Astarada müəllim dərsləri boykot edir


Astarada müəllim dərsləri boykot edir

Font ölçüsü

Astara rayon 2 saylı tam orta məktəbin ingilis dili müəllimi Fuad Mehrəliyev məktəbdə ona qarşı edilən haqsızlıqlara görə narazıdır.

Oxu.Az xəbər verir ki, o, bu haqda sosial şəbəkədə post paylaşıb.

O bildirib ki, şəxsinə edilən haqsızlıