Müsahibə


Məşhur meyxanaçımız toyda deyişərkən narkotik maddə istifadə edibmiş

Dosye.org xəbər verir ki, Ölkə.az saytının növbəti qonağı tanınmış meyxana ustası Namiq Qaraçuxurludur.

"Mənə görə pul qazanır, özümü də məhkəmə ilə hədələyir”

– Namiq niyə televiziya verilişlərinə o qədər də çıxmır?

– Bəli, televiziyalara az-az çıxıram. Hər zaman deyirəm ki, bir dənə də məndən olsaydı, rahatlaşardım. Televiziyalarda elə verlişlər var ki mən getmək istəmirəm, amma dostlarımdır deyə məcbur gedirəm.

– Dediniz məndən biri də olsa, onu dəvət edərdilər. Oxşarınız var axı...

– Hə. Mənim oxşarım bir nəfər deyil, çoxdur. Amma ən populyarı odur.

– Sizin mahnılarınızı oxuyub, toylara gedir pul qazanır. Sizi narahat etmir bu?

– Bəli, mənim mahnılarımı oxuyur. Bir dəfə Nabranda istirahət yerində idim. Üzbəüz bir restoran var idi. Səhərəcən 90-cı illərdən bu yana nə qədər mahnılarım var idi hamısını oxudu, başqa bir şey oxumadı.

– Bəs sizin kimi oxumağı bacarırdımı?

– Mən o işə qarışmaq istəmirəm. Sadəcə açığını deyim ki, mənim acığıma gəldi. Bu insan bir dəfə də demir ki, "Namiq çox sağ olsun. Ona oxşaya-oxşaya, onun mahnıları ilə çörək qazana-qazana nə isə edirəm. Əksinə mən onun bir neçə müsahibəsini görmüşəm deyib ki, "Namiq mənim haqqımda danışsa, mən onu məhkəməyə verəcəm”. Bu yaxınlarda onu Şəmkir toyunda gördüm. "Dözmədi qəlbim” mahnımı oxuyurdu. Bu, danılmaz faktdır. Ondan əvvəl də Xaçmazda dostlarımızın restoranı var. Zəng etdilər ki, bütün mp3-ün hamısını oxudu. Mən belə insanlara dəstək olmağa hazıram, amma ortada səmimiyyət olmalıdır.

Ən qəribə gördüyünüz yuxu nə olub?

– Yuxularım çox yadımda qalmır. Amma uşaq vaxtı məndə belə bir adət var idi. Gözümə hər zaman nəsə görünürdü. Ələxsus da xəstələnəndə, boğazım gələndə. Həmişə üstümə iki-üç dənə ağ nəsə qaçırdı. O anlarda çox qorxurdum. Bir dostum var, onunla eyni gündə doğulmuşuq. O deyir ki, həmin şeylər məndə indiyə qədər var. Qaranlıq olan kimi məni qara basır. Belə qəribə hadisələr həyatımda baş verib. Görmüşəm ki, kimsəəri girib üstümə gəlir. O elə bir əhval verir ki, mən dillə başa sala bilmərəm. Çox incidir məni və qorxuram. Belə şeylər rastıma gəlir.

"O boyda verilişi bağlatdırdım”

– "Rəvayət”lə "partlat”dınız. Ondan qabaq da sənətdə var idiz, amma o qədər də populyar deyildiniz. 2-ci rəvayət də gözlənilirdi və neçə il sonra oldu. Amma birinci kimi olmadı. Niyə görə?

– Hər bir şeyin öz dövrü var. Rəvayətin də öz dövrü var idi. İnsanlar ona inanırdı, dinləyirdi. Rəvayət buraxıldı sonra nə qədər insan rəvayət çıxardı. Uzun illər mən öz tamaşaçılarıma onu izah edirdim ki, rəvayətin dövrü deyil. Sadəcə olaraq mən onların xahişini yerinə yetirdim. Rəvayəti Heydər Əliyev sarayında mənim konsertim olan zaman oxudum. Onu ilk və son dəfə orada oxudum. Artıq bilirdim ki, uğur o qədər də olmayacaq. Sadəcə olaraq tamaşaçıların, dinləyicilərin təkidi ilə onu etdim. Amma mənim o uğurlu rəvayət dediyinizdən öncə də rəvayətim var idi. Sadəcə o da tanınmırdı.

– Bir zamanlar efirdə "De gəlsin” getdiyi vaxtda orada iştirak etməsəniz də çox keçmədən çıxartdığınız rəvayətlə tanındınız...

– Ümumiyyətlə, mən hər şeyə məntiqlə yanaşan adamam. Bu gün mən heç bir yarışmada yoxam. Mənim müəyyən düşüncələrim var, istiqamətlərim var. O vaxtki meyxana yarışmalarının birində mən iştirak edib 2-ci yer tutmuşam. 1-ci yeri Əlislam tutub. 2-ci yeri Aydın Xırdalanlı ilə mənə böldülər. Mən belə düşünürəm ki, mən yarışma mərhələsini keçdim. Artıq başqa iş görməliydim. Digər meyxanaçılarımız var ki, hardasa 5-6 dəfə yarışmaya çıxıblar. Mən onun məntiqin tuta bilmirəm. Məntiqi budur ki, televiziyada görünüm gündəmə gəlim. Bilirsiniz ki, uzun illər "De gəlsin” olmadı. Mirşahin müəllimlə bir dəfə üzbəüz gələndə dedi ki, "Hamısını bu etdi”. Mən ondan nə etdiyimi soruşanda izah elədi ki, mən rəvayəti yazdırandan sonra insanların istiqaməti dəyişib. "De gəlsin”dəki abu-hava artıq dəbdə deyildi. Ona görə saxladılar ki, artıq reytinq gəlməyəcək. Belə deyək, o boyda verlişi bağlatdırdım.

– "Maşın şou”dan təklif gəlibmi sizə?

– Dəfələrlə. Hətta bir dəfə Murad inciyib. Bir dəfə efirə 2 gün qalmış Muradla heyəti məni razı salmaq istəyirdi. Gördülər ki, mümkün deyil. Murad Arifi seçdilər və həmin verlişdə o, maşını apardı. Peşman olmadım. Ölkədə ən reytinqli veriliş olmasına baxmayaraq, mən özümü orada görmürəm.

– Sizinlə birlikdə Ələkbər Yasamallı, Aydın Xırdalanlı və başqaları mağar toylarına bir yerdə gedirdiniz. Sonra illər keçdi bir yerdə görünmədiniz. Sizin istiqamətiniz bir başqa səmtə, onların da başqa səmtə dəyişdi. Sonra o görüşmədiyiniz illərdə münasibət necə idi?

– Mənim hər zaman onlarla münasibətim yaxşı olub. Yeri gəlmişkən bir neçə gün öncə gecə saat 3-ə kimi biz Ələkbərlə bir yerdə olmuşuq. Ələkbərlə indi də tez-tez görüşürük. Sadəcə Aydının səhəti ilə bağlı problem var. Ona görə uzun zamandır onu görmürəm. İndi səhəti biraz yaxşılığa doğru gedir, amma əvvəl çox pis idi. Meyxanaçıların əksəriyyəti ilə münasibətim yaxşıdır.

– Onlardan nankorluq görməmisiniz? Söhbət Aydından gedir.

