MTN “maklerlər bandası”nı həbs etdi


MTN “maklerlər bandası”nı həbs etdi

Font ölçüsü

mak.jpg

Bizə elə gəlirdi ki, indiyədək bir neçə araşdırma həsr etdiyimiz “Azİmport” tikinti şirkətinin əhvalatı yekunlaşmaq üzrədir.

Lakin bir qrup fırıldaqçı maklerlər dəstəsinin həbsi bu şirkətin evlərindən zorla köçürülmüş Bakı sakinləri ilə toqquşması əhvalatında yeni dönüşə səbəb oldu.

Virtualaz.org saytına məlum olub ki, bir neçə gün əvvəl Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən Səbayel rayonunda, “Qış bulvarı”nın ərazisində yerləşən evlərin sakinlərinin zorla köçürülməsində iştirak edən maklerlər İsfəndiyar İsfəndiyarov, Arzu Məmmədov və Nurəddin adlı biri (familiyası hələlik məlum deyil) həbs edilib. Onlar Azərbaycan respublikası CM-in 178.3.2-ci maddəsi ilə ittiham olunurlar. Səbayel Rayon Məhkəməsi İ.İsfəndiyarovun və A.Məmmədovun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib.

Bu barədə saytımıza Səbayel Rayon Məhkəməsindəki mənbələrdən məlum olub.

Belə görünür ki, hazırda bu bandanın üzvləri MTN-in təcridxanasında qorxmuş və ruhdan düşmüş vəziyyətdə görünürlər, ancaq cəmi bir neçə ay əvvələ qədər onlar tamam başqa adamlar idi. Öz cəzasızlıqlarına əmin olan bu kriminal elementlər ən həyasız şəkildə paytaxt sakinlərinin evlərinə basqın edib onları çölə atırdı. Bu quldurların törətdikləri basqınlardan sonra bir çox bakılılar elementar yaşayış şərtləri olmadan, hər şeylərini itirərək küçələrdə qalırdı.

Füzuli və Şəmsi Bədəlbəyli küçələri arasında yerləşən evlərin sakinləri yəqin ki, bu üçlüyü yaxşı xatırlayırlar. Hələ o vaxt onlar özlərini “Azİmport” şirkətinin əməkdaşları kimi təqdim edərək şəhərin mərkəzində yarı uçurulmuş evlərdən qocaları, qadın və uşaqları zorla bayıra atırdılar. Sözün hərfi mənasında bayıra atırdılar, bu zaman hüquq-mühafizə orqanlarının yüksək çinlilərinin dəstəyindən istifadə edirdilər. Çünki bu üçlük öz rəislərindən daha çox onlara tabe idi.

Doğrudur, həbs edilən maklerlərdən biri-İsfəndiyar nəyə görəsə o vaxt özünü Rasim kimi təqdim edirdi. Daha sonra bu tip Bayılda evlərin sökülməsi zamanı meydana çıxdı. Ancaq bu dəfə özünü Azər kimi təqdim etmişdi.

Bayıl sakinlərinin evlərindən köçürülməsi metodları da eyni idi - bu dələduzlar xüsusi fantazaiyaları ilə seçilmirdilər. Bəli, heç normal dildə fərdi yanaşma adlandırılan yeni üsul fikirləşməyə də ehtiyac yox idi. Onların adından çıxış etdikləri şirkətə vaxt itirmək və kartları açmaq gərək deyildi.

Bəli, köçürülən evlərə görə kompensasiyanın şərtlərini də onlar özləri müəyyən edirdilər.

Bax beləcə, onlar dövlət maşınının gücündən istifadə edərək və dövlətin adından hərəkət edərək köçürülən evlərin sakinlərinə qəpik-quruş kompensasiya ödəyirdilər. Üstəlik həmişə yox, Bakının mərkəzində onlarla hektar ərazini dəyər-dəyməzə ələ keçirirdilər.

Bu cinayətkar üçlük də pis qazanmırdı, milyonlar qazanmasalar də ağaları onlara babat qonorar verirdi, axı belələrini tapmaq həmişə asan olmur.

Beləliklə, İsfəndiyar İsfəndiyarov onunla məşhurdur ki, indiki “Qış bulvarı”nın yerindəki evlərin sökülməsi zamanı və daha sonra özünü Azər kimi təqdim edirdi. O, niyə belə hərəkət edirdi, demək çətindir, ancaq bu məsələni istintaq yəqin ki, araşdıracaq.

