Ququşun qohumu: Bütün yaxınları ondan imtina etdi


Ququşun qohumu: Bütün yaxınları ondan imtina etdi

Font ölçüsü

Əfsanəvi müğənni Ququşun azərbaycanlı qohumu Ruanna Məmmədova Milli.Az-a müsahibə verib.

- Ruanna xanım, siz dünya şöhrətli müğənni Ququşun qohumu olduğunuzu iddia edirsiniz. Ququşla qohumluq bağlarınızın olduğunu nə vaxt bilmisiniz?

- Mənim əsl adım Ruhəngizdir. Bu, İran mənşəli bir addır. Ququşun isə əsl adı Faiqə Atəşidir. Ququş mənim anamın doğma xalası qızıdır. Mənim nənəm Qüdrət onun doğma xalasıdır. Mənim adımı da məhz o qoyub. Ququş əslən iranlı yox, gəncəlidir, Gəncədən olan Qulu Suphinin nəvəsidir. Ququşun atasının adı Sabir olub. Sayılıb-seçilən seyid-peyğəmbər nəslindəndirlər. Mən ağlım kəsəndən bilirəm ki, bizim qohumluq bağlarımız var. Bu haqda rəhmətlik nənəm mənə danışardı. Halbuki onlar, bəlkə də, bir-birlərini görməyiblər, çünki sərhədlərin bağlanması nəticəsində onlar da minlərlə azərbaycanlı kimi ayrılıqdan həsrət çəkənlərdən biri olublar.

- Atası Sabir haqqında əlinizdə başqa hansı məlumatlar var?

- Onun anası Nəsrin atası Sabirlə Gəncədə tanış olub, İranda evləniblər. Bu evlilikdən təkcə Ququş dünyaya gəlib. Anası sonradan ikinci dəfə ailə həyatı qurub və bu evlilikdən iki qızı dünyaya gəlib. Əlimdə olan məlumatlar bu qədərdir.

- Qohumlar necə olub ki, bir-birlərindən ayrı düşüb?

- Ququşun nənəsi Məhbubə ikinci dəfə evlənib. Sərhəd bağlananda özü ilə İrana 3 övladını aparır. (Nəsrin, Rəfiqə və Fəxri). İlk evliliyindən olan Qüdrət adlı qızı isə Azərbaycanda qalır. Qüdrət isə mənim doğma nənəm olub. 1962-ci ildə İrandakı inqilabdan sonra Məhbubə Azərbaycana, Gəncəyə qayıdır. Azərbaycanda qızı Qüdrəti, qardaşı Həbibi görəndən sonra ürəyi partlayır, elə orada da rəhmətə gedir. Çünki o, 20 il olar ki, qızı Qüdrəti görməyib. Ququşun anası Nəsrin, xalası Rəfiqə isə İranda qalır. O gələndə təkcə balaca qızı Fəxrini özü ilə Gəncəyə gətirir. Anasına uzun ayrılıqdan sonra qovuşan Qüdrət də onu itirəndən sonra dünyasını dəyişir. O, İmamzadə qəbiristanlığında dəfn olunub.

- Ququşun qohumlarından imtina etməsinin səbəbi nədir ki?

- Ququş 18 yaşından İranda şahın şəxsi müğənnisi olub. Hətta onların sevgili olduğu da deyilirdi. O nəinki bizdən, hətta bacı-qardaşlarından da imtina edib. Bacıları Tehranda yaşayır, kifayət qədər imkanları da var. Hətta bu günlərdə ad günüm idi, bacısı məni təbrik də etdi. Ququşun doğmalarından imtina etməsinin əsl səbəbi qohumlarının ona sahib çıxmaması oldu. Belə ki, şahı İrandan qovanda Ququş qohumlarından, daha dəqiq desək, bacılarından sığınacaq istəyib. Heç kim ona sığınacaq verməyib, nəticədə isə o, bütün qohumlarından imtina edib. Onun çəkildiyi “Uzun gecə” filmi də qohumları ilə arasına soyuqluq gətirib. Çünki filmdə biləvasitə Ququşun həyatı təsvir olunub.