– Mən Ələkbərin xətrin dünyalar qədər istəyirəm. Bu saat ən darıxdığım və meyxana demək istədiyim insan Aydındır. Çox arzulayıram ki, onun səhhəti düzəlsin və biz meyxana deyək. Mən Aydından bir az niyə uzaqlaşdım? Məsləhətlərə qulaq asmırdı. Elə meyxanaçı var ki, mən ona dəfələrlə kömək etmişəm. Hətta nəticə də görmüşəm. Bəlkə də ən azını Aydın üçün etmişəm. Gördüm ki, qəbul etmir davam etmədim. Amma bu gün bilirəm ki yaxşılığa doğru gedir.

"Meyxanada özümdən sonra ikinci Rəşad Dağlını görürəm”

– Namiq Məna ilə elə bil bir az intriqanız var. Deyəsən, deyişmələrdə də 1-2 dəfə bağlamısınız. Deyişmə barədə ən çox intriqada olduğunuz Mehman Əhmədlidi, Namiq Mənadı və Elşən Xəzər.

– Müəyyən meyxanaçılar olur ki, onlarla kəskin meyxanalar olur. Elə meyxanaçılar olub ki, onlarla bəzən prinsipial meyxana deməyimizə baxmayaraq, real həyatda münasibətimiz normal olub. Bir ara rəvayətdən sonra demək olar ki, bütün meyxanaçılarla aramızda soyuqluq yaranmışdı. Çevrəmizdə olan küsüb gedənlərə deyirdim ki, Allah sizin hamınızın yolun açsın və məndən əl çəkəcəksiniz. Əlbəttə elə oldu. ”De gəlsin”lər çoxaldı, meyxanaçılar tanındı. Hamısı indi toydadılar pul qazanırlar və məndən əl çəkdilər.

– "Youtube”dəki bir meyxanaların birində Rəşad Dağlı sizin yanınızda əyləşib və yaşı azdır. Ağlınıza gələrdimi Rəşad gəlib Azərbaycanda toy bazarında oturuşmuş bir səviyyəyə çatar?

– Qəribədir ki, o vaxtlar bəlkə də yeniyetmə olduğum üçün ətrafa çox fikr verməmişəm. "Youtube”-də həmin görüntüləri görəndə təəccübləndim ki, Rəşad da orada olub. Rəşad mənə deyib ki, siz çayxanada olanda mən də gəlirdim. Rəşadı mən "De gəlsin”-də Aqşinlə olan çıxışından yadımda saxlamışam. O zaman Rəşad sanki üslubun axtarırdı və tapdı. İndi Rəşad maşallah tanınır. Məndən soruşsalar ki, səndən sonra kimdir? Bəlkə, Rəşad məndən sonra olmağı qəbul etməz, amma onu görürəm. Mən işimi görüb bitirmişəm və zirvədə buraxmışam. Mən artıq meyxana fəaliyyətim ilə kifayətlənməliyəm.

– Neçə ildir meyxana demirsiniz?

– Sizə bir sirr açım ki. 1 ay qabaq bir yaxın adam məndən xahiş etdi ki, toyda meyxana deyim. Vüqar Biləcərili, Orxan Lökbatanlı, mən və Ələkbər Yasamallı. 2 saatlıq meyxana dedik. Mən görürəm ki, həqiqətən istedadlı uşaqlarımız var. Məmnuniyyətlə, Vüqar Biləcərilinin adin deyə bilərəm, Orxan da çox gözəl meyxanaçıdır. Pərviz özü də. Gözəl meyxanaçılar çoxdur, amma orada çatmayan məsələlər var ki, onların bəzilərinə də demişəm. Mən çox istərdim ki, küçədə onların afişalarını görüm. Mən onların bəzilərinə şəxsən təklif etmişəm ki, Heydər Əliyev adına sarayda konsert təşkil etməyi öz boynuma götürürəm. Bu təşkilatçılığı heç özüm üçün etmirəm. Çox çətin işdir. Mən səhnə arxasında olacam. Sadəcə sizin həvəsiniz olsun. Hamısı deyir İnşallah, amma qalır. Elə adamlar var söz vermirsən, amma bütün gün qapının ağzındadırlar. Təklif vermişəm, istəyirəm özləri can atsınlar. Səbəb nədir? Pul qazanmağa başları çox qarışıb. Mən efirdə meyxananın vəziyyəti ilə bağlı narazılığımı bildirdim. Amma bəzi meyxanaçılar meyxananın yüksək zirvədə olduğunu dedilər. Onlar düşünür ki, səhər dururam hər kəs mənimlə şəkil çəkdirir, axşam gedirəm pul qazanıram. Dərk etmirlər ki, bunu genişləndirmək lazımdır. Bu, tarixdir. Bunu araşdırmaq lazımdır. Mən rəvayəti çəkəndə həftələrlə qapılardaydım. Gözlərim dolmuşdu, ağlamaq istəyirdim. Bu gün televizoru açırsan ancaq meyxanaçılar. Bura gəlib çıxmaq var. Bu gün toyda mən meyxana görmürəm. Meyxana ancaq toy axşamlarındadır. Dostumuzun toyu ayın 10-u idi. Toyda mən varam, toy axşamında meyxanaçılar. Mənim dövrümdə toyun ən gözəl vaxtında saat 9-da müğənniləri saxlayırdılar ki, meyxana deyənlər gəldi. Və mən çıxırdım meyxana deyirdim.

– Namiq Mənanın meyxananı "bədiyyə” sənəti adlandırırdı. Fikriniz necədir sizin?

– Mən həmişə demişəm ki, bunlar hamısı boş şeylərdir, keçib gedəcək. Bu gün də şahidsiniz getdiyinə. Bu 2 şeyə xidmət edirdi. Dəstələrin reklamına. Bir tərəfdə Namiq Məna idi, bir tərəfdə Mehman Əhmədli. Bu yalnız ona xidmət etdi ki, onlar zaman-zaman gündəmə gəldi. Əgər onun adı dəyişilməlidirsə, onda hamı yığılıb bir qərar verməlidir. Bu mənim şəxsi özümün deyil ki, durub deyim bunun adını dəyişirəm.

– Bu sənətə gələnə qədər hansı sahələrdə çalışmısınız?

– Tikintidə fəhlə, bazarda satıcı işləmişəm. İdmanla məşğul olmuşam, orta məktəbdə xor dərnəyində mahnı oxumuşam.

– Bıçağınızın qabağı da kəsir, arxası da?

– Düşünmürəm arxası da kəsir, amma qabağı kəsir. Arxasının kəsməyi o qədər də real deyil. Necə ki, bıçağın özü də real deyil.

– Namiq gözəgörünməz kremi çəksəydi ilk edəcəyi nə olardı?

– İlk ağlıma gedə bilmədiyim, arzuladığım, uşaqlıq xatirələrim olan yerlər gəldi. Məmnuniyyətlə gedib orda 2-3 gün qalardım. Gecə o yataqda yatardım, səhər oyanardım. Məkanları deməyim, amma elə yerlər var ki, böyük məmnuniyyətlə orda bir neçə gün qalardım.

– İndiki Namiq olaraq həmin yerlərə gedə bilməzsiniz?

– Yox. Gedə bilmərəm. Səbəbini deyim sizə. Orada heç yarım saat otura bilmirəm. İnsanlar qapıya düzülür. Pul istəyirlər, iş istəyirlər. Bütün o xatirələr, o hisslər hamısı ölür.

