxladığına görə və mətbuatda böhtan və təhqir xarakterli yazılar yazdığına görə ona töhmət elan olunsun.Növbəti məhkəmə mayın 12-nə təyin olunub”.

2014-cü il dekabrın 5-də həbs olunan Xədicə İsmayıl jurnalist Tural Mustafayevi özünü öldürməyə cəhd həddinə çatdırmaqda ittiham olunur.

Bakı İstintaq Təcridxanasında saxlanan Xədicə İsmayılla əlaqədar başqa istintaq və məhkəmə işləri də var.

Ötən il fevralın 17-də Xədicə İsmayıl “Facebook” şəbəkəsində Milli Təhlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aid olduğu ehtimal edilən material yayıb.

Materialda MTN-in müxalifət partiyalarına casus yerləşdirməsindən bəhs olunur. Jurnalist materialı ona hazırda Fransada yaşayan sabiq MTN zabiti Ramin Nağıyevin 2011-ci ildə ötürdüyünü deyir.

Sözügedən materialla əlaqədar Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 284.2-ci (dövlət sirrini yayma) maddəsi ilə cinayət işi başlanıb. Xədicə İsmayıl fevralın 17-də “Facebook”da yaydığı materiala görə məhkəməyə də çəkilib. Onu xalq hərəkatı fəalı Elman Türkoğlu məhkəməyə verib. Jurnalistə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia ərizəsində Elman Türkoğlu qeyd edib ki, Xədicə İsmayıl “Facebook”da yaydığı materialla onun adını MTN-in agenti kimi hallandırıb, şərəf və ləyaqətini təhqir edib, ona böhtan atıb.

Sonradan jurnalistə qarşı mənimsəmə və israf etmə, qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui istifadə maddələri ilə yeni ittihamlar irəli sürülüb.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.