Doğmalarının ondan üz döndərməsinin digər bir səbəbi də məhz elə bu film olub. Çünki film çox açıq-saçıq idi, o isə seyid nəslindən idi. Hal-hazırda heç bir qohumu ilə münasibəti yoxdur. Hətta anası rəhmətə gedəndə də onu İrana buraxmadılar. Yəqin ki, mənim varlığımdan onun da xəbəri var. Yaşa dolmuşuq, indi hamı bir-birini görmək istəyir. Onun ayrılıq mahnısını dinləyəndə göz yaşlarıma qərq oluram, ürəyimdəki nisgil, ayrılıq dərdi daha da artır.

- Sizi Ququşa oxşadanlar olub?

- Gənclik illərimdən bu günə qədər məni ona oxşadırlar. Bəlkə də, oxşayıram, nə deyə bilərəm ki? Sentyabr ayında Ququş Tiflisdə konsert verəcək. Çox istərdim ki, onunla yaxından görüşüm. Bu, mənim uşaqlıq arzumdur. Bu günlərdə imicimi dəyişmək üçün çıxdığım “10-dan sonra” verilişində də mən ona çağırış etdim. Buradan da ona müraciət edirəm: “Ququş, əlim sənə çatmır, heç olmasa səsim çatsın” (kövrəlir).

- Gəncədə yaşayan başqa qohumları varmı?

- Sovet illərində onun qohumu olduğumuzu gizlədirdik. Çünki anam rus dili müəllimi idi, dayım isə hökumət adamı idi. Həmişə evdə yığışanda onun mahnılarından zümzümə edib, söhbətlər edərdik. Bakıda da, Gəncədə də yaşayan qohumları var. Ququşun doğma bibisi qızı mənim elə öz qudamdır. Təəssüflər olsun ki, xəstə yatağındadır, danışa bilmir. Xalası qızı Nuşin ilə də əlaqəm var.

- Nəslinizdə Ququşun səsinə bənzər səs varmı?

- Ququşun səsi kimi səs dünyada var ki, nəsildə də olsun? Zümzümə edəndə edirik, amma ona çata bilmərik.

- Ruanna xanım, onunla bağlı yayılan məlumatlardan birində erməni ilə ailə həyatı qurduğu deyilir. Bu, həqiqətdirmi?

- Onunla bağlı yayılan şayiələr məni çox incidir. Bu, şayiədir, o erməni ilə ailə həyatı qurmayıb. Musiqinin milliyyəti yoxdur, o, sadəcə, erməni dilində mahnı oxuyub. Bütün dünya ulduzları erməni dilində oxuyur. Buna görə onu çox qınaq atəşinə tutdular.

- Necə fikirləşirsiniz, o, sizi görmək istəyir?

- Vallah, bilmirəm. Mənim və digər qohumlarının varlığından xəbəri var, bəlkə də, görmək istəyir. Biz hətta ona məktublar da yazmışıq, məktublar ünvanına çatsa da, bizə bir cavab gəlməyib. Kinli insandırsa, görmək istəməz, amma inanmıram ki, kinli olsun, çünki buğa bürcüdür.

- Ququş əgər dünyaca məşhur müğənni olmasaydı, onu axtaracaqdınız, yoxsa?..

- Mən doğulandan çox qohumpərəstəm. Ətrafımdakı insanlarla ünsiyyət qurmağı xoşlayıram. Əlbəttə, axtarardım. Onun xalası uşaqları, bacıları heç də məşhur insanlar deyil, amma mən onlarla ünsiyyət qururam. İnanın səmimiyyətimə, o, məşhur olmasaydı da, onu bir qohum kimi axtaracaqdım.

Dosye.az

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 81 02: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.