"Aygünlə olan məsələni danışaram, "şok, şok, şok!" nədir, onda bilərsiniz"

– Aygün Kazımova ilə aranızda müəyyən məsələlər oldu. Uzun bir zaman dostluq, duet ortağı. Lakin zaman keçdikcə bir soyuqluq yarandı. Əslində o məsələnin səbəbin sizdən öyrənmək istəyirik. Sizin onun bağ evini satmaq məsələsi gündəmə gəlmişdi. Yəqin ki xəbərdarsınız. Məsələnin əsli nə idi?

– Məsələnin əsli heç kimin bimədiyi bir şeydir. Hərə bir ağızdan danışır. Məsələdə Aygün Kazımovadan qorxmaq, çəkinmək deyə bir şey ola bilməz. Sadəcə mən bir kişi xeylağı olaraq bu şeylərə cavab verməməliyəm. Ona görə səbr edirəm. Elə məsələ var ki, deyirsən bu qəti olmaz. Bu məsələdə qətiyyət yoxdur. Elə bir zaman gələr ki, mən bu məsələləri bütün çılpaqlığı ilə açıb, tökərəm ortalığa. "Şok şok şok” nə deməkdir siz onda görərsiniz.

– Aygün Kazımova demişdi ki, Namiq məndən ayrılmaq üçün evləndi. Gözümdən pərdə asmaq üçün...

– Mənim evlənməyim haqda hərə bir cür danışdı. Məni düşündürmür Aygün və ya başqası nə düşünür haqqımda. Mənim də hansısa bir sənətçi haqqında düşünməyə haqqım var, onların da mənim haqqımda düşünməyə. Qoy düşünsünlər.

– Və əvvəl evli olmağınız haqda olan düşüncələr?

-Mən şəxsi məsələlərimi heç vaxt danışmıram.

"Ac yatdığım günlər olub”

– Gün var əsrə bərabər və hansı gün olub?

– Hər zaman özümü şanslı insan kimi sanmışam. Atam gəmiçi olub. Normal dolanışığımız olub. Xaricə gedib gəlirdi. Sonra səhətində problemlər başladı. Atam Neft Akademiyasında neftçi oldu. Çox kasıbçılıq yaşadım. Sonra bu kasıb oğlan birdən-birə elə bir yerlərə gedib çıxdı ki... O günlər əsrə bərabərdir. Övladım həyata gələndə baxışlarım dəyişdi. Düşünürəm ki, bu xəbəri aldığım gün də əsrə bərabərdir.

– Etdiyiniz ən böyük çılğınlıq nə olub?

– Etdiyim ən böyük çılğınlıq, əlimlə vurub pəncərəni sındırmaq olub.

– Kasıblıq görmüsünüz. Ac yatdığınız gecə olub?

Əlbəttə. Amma indi xoşbəxtlikdən dieta saxlayırıq. (gülür) Qaraçuxurda yaşayanda həyətdə cincilim falan olurdu. Onları yığıb bişirirdik.

– Bahalı yerlərdə yemək yeyəndə o günlər yadınıza gəlir?

– Dovğanı yeməkdən əlavə gətirəndə yadıma gəlir ki, biz dovğanı yemək kimi çörəklə yeyirdik. Amma indi biz bunu desert kimi yeyirik. Düşünürəm ki, bəlkə də bu mənim xoşbəxtçiliyimdir. O günləri yaşamışam ki, bu gün mən cızığımdan çıxmıram. Bəzən bahalı yerdə də otururam, ucuz yerdə də otururam. Heç vaxt cızığımdan çıxmıram. Elə adamların məclisində oluram ki, o adamların ailəsinin içiyəm. Məclisdə qalxırlar sağlığıma deyirlər. Qaldırırlar mənə elə bir təqdimat verirlər ki, düşünürəm onlardan biriyəm. Amma oradan çıxanda mən bilirəm ki, Namiq Qaraçuxurluyam.

"Borclarımı qaytarmırlar”

Ən pis vərdişiniz nədir?

– Bu gün başa düşürəm ki, ən pis vərdişim ən axırda özümü düşünməyimdir. Bu gün onun qarşısını alıram. Xaraktercə belə adamam. Məsələn: Siz mənimlə görüşmək istəyirsiniz. Amma mən başqasının işini axıra qədər tamamlayıram, sonra sizinlə görüşürəm. Nəticədə də baxırsan ki, 1 həftə hara getdi? Bu xasiyyətimi bəyənmirəm. İnşallah zaman-zaman bunun qarşısını alacam. Mənim həyatım da bu cürdür. Gözüyaşlı dostumu görürdüm, bütün həyatımı həsr edirdim ona. Hər şeyini düzəltdim: Evi var, bağı var. Amma baxdım ki özüm üçün nə etmişəm? Bu gün mən o qədər də imkanlı həyat yaşamıram, dəbdəbəli evdə oturmuram. Çünki mən başqasını daha çox düşünürəm. Bir dəfə dedim ki, "Mən bu gündən sonra heç kimə kömək etməyəcəm” elə bunu dedim bir də gördüm biri zəng etdi. Yaxın adam idi, özümdə də yox idi başqasından borc aldım verdim.

– Borclarınızı qaytarırlar?

– Elə bir şey hələ görməmişəm. Kim isə də qaytarıbsa, gətirib hirslə qaytarıb və küsüb.

Ən çox nə qədər borc vermisiniz?

Ən çox 10000 manat yadımdadır. 10 il bundan əvvəl 1 həftəlik götürmüşdülər. Odur budur yoxdur. 3 il bundan qabaq çox əsəbiləşdim. Bu ilə qədər biraz ala bilmişəm. 7500 qalıb hələ. Biz insanlara başa sala bilmirik ki, bəzən bizim də 100 manata da ehtiyacımız olan vaxt olur.

"Bir dəfə narkotikdən istifadə etmişdi, çox zəif alınmışdı, o gündən tüpürdü o şeyə"

– Meyxanaçıların bir çoxu haqda narkotik maddələrdən istifadə etdikləri haqda söhbətlər gəzir...

– Mən onlarla daimi ünsiyyətdə deyiləm. Bilmirəm dəqiq istifadə edirlər, ya yox. Amma mən də eşidirəm ordan-burdan. Onun meyxanaya heç bir aidiyyatı yoxdur. İçki bir az həyacanı öldürür. O da baxır insana. Elə insan var içəndə dili topuq vurur. Elə insan da var içəndə güclənir. Boş şeydir. Ayıq başla hər şeyi daha çox dərk edirsən. Mənim içkili meyxanam olub. Baxan kimi bilirəm ki, burada içkili olmuşam. Bir dəfə eşitmişdim ki, Məşədibaba meyxanaların birində narkotik vasitədən istifadə etmişdi, çox zəif meyxana demişdi. O gündən tüpürdü o şeyə. Kimsə edirsə, o onun həyat tərzidir. Meyxanaya aidiyyatı yoxdur.

– O vaxt kiminlə meyxana deməkdən zövq alırdınız?

– Biri Bayram Kürdəxanı idi. Bayramı toyda görəndə elə bilirdim onu mənə hədiyyə göndəriblər. Bir dəfə Bayramla səhərəcən meyxana dedim. Bir damcı nə yoruldum, nə də bir şey. Elə istirahət etdim, elə zövq aldım ki, ifadə etmək mümkünsüz. Elçin və Nizami Rəmzi ilə də meyxana demək istəmişəm. Təəssüf ki, mən sənətə gələndə onlar dünyasını dəyişmişdilər. Günü bu gün istərəm ki, Aydınla meyxana deyim.

– Ayaqqabı biznesiniz vardı. Bankrot oldu. Kimin gözü dəydi?

– Xeyir götürmədik. Biznes var. Ayaqqabıları satırıq, fabrikə olan borcumuzu ödəyirik. Brend deyildi. 20-30 manat civarında ayaqqabılar idi. Bir az biznesə diqqətsizlik oldu. Mənim işim elə idi ki, 1 həftəmi ayırıb səhmana salırdım, amma sonra yenə diqqətsizlik olurdu.

"Ayağım artıq düzəlməyə başlayır”

– Hər şeydən danışdıq. Səhhətinizlə durumu öyrənmək istərdik. Nə vaxt ayağa qalxırsınız?

- İnşallah bir neçə gündən sonra ayağa qalxıram. Ayağa qalxan kimi dərhal İranın Tehran şəhərinə konsertə gedirəm. Geri döndükdən sonra isə sizi səhhətim və yaradıcılığımla yenidən xəbərdar edərəm. Bütün həkim heyətinə, dostlarıma, bəzi sənət dostlarıma, bəzi media nümayəndələrinə və mənim üçün dua edən bütün insanlara təşəkkürümü bildirirəm.

– Yeniliklərdən, planlarınızdan danışın.

– Yeni konsertlərimiz olacaq. Elvin Mehmanlı ilə yeni mahnımız çıxdı...

Dosye.org

 

“2017-ci il mənim üçün uğurlu oldu” - İlham Zəkiyev

"Ötən gün cənab prezident idman ictimaiyyəti ilə keçirdiyi görüşdə il ərzində qazandığımız nəticələri qeyd etdi. 2017-ci il xüsusi ilə onunla yadda qaldı ki, lV İslam Həmrəyliyi Oyunları Bakıda keçirildi. Burada 162 medal qazanan idmançılarımız oyunlarda birinci oldular".

Bunu AzVision.az-a açıqlamasında Milli Paralimpiya Komitəsinin (MPK) vitse-prezidenti, ikiqat Paralimpiya Oyunları çempionu İlham Zəkiyev deyib.

İdmançı bildirib ki, 2017-ci il onun kariyerasında uğurlu il olub: "İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazandım. Həmçinin İngiltərədə keçirilən Avropa çempionatında qızıl medala sahib oldum. Bununla yeddinci dəfə Avropa çempionu oldum. Ümumilikdə, 2017-ci il uğurlu oldu. Növbəti ildən lisenziya yarışlarımız başlayır. Qarşıda Dünya çempionatı var və ora hazırlaşırıq. Çalışacayıq ki, 2018-ci ildə də ölkəmizi Tokioda keçiriləcək Olimpiya Oyunlarında geniş heyətlə və layiqincə təmsil edəcəyik".

Dosye.org

Fərhad Bədəlbəyli: “Mənim ancaq bir arzum var: Şuşada konsert vermək!”

Moskva Dövlət Akademik Filarmoniyasının P.İ.Çaykovski adına konsert salonunda görkəmli Azərbaycan pianoçusu, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı, professor Fərhad Bədəlbəylinin 70 illik yubileyi münasibətilə təntənəli gecə təşkil olunub.

Dosye.org saytı AZƏRTAC-a iatinadən xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi, Rusiya Mədəniyyət Nazirliyi, Azərbaycanın Rusiyadakı səfirliyi, “Roskonsert” birliyinin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə baş tutan yubiley gecəsi böyük uğurla keçib. Konsertdə Moskva Filarmoniyasının Akademik Simfonik Orkestri, xalq artistləri Murad Adıgözəlzadə və Yalçın Adıgözəlov, əməkdar artistlər Əyyub Quliyev və Fuad İbrahimov, gənc tenor Azər Rzazadə, soprano Kyara İzotton iştirak ediblər. Konsertin proqramına Fikrət Əmirov, Cuzeppe Verdi, Corc Gerşvin, Sergey Raxmaninovun əsərləri daxil edilmişdi.

Fərhad Bədəlbəyli dünyanın mədəniyyət mərkəzlərindən biri olan Moskvada Azərbaycan incəsənətini təmsil etməkdən böyük şərəf duyduğunu söyləyib: “Hər bir musiqiçi üçün Moskva, London, Vyana, Nyu-York səhnələrində çıxış etmək böyük şərəfdir. Bu nəhəng musiqi mərkəzlərində səni qəbul ediblərsə, deməli sən peşəkar musiqiçisən”.

F.Bədəlbəyli qeyd edib ki, bu gün həm də Moskva səhnəsində Fikrət Əmirovun 95 illiyi münasibətilə dahi bəstəkarın əsərlərinin, o cümlədən “Sevil” operasından Balaşın ariyasının və Elmira Nəzirova ilə birgə yazdığı “Ərəb mövzusunda fortepiano üçün konsert”inin səslənməsi çox sevindiricidir. Konsert proqramında ilk dəfə S.Raxmaninovun fortepiano üçün yazdığı 2 saylı Suitası məşhur aranjemançı A.Varenberqin məxsusi işləməsində iki fortepiano və simfonik orkestrlə ifa olunub. “Moskva dinləyiciləri çox tələbkardırlar, buna görə də mən olduqca həyəcanlıyam”, - deyən görkəmli Azərbaycan musiqiçisi yubileyi ərəfəsində ən böyük arzusunu da dilə gətirib: “Mənim ancaq bir arzum var: Şuşada konsert vermək!”.

Yubiley gecənin tamaşaçıları arasında olan məşhur sənət adamları və ictimai xadimlər Fərhad Bədəlbəylini yubileyi münasibətilə təbrik ediblər.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu:

-Mən bu gün çox xoşbəxtəm ki, Rusiya paytaxtının möhtəşəm konsert salonlarından birində 60 illik dostum, Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi Fərhad Bədəlbəylinin 70 illik yubiley gecəsi keçirilir. Mən konsertin təşkilində dəstəyə görə Heydər Əliyev Fonduna təşəkkürümü bildirmək istəyirəm. Bu gün yubiley gecəsinə Azərbaycanı, onun mədəniyyətini, incəsənətini sevənlər toplaşıb. Azərbaycanın görkəmli mədəniyyət xadimlərinin Rusiya paytaxtında möhtəşəm tədbirlər keçirməsi artıq gözəl ənənəyə çevrilib. Mən dostum Fərhada daha böyük uğurlar, cansağlığı, həmişə irəlidə olmağı diləyirəm.

Rusiyanın Əməkdar İncəsənət Xadimi Janna Dozortseva:

-Fərhad uzun illər Rusiyanın konsert salonlarının yaraşığı olub. Elə bir musiqi mövsümünü xatırlamıram ki, Fərhad parlaq konsert proqramı ilə çıxış etməsin. Məşhur dirijor Veronika Dudarova da onu çox sevərdi. Fərhad çox gözəl pianoçudur. O, təkcə Azərbaycanın deyil, həm də Rusiyanın fəxri və sərvətidir.

TASS agentliyi baş direktorunun birinci müavini Mixail Qusman:

-Bu gün Moskvanın mədəni həyatında əlamətdar hadisədir. Rusiya paytaxtının ən yaxşı konsert salonlarından biri anşlaq yaşayır, tamaşaçılar Fərhadın ifasına heyrandırlar. Fərhad bu gün fortepianoda elə parlaq, elə qüsursuz, şövqlə ifa edir ki, onun 70 illik yubileyini qeyd etdiyimizə inana bilmirəm. Mən 20 yaşlı, 30 yaşlı Fərhadın konsertlərini xatırlayıram. Onu deyə bilərəm ki, səhnəyə, musiqiyə sonsuz məsuliyyətli münasibəti heç dəyişməyib. Fərhad təkcə qəlbən deyil, həm də yaradıcılığı ilə gəncdir.