Biz ancaq onu təxmin edə bilərik ki, bu tip atasını - tanınmış alimi, ölkənin aparıcı universitetlərindən birinin müəllimini pis vəziyyətdə qoymaq istəmirdi. Hətta indi o, MTN-in təcridxanasında oturanda da bir çox dostları və qohumları bu cür ziyalı gəncin evlərin sökülməsi zamanı adi “vışebala” kimi fəaliyyət göstərdiyinə inana bilmirlər.

Digər “vışebala” - Arzu Məmmədov ictimaiyyət üçün xüsusi maraq kəsb etmir. Ancaq bir maraqlı məqam! Məsələ ondadır ki, “Azİmport” şirkətində də eyni adla və familiya ilə biri işləyir - Arzu Məmmədov.

Şirkətdə Azər də var. Söhbətin şirkətin rəhbəri Azər Əsgərovdan getdiyini anlamaq çətin deyil. Ən təzadlısı isə budur ki, orada Nurəddin adlı şəxs də işləyir. Dəqiq bildiyimiz isə budur ki, A.Əsgərovun yaxın çevrəsində Nurəddin Səlimov adlı adam var.

İndi aydın olurmu nə baş verir? Arzu, Nurəddin və Azər adlı həbs olunmuş dəllallar sakinlərlə kompensasiya ödənməsi və köçürülmə barədə danışıqlar aparıblar. Və bu adamlar özlərini “Azİmport” şirkətinin əməkdaşları kimi təqdim ediblər. Lakin ilkin istintaq tədbirləri göstərib ki, bu addakı adamların şirkətin əməkdaşlarına heç bir aidiyyəti olmayıb. Təəssüf ki, bu qeyri-adi vəziyyəti şirkətdən də şərh etmək istəməyiblər.

Ona görə də bizim Bayıldan köçürülən sakinlərə və onların nümayəndəsi vəkil Kamandar Nəsibova müraciət etməkdən başqa çıxış yolumuz qalmadı.

Vəkilin köməyi ilə əsl Azər Əsgərovun, Nurəddin Səlimovun və şirkətdəki üçüncü şəxsin fotoşəkillərini əldə edə bildik (həmin üçün şəxsin kimliyini isə hələ müəyyən edə bilməmişik).

Virtualaz.org saytı bu məsələyə aydınlıq gətirmələri üçün evindən zorla köçürülən sakinlərə, o cümlədən Larisa İvanovna Tyuşinaya müraciət edib. L.Tyuşina Səbayel rayonu, Qurban Abbasov küçəsi, bina 33, mənzil 14-də yaşayıb. Yada salaq ki, sakinlər bu binadan köçürülərkən bu yaşlı qadına qarşı zorakılıq edilib. Onun evindəki qab-qacaq və mebel sındırılıb, bundan əlavə qoçular onun yenicə ana olmuş qızına da əl qaldırıblar.

Larisa İvanovna ona göstərilən fotoşəkillərdəki şəxslərdən kimlərisə tanıyıb-tanımaması sualına mənfi cavab verdi. Lakin təsdiq etdi ki, onun mənzilinə soxulan adamlar Azər, Nurəddin və Rəsul adlı şəxslər idi və onlar özləri ilə polis də gətirmişdilər.

Bu binanın digər sakini Viktor Pavloviç Volya da eyni sözü dedi. V.Volya “Azİmport” şirkətinin qanunazidd əməlləri ilə bağlı MTN və DİN-ə şikayət edib.

Kamandar Nəsibovun sözlərinə görə, bu dəllallar “Azİmport” şirkətinin əməkdaşları deyillər: “Hazırda Bayılda yaşayan sakinlərin mənzillərinə soxulmuş adamların şəxsiyyətinin dəqiqləşdirilməsi məqsədilə araşdırmama aparırıq. Müvafiq araşdırmadan sonra biz də hüquq-mühafizə orqanlarına müraciət edəcəyik”.

Bu işdə adlar təsadüfən üstü-üstə düşür, yoxsa sözügedən şirkətdə kadrların seçimindəki qanunauyğunluq belədir? Hər halda şirkətin məsul şəxslərinin adlarının məsuliyyətə cəlb olunmuş qoçuların adları ilə üst-üstə düşməsi bu qalmaqallı işlə bağlı yeni şübhələrə yol açır. Biz bu şəxslərin vətəndaşlara və dövlətçiliyə qarşı yönəlmiş əməlləri ilə bağlı bütün məqamları ictimaiyyətə çatdırmağa çalışacağıq.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.