Prezidentdən İcra Hakimiyyəti orqanları ilə bağlı FƏRMAN


Prezidentdən İcra Hakimiyyəti orqanları ilə bağlı FƏRMAN

Font ölçüsü

ferman.jpg

Azərbaycan Prezidenti İlham Əliyev yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sisteminin yaradılması haqqında fərman imzalayıb.

Dövlət başçısı Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 2 aprel tarixli 359 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın 10.2.4-cü yarımbəndinə uyğun olaraq, dövlət orqanlarında elektron sənəd dövriyyəsinin və vətəndaşların müraciətləri üzrə kargüzarlığın elektron formada aparılmasını təmin etmək məqsədi ilə qərara alıb:
- Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sistemi (bundan sonra – informasiya sistemi) yaradılsın.

- “Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sistemindən istifadə Qaydaları” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birlikdə vətəndaşların müraciətlərinin elektron qeydiyyatı proqramı əsasında informasiya sisteminin yaradılmasını və 2015-ci il iyulun 1-dək tətbiq olunmasını təmin etmək; informasiya sistemi qovşaqlarının fəaliyyətində informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə yerli icra hakimiyyəti orqanlarının həmin sistemdən istifadə edəcək məsul şəxsləri barədə məlumatı ümumiləşdirərək, müvafiq tədbirlər görülməsi üçün bir ay müddətində Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinə təqdim etmək; informasiya sisteminin tətbiq olunması ilə əlaqədar həmin sistemdən istifadə üçün bilik və vərdişlərin artırılmasını və ondan təhlükəsiz istifadəni təmin etmək məqsədi ilə yerli icra hakimiyyəti orqanlarında müntəzəm təlimlərin keçirilməsini təşkil etmək tapşırılıb.

Yerli icra hakimiyyəti orqanları informasiya sisteminə daxil edilən məlumatların dəqiqliyinin, tamlığının və etibarlılığının təmin edilməsi üçün tədbirlər görəcək; informasiya sisteminin fəaliyyətinin təşkilini, istifadəsini və təhlükəsizliyini təmin edəcək; informasiya sisteminin tətbiqi üçün tələb olunan texniki vasitələrin alınması və lazımi iş şəraitinin yaradılması məsələlərini həll edəcəklər.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi informasiya sisteminin mərkəzləşdirilmiş server avadanlığına texniki xidmət göstərilməsini təmin etməli; Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birlikdə informasiya sisteminin fasiləsiz fəaliyyətini və proqram təminatına dəstəyi təmin etməlidir.

Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinə yerli icra hakimiyyəti orqanlarının informasiya sisteminə qoşulması üçün onları zəruri telekommunikasiya kanalları ilə təmin etmək; informasiya sisteminin təhlükəsizliyinin təmin edilməsi üçün Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi ilə birlikdə müvafiq tədbirlər görmək tapşırılıb.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası bu fərmanın icrasına nəzarəti həyata keçirəcək.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.