SSRİ Xalq Artisti Tamara Sinyavskaya:

-Mən Fərhad Bədəlbəyliyə ilk növbədə cansağlığı, yaradıcılıq sevinci arzu edirəm. Fərhad Çaykovski adına salonda dəfələrlə çıxış edib və mən əminəm ki, bugünki konsert onun yaradıcılığının daha bir zirvəsidir.

Xalq artisti Yalçın Adıgözəlov

-Çox əlamətdar bir gün yaşayırıq, görkəmli pianoçumuz, musiqiçimiz, SSRİ Xalq Artisti Fərhad Bədəlbəylinin 70 illiyini qeyd edirik. Əminəm ki, onu irəlidə böyük sənət uğurları gözləyir. Biz silsilə yubiley konsertlərlərini Bakıda başlamışıq, bu gün Moskvada çıxış edirik və ümid edirəm ki, başqa ölkələrdə də davam etdirəcəyik. Fərhad müəllim gümrahdır, yaradıcılığının zirvəsindədir, fortepiano məktəbimizin lideridir və gənc musiqiçilərimiz üçün hər cəhətdən örnəkdir.

Dosye.org

“Ermənistan iqtidarı öz xalqını aldadır” - MÜSAHİBƏ

Bir neçə gün öncə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Kiyevdə keçirilən 50-ci sessiyasında ölkələrin ərazi bütövlüyünün toxunulmazlığı və s. kimi məsələləri özündə əks etdirən Bəyannamə qəbul edilib.

Erməni deputatlar Bəyannaməyə etirazəlaməti olaraq toplantını tərk ediblər. Onlar Ermənistana geri döndükdən sonra məsələni fərqli şəkildə mətbuata təqdim ediblər. Bəs əslində toplantıda nə baş verib?

Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev Modern.az-a müsahibəsində bu kimi məsələlərə aydınlıq gətirib.

- Eldar müəllim, Kiyevdə keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında (QDİƏT PA) maraqlı Bəyannamə qəbul olunub. Bəyannamədə qeyd edilib ki, üzv dövlətlər bir-birinin ərazi toxunulmazlığına hörmətlə yanaşmalı, bir-birinin ərazisini işğal edə bilməzlər. Ermənistandan olan deputatlar geri döndükdən sonra bu Bəyannamənin Qarabağa aid olmadığını söyləyiblər.

- Bilirsiniz, biz hər zaman Ermənistan siyasi rəhbərliyinin, deputatlarının yalan danışdıqlarının şahidi olmuşuq. Ermənistanın QDİƏT PA-dakı nümayəndə heyətinin üzvlərinin geri döndükdən sonra mətbuata verdikləri açıqlamalar da bu sıradandır. Bu Bəyannamənin layihəsini Rostov şəhərində hazırlamağa başlamışdıq. Bundan əvvəl də iyul ayında QDİƏT PA-nın  İstanbulda keçirilən 49-cu sessiyasında bunun başlanıcı olan Bəyannamə qəbul edilmişdi. İndiki Bəyannamədə qeyd olunur ki, bir dövlətin digərinin ərazi bütövlüyünü pozması yolverilməzdir. Bu, beynəlxalq hüquqda da öz əksini tapıb. Birləşmiş Millətlər Təşkilatı  Təhlükəsizlik Şurasının Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsız azad etməsi üçün 4 qətnaməsi var. Bu qətnamələrdə də qeyd olunur ki, Azərbaycanın ərazi bütövlüyü tanınmalı, zəbt edilmiş torpaqlar qeyd-şərtsiz azad edilməli, dinc əhali doğma yurduna qayıtmalıdır. AŞ PA, ATƏT PA, İslam Ölkələri Əməkdaşlıq Təşkilatı və bir sıra beynəlxalq qurumlar da Azərbaycanın ərazi bütövlyü ilə bağlı sənədlər qəbul edib.

Bizim indi QDİƏT PA-da qəbul etdiyimiz Bəyannamə bir növ bu qətnamələrin davamıdır.

İndi gələk erməni deputatların dediklərinə, öz ölkələrində verdikləri yalan informasiyalara. Əgər həqiqətən bu məsələnin Qarabağa aidiyyatı yox idisə, niyə erməni deputatlar etiraz əlaməti olaraq iclas zalını tərk etdilər? Niyə iclasda iştirak etmədilər?

Bəyannamə səsə qoyulmazdan əvvəl adəti üzrə nümayəndə heyətləri tərəfindən əlavə və dəyişikliklər təklifi edilə bilər. Bu dəfə də Ermənistan nümayəndə heyəti tərəfindən 3 əlavə təklif edildi. Bizim nümayəndə heyəti isə 1 təklif verdi.  Təklifimiz Ukrayna nümayəndə heyəti ilə razılaşdırılaraq, bizim adımızdan deyil, ev sahibi Ukrayna nümayəndə heyəti tərəfindən təqdim olundu. Daha sonra isə əlavələr səsə qoyuldu. Ermənistanın 3 təklifi QDİƏT PA-ya üzv ölkələrin nümayəndə heyətləri tərəfindən qəbul edilmədi. Bizim təklifimiz toplantıda iştirak edən nümayəndə  heyətləri tərəfindən yekdilliklə qəbul edildi. Beləliklə,  Bəyamnamə bizim əlavələrlə qəbul olunaraq, qüvvəyə mindi.

- Erməni deputatlar bu Bəyannaməni Rusiyaya aid ediblər. Sizcə, bu erməni deputatların öz məğlubiyyətlərini başqa səmtə yönəltməsidir, yoxsa?

 - Onlar yenə Ermənistan vətəndaşlarına yalan danışırlar. Guya bu Bəyannamə Rusiyaya aiddir, Qarabağa aid deyil, bu, bütövlükdə yalandır. Niyə o zaman iclası tərk etdilər? Bilirsiniz, bütün beynəlxalq təşkilatlarda olduğu kimi, QDİƏT PA-da da erməni deputatlara etimad ilbəil azalır. Çünki onlar hər zaman yalanlar danışırlar, məkirli siyasət yeridirlər.

Rusiya bizimlə tərəfdaş ölkədir. Bu gün 2 milyona yaxın azərbaycanlı Rusiyada yaşayır. Azərbaycanda isə rus millətindən olan 400 mindən çox insan yaşayır. Bizim Rusiya ilə normal qonşuluq münasibətlərimiz var. Dövlət səviyyəsində də Rusiya ilə dostluq münasibəti qurmuşuq.

Bir neçə gün öncə bir sorğu keçirilib, məlum olub ki, dünyada rusların Rusiyadan başqa ən sakit, rahat yaşadığı ölkə Azərbaycandır. Görünür ermənilər bundan çox narahatdılar. Ona görə də bu fikirlər ermənilərin uydurduğu yalandır. Ermənistan hakimiyyəti həmişəki kimi yenə də öz xalqını aldatmaqla məşğuldur. Bir daha xatırladım ki, bu məsələ erməni deputatları narahat etməsəydi, onlar zalı tərk etməzdilər. Bu əlavənin qəbul edilməsi onları o qədər narahat etdi ki, hətta QDİƏT PA-nın  mədəniyyət, siyasi, iqtisadiyyat komitələrinin iclaslarında da iştirak etmədilər.

- Necə oldu ki, bu təklifi irəli sürdünüz?

- Əvvəl məlumat üçün qeyd edim ki, QDİƏT-in Parlament Assambleyası noyabr ayının 27-də start götürdü və mən ora nümayəndə heyətilə getmişdim. Biz orada digər dövlətlərdən olan nümayəndə heyətlərinin rəhbərlərilə görüşlər keçirdik. Bu Bəyannamənin layihəsini bundan öncə Rusiyanın Rostov şəhərində siyasi komitənin toplantıda hazırlamışdıq. Bakıya qayıtdıqdan sonra mən bu məsələ ilə bağlı Milli Məclisin sədri, hörmətli Oqtay Əsədov cənablarına məlumat vermişdim.

- Erməni deputatlar bu sənədin qəbul edilməsinə necə reaksiya verdilər?

- Parlament Assambleyasının reqlamentinə əsasən, hər bir dövlətin nümayəndə heyəti öz təkliflərini təqdim edə bilər. Biz orada qeyd etdik ki, QDİƏT-ə üzv olan ölkələr biri-birinin torpağını zəbt edə bilməzlər. Zəbt edibsə, həmin torpaqları geri qaytarmalıdır. Bildirdik ki, erməni deputatlar özləri də yaxşı anlayırlar ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir. Onlar bizim irəli sürdüyümüz əlavəni oxuyan kimi bütün nümayəndə heyəti ilə zalı tərk etdilər və bir daha geri qayıtmadılar. Assambleyada iştirak edən dövlətlərin nümayəndələri bizim təqdim etdiyimiz sənədin lehinə oldular və Bəyannamə qəbul edildi.

Mən təxminən 2 ildir ki QDİƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri olaraq iştirak edirəm. Qətiyyətlə deyə bilərəm ki, keçirdiyimiz toplantının heç birində ermənilərin qaldırdığı məsələ qəbul edilməyib.

Qurumun üzvü olan digər ölkələrin nümayəndələri də bunu bilir. Dəfələrlə bəyan etmişik ki, Ermənistan Qarabağda ancaq vandalizmlə məşğuldur. Bizim tarixi abidələrimizi dağıdırlar. Ermənistan rəhbərliyi isə bütün hallarda qeyri-konstruktiv mövqe nümayiş etdirir. Azərbaycanın mövqeyi isə həmişə dəyişməz olub, belə də olacaq.

- Azərbaycan ilk dəfə olaraq QDİƏT PA-da belə bir sənədin qəbuluna nail oldu, bu, sizin rəhbərlik etdiyiniz dövrə təsadüf edir. Bir rəhbər olaraq nümayəndə heyətinin fəaliyyətindən razısınızmı?

- Bu, bütün nümayəndə heyətinin uğuru idi. Təklif məndən olub. Hər birimizin istəyi odur ki, tez bir zamanda Qarabağ problemi həll olunsun. Ancaq Ermənistan “Böyük Ermənistan” yaratmaq xülyasındadır, hələ də bundan əl çəkməyiblər. Qətiyyətlə deyə bilərəm ki, artıq bütün dünyada Ermənistanın iç üzü açılmaqdadır. 

-  QDİƏT Parlament Assambleyasında Azərbaycanın nümayəndə heyətinin rəhbəri kimi çıxışınızda daha hansı mövzulara toxundunuz?

 - Azərbaycanın bugünkü iqtisadi, siyasi durumundan danışdım. Mən bundan istifadə edərək qeyd etdim ki, 2025-ci ildə Dünya Ekspo Sərgisi keçiriləcək. 2025-ci ildə keçirilməsi nəzərdə tutulan bu sərginin təşkili üçün namizəd olan ölkələr arasında Azərbaycan da var. Burada bizdən başqa daha üç namizəd ölkə var: Rusiya, Yaponiya və Fransa.

Gələn ilin noyabr ayında Dünya Ekspo Sərgisinin  hansı ölkədə keçrilməsinə görə səsvermə keçriləcək. Dünya Ekspo Sərgisinin 170-dən çox üzvü var. Hər ölkənin  hökuməti bir səslə namizədliyi irəli sürülmüş ölkələrin birinə səs verəcək. Mən öz çıxışımda Azərbaycanın regionda aparıcı ölkə olduğunu, regiona böyük töhfələr verdiyini, həmçinin, regionda qəbul edilən bütün proyektərdə Azərbaycanın da iştirakının olduğunu bildirdim. Ölkəmizdə keçirilmiş beynəlxalq əhəmiyyətli forumlar, toplantılar, idman yarışları barədə məlumat verdim. Regionda Azərbaycanın ən təhlükəsiz ölkə olduğunu konkret dəlillərlə diqqətə çatdırdım, ölkəmizin artıq dünyanın ən mötəbər toplantılara ev sahibliyi etdiyini vurğuladım. Azərbaycanın tolerant ölkə olduğunu bildirdim. Bu məsələlərin məhz cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirildiyini bildirdim. Assambleya toplantısında QDİƏT-dən əlavə digər beynəlxalq təşkilatların müşahidəçi qismində iştirak etdiyini nəzərə alaraq xahiş etdim ki, Yaponiyada 5, Rusiyada 4 dəfə Dünya Ekspo Sərgisi keçirilib.Yaponiya, Rusiya və Fransa inkişaf etmiş ölkələrdir, Azərbaycan isə 26 ildir ki, müstəqil dövlətdir və  inkişaf etməkdə olan ölkələrdən ən öndə gedən ölkədir. Əgər bizə səs versəniz, siz Azərbaycandakı hərtərəfli inkişafın şahidi olarsınız. Assambleyanın toplantısından sonra isə siyasi komitənin iclası oldu. Burada da Azərbaycanın son nailiyyətləri haqqında və  Bakı-Tbilisi-Qars dəmiryolu kimi nəhəmg layihədən söhbət açdım. Bildirdim ki, bu dəmiryolu xəttinin istifadəyə verilməsi Qədim İpək Yolunun bərpası deməkdir. Bu layihənin gələcək perspektivləri haqqında məlumat verdim. Bildirdim ki, bu dəmiryolu xətti yüklərin 3-4 dəfə daha tez daşınmasına  zəmin yaradır. Bu həm vaxta, həm də məsrəflərə qənaət etmək deməkdir. Məlumat verdim ki, qonşu ölkə  İran İslam Respublikası ilə dövlət səviyyəsində danışıqlar aparılır. Yaxın vaxtlarda Bəndərabas portundan yüklər Bəndərabas – Astara – Bakı və oradan da Bakı-Tiblisi-Qars dəmiryolu xətti vasitəsilə avropaya çatdırılacaq.

“Əsrin müqaviləsi”nin 2050-ci ilə qədər uzadılması barədə də məlumat verdim. Daha sonra isə iqtisadi komitənin iclasında nümayəndə heyətinin üzvü Əflatun Amaşovun və mədəniyyət komitəsinin iclasında Jalə Əliyevanın çıxışı oldu.

- Növbəti tədbirlərdə başqa hansı addımlar atmaq fikrindəsiniz?

 - Növbəti iclas Albaniyada keçiriləcək. Bundan əvvəl fevral ayında daimi komissiyanın İstanbulda iclası olacaq. Xeyli hədəflərimiz var. Başlıcası,  Azərbaycanı olduğu kimi dünyaya tanıtmaq, düşməni ifşa etməkdir. Biz bu çıxışlarımızı dayandırmayacağıq, ədalət bərpa olunana qədər davam edəcəyik.

Dosye.org

"Əgər uşağınız autizm sindromludursa..." - Psixoloq tövsiyəsi

 

Övladı autik olan valideynlərə məsləhət

2 aprel Ümumdünya Autizm haqqında Məlumatlandırma Günü kimi qeyd olunur. Əsrin geniş yayılmış xəstəliklərindən sayılan autizm hazırda ölkəmizdə də olduqca geniş hal alıb. Autizm barəsində valideynlərin məlumatının az olması onun zamanında aşkar və təyin olunmasının qarşısını alır. Və nə qədər gec müraciət edilirsə, uğurlu nəticənin alınması da bir o qədər gecikir və çətin olur.

Aile.lent.az dushunce.az-a istinadən psixoloq Gülnar Orucova ilə autizm nədir, onun əlamətləri və müalicəsi barədə müsahibəni təqdim edir.

- Gülnar xanım, bizə izah edə bilərsinizmi autizm nədir?

- Autizm - erkən yaş dövründə başlayan, həyat boyu davam edən sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə birlikdə qəbul olunan neyropsixiatrik bir pozuntudur. Autizm – özünə qapanma və real həyatdan uzaqlaşma kimi təzahür edilir. Autizm ilk dəfə olaraq 1943-cü ildə amerikalı uşaq psixiatrı Leo Kanner tərəfindən “Erkən uşaqlıq autizmi” olaraq adlandırılmışdır. Uşaq gördüklərini, eşitdiklərini, hiss etdiklərini doğru şəkildə qəbul edə bilmir və bu səbəbdən ictimai əlaqələrdə və davranışlarda ciddi problemlər yaranır. Bəzi mütəxəssislər autizmin beyindəki neyronların normadan az olması ilə bağlı olduğunu qeyd edirlər.

Peşəkarların fikrinə görə, autistik uşaqları xəstə adlandırmaq olmaz, çünki onlar qeyri-adi istedada malik olurlar. Belə uşaqların böyüdükdən sonra rəssamlığa, musiqiyə, poeziyaya, riyaziyyata həvəsləri olur.

- Autizm ilk olaraq hansı yaşlarda özünü biruzə verir?

- Hər ana övladına verdiyi nəvaziş qarşılığında balasından cavab alır. O, anasına gülümsəyərək sanki “ana səni hiss edirəm” deyir. Lakin autik uşaqlar anaya heç bir reaksiya vermir. 1 yaşından sonra isə onlar daima özlərinə qapanır, yumordan kənar olurlar, gülməli hadisəyə belə, nadir hallarda reaksiya verib gülürlər. Əgər hər hansı bir söz demək istəyərlərsə, hər iki əllərini bir-birinə vururlar və bu hərəkətdən yorulmurlar. Öz adlarına belə, reaksiya vermirlər. Valideynlər əsasən eşitmə, görmə probleminin olduğundan şübhələnir. Bəzən 18 aya qədər inkişaf normal gedir, sonra geriləməyə başlayırlar. Sonra isə nitqdə olan sözlər itir, 1-3 yaşda özünü yenidən göstərir.

- Uşağın autizmli olmasını ana bətnindəykən müəyyən etmək mümkündürmü?

- Xeyr, təəssüflər olsun ki, hazırda belə bir şey mümkün deyil.

- Ümumi olaraq autizmin yayılma riski barədə nə deyə bilərsiniz?

- Dünya əhalisinin 1%-i autikdir. Araşdırmalar göstərir ki, oğlanların autizmli doğulması qızlardan 4 dəfə daha çoxdur. Bir uşağın autik olaraq dünyaya gəlmə ehtimalı 0.5 %-dir. Ailənin ilk uşağı autizmlidirsə, sonrakı uşağın autizmli olma riski 5-15 %-dir.

Genetik baxımdan tək yumurta əkizləri bir-birinin eyni olduğu üçün onlardan birinin autizmli olması digərinin də eyni vəziyyətdə olması riskini 35-70 % artırır. Fərqli yumurta əkizlərində də risk mövcuddur, lakin nisbətən az, təxminən 0.23 %.

- Autik uşaqlarda zəka hansı səviyyədə olur?

- Autizm sosial və ünsiyyət qabiliyyətinin yaranmasına təsir edən ümumi inkişaf problemidir. Autizmin əlamətləri əsasən 2 yaşından sonra özünü göstərməyə başlayır. Autizmli uşaqlar əsasən öyrənmək və dərk etməkdə çətinlik çəkirlər. Bu cür uşaqlara əşyanın adını təkrar-təkrar demək lazımdır. Autik uşaqların  3/2-si əqli inkişafın geriliyindən əziyyət çəkir.

Lakin 10%-i bəzi inkişaf etmiş qabiliyyətlərə malik olurlar. Məsələn, riyazi hesablama, musiqi duyumunun güclü olması, rəsm, mozaika, bəziləri isə özlərini maraqları olan sahə üzrə ensiklopedik bilgilərə həsr edirlər. 

- Əgər kontaktda olmurlarsa, bu cür uşaqlarda hansı xüsusi istedadın olduğunu valideyn necə üzə çıxara bilər?

- Xüsusi qabiliyyətlərinin üzə çıxmasında reabilitasiyanın rolunu ayrıca qeyd etmək lazımdır. Fərdi korreksiya proqramı ilə psixopedaqoqlar autistik uşağın daha çox hansı sahəyə meyl etməsini üzə çıxarır və bunu inkişaf etdirir.

- Autik uşaqlarda qorxular, aqressiyalar müşahidə olunur. Bu, daha çox nə ilə əlaqəlidir?

- Autik uşaqların dünyasında müxtəlif qorxular vardır. Amma autik uşaqların qorxuları adi uşaqların qorxularından öz spesifik xüsusiyyətlərinə görə fərqlənir. Belə uşaqların qorxuları müxtəlif və fərqlidir. Kimisi qaranlıqdan, kimisi sudan, kimisi televizor və ya tozsorandan və s. qorxur. Autik uşaqların ən adi əşyalardan qorxduqlarını anlamaq çox çətin olur. Bu qorxular illər boyu davam edə bilər. Təəssüflə qeyd etmək lazımdır ki, belə vəziyyətdə psixikanın qoruyucu mexanizmləri işləmir. Bu da uşağın inkişafına mənfi təsir göstərir.

Onların qorxuları davranışlarında özünü biruzə verməyə bilər. Bu qorxular şüuraltı dərinlikdə gizlənərək uşağa əziyyət verir, hətta ən yaxın adamlar belə uşağın həqiqi vəziyyəti haqqında tam xəbərsiz olurlar. Qorxuların mövcudluğu uşaqları daima gərgin vəziyyətdə saxlayaraq inkişafına mane olur.

Qorxunu dəf etməyə imkan verən ən yaxşı metod terapevtik oyundur. Əgər biz uşaqda qorxunun mənbəyini biliriksə, terapevtik oyun vasitəsilə ondan qurtula bilərik.

- Autizmli uşaqlarda nitq hansı səviyyədə olur və ya ümumiyyətlə olurmu?

- Belə izah edim: 7-8 aylıq normal uşaq çoxlu-çoxlu təkrar hecalar – mama, papa, baba və s. tələffüz edir. 9 aylığında öz adını tanıyır, dönür baxır, böyüklərin söylədiyini təqlid edir, 10 aylığında 1-3 bədən üzvünü göstərir, başı ilə “yox”, əli ilə “sağ ol” edir, iti-pişiyi təqlid edir. Bir yaşında ver, al, göstər, uzan, oyna və s. tapşırıqları icra edir, 10-12 söz bilir.

Autizmli uşaqlarda qeyd etdiyimiz göstəricilərdən heç biri müşahidə edilmir və yaxud elə hallar olur ki, 8-18 aya qədər uşaqlarda normal inkişaf gedir və bu dönəmdən sonra dayanır. Ümumi olaraq desək autizmli uşaqların 50-75 %-də nitq inkişaf etmir, qalan 25-50 %-də isə nitq özünəməxsus şəklidə olur. Ən çox müşahidə edilən nitq qüsuru əvəzlikdən düzgün istifadə edilə bilməmələridir. Məsələn, mənim kitabım əvəzinə mən kitab deyirlər.

Mənasız yerə eyni sözü və cümlələri təkrarlayırlar. Bəzən öz-özünə zümzümə edirlər.

Nitqi olmayanlarda isə nitqin açılması psixopedaqoq və defoktoloq-loqopedlərin aparacağı təlim və məşğələlər sayəsində mümkündür. Ancaq yaş həddini burda xüsusilə qeyd etmək istərdim. 5 yaşdan sonra autizm sindromlu uşağın nitqinə müdaxilə etmək çox çətin olur!

- Autizmin müalicəsi varmı?

- Autizm spektr xəstəliklərinin müalicəsi üçün dünya praktikasında heç bir preparat istifadə olunmur. Bəzi mütəxəssislər isə beyni inkişaf etdirən, nitqi açan dərmanlar yazırlar, ancaq bu preparatlar daha çox yanaşı problemlərə görə yazılır. Məsələn, uşağın aqressiyası, hiperaktivliyi, yuxu pozuntusu, davranış pozuntusu və s. Varsa, onları aradan qaldırmaq üçün yazılır. Çünki uşaqlarda bu hallar izləndikcə məşğələlərin aparılması çətinləşir. Təlimə yönümlü olmurlar, reabilitasiya öz effektini gec verir.

Erkən diaqnostikanın əhəmiyyəti böyükdür və psixopedaqoji tədbirlər görülməlidir. Belə uşaqlara ABA terapiyası adlanan xüsusi terapiya tətbiq olunur. Autizm reabilitasiya olunsa belə, bəzi əlamətləri ömür boyu davam edir. Məsələn, danışsalar belə heç vaxt söhbətə başlayan tərəf olmazlar, soyuq və ruhsuz söhbət edərlər, məna dolu sözləri dərk etməzlər, zarafat və atalar sözü anlamazlar, sözlərin deyilməsində təkrara yol verərlər, cümlələr və kəlimələrin dərk edilməsində yubanarlar.

- Bəs autizmin müalicəsində hansı metodlardan istifadə olunur?

- Son zamanlarda autizmin müalicəsində bir sıra terapiyalardan istifadə olunur. Lakin bunlar tam elmi əsası olmayan metodlardır. Məsələn, delfin terapiya, hippoterapiya və ozon terapiya.

Delfin terapiya delfinlər vasitəsilə müalicə üsuludur. Burada ultrasəslər vasitəsilə orqanizmə təsir edən səslər və vibroakustik dalğalarla həmin uşaqlara təsir etmək nəzərdə tutulur. Əgər uşaq dəniz heyvanı ilə rahatlıqla ünsiyyətə girərsə, demək psixoemosional sahəyə təsir uğurla baş vermişdir. Uşaqda bunun vasitəsilə motor-sensor sferanın inkişafına zəmin yaranır. Uşaqlar daha rahat ünsiyyətə girə bilirlər və eyni zamanda bu metod onların yaddaşlarını, diqqətlərini və nitqlərini inkişaf etdirməyə də kömək edir.

Hippoterapiya isə at üzərində müxtəlif hərəkətlər vasitəsilə bədən əzələlərinin hərəkət etməsinə kömək edən bir müalicə üsuludur. Atın istiliyinin 1.5-2 dərəcə daha yüksək olduğunu göstərməklə, bunun masaj aləti kimi ayaq əzələlərinə təsir etdiyi, qan təzyiqini yüksəltdiyi, iflic, autizm, diqqət əskikliyi, ürək-damar xəstəliklərinin müalicəsində böyük rol oynadığı qeyd olunur.

Ozon kəskin iyli qazdır. O, oksigenin aktiv forması olub, təbii şəraitdə ultrabənövşəyi şüaların və elektrik gərginliyinin təsiri ilə yaranır. Ozonun təsirindən hətta güclü viruslar və bakteriyalar məhv olur və bu zaman insan hüceyrələri mənfi təsirə məruz qalmır. 20-ci əsrin əvvəllərində baş verən anemiya, pnevmaniyanın müalicəsində istifadə olunsa da, antibiotiklərin kəşfi ilə bu müalicə üsulundan kənarda qalmışdır. Hazırda bir çox xəstəliklərin müalicəsində istifadə olunur: hipertoniya, şəkər xəstəliyi, qan dövranı pozğunluğu, revmatizm, epilepsiya, miqren və baş ağrıları, eləcə də autizmli uşaqların müalicəsində.

Bu, uşaqların bədənini toksinlərdən təmizləyən bir metod kimi göstərilir. Bu metodun tətbiqindən sonra bağırsaqda düzəlmə, hiperaktiv davranışlarda azalma olduğu qeyd edilir. Ancaq bu terapiyalar heç bir elmi təsdiqini tapmayıb və bir neçə seansla nəticə əldə olunacağına söz verilməyir. Ozon terapiyadan hətta dünyasını dəyişən insanlar belə olmuşdur. Qan laxtalanmasının artması, qalxanvarı vəzin xəstəlikləri ozondan zəhərlənmə və ya ona qarşı allergiya olduqda qadağan olunur. Nevropatoloq və endokrinoloqun müayinəsindən keçmədən ozon terapiyaya başlamaq olmaz!

- Son olaraq, Gülnar  xanım, övladı autik olan valideynlərə nə məsləhət bilərdiniz?

Valideyn birmənalı şəkildə uşaqla səbrli və mehriban olmalı, həmişə müvəffəqiyyətinə inanmalıdır.

Uşağa psixoloji-emosional komfortu, özünə inamı və təhlükəsizliyi hiss etdirməli, sonra tədricən bilik-bacarıqları, davranış qaydalarını öyrətmək lazımdır.

Uşaqlarla mümkün qədər çox söhbət etmək lazımdır. Hətta uşaq buna laqeyd olsa belə!

Yadda saxlamaq lazımdır ki, digər uşaqlara nisbətən onun ünsiyyətə daha çox ehtiyacı vardır.

Uşağın hər bir sözünü, jestini, müşahidə etmək vacibdir. Bu, balaca uşağın daxili aləminin genişlənməsinə, öz emosiya və hisslərini sözlərlə ifadə etməyə kömək edəcəkdir.

Əgər uşaq bir əşyaya yaxınlaşarsa, o əşyanı adlandırmaq və uşağa əşyanı əlində saxlamağa imkan vermək lazımdır. Bu cür yanaşma ilə uşaqda bütün analizatorlar – görmə, eşitmə, hiss etmə  və s. inkişaf edir. Bu cür uşaqlara əşyanın adını dəfələrlə təkrar etmək lazımdır.

Onlarla bir yerdə oynayın və oyunu daha maraqlı edin.

Əgər uşağınız autizm sindromludursa , onu necə varsa elə qəbul etmək, heç kəslə müqayisə etməmək və zamanında mütəxəssisə müraciət etmək lazımdır!

Fəridə Qasımova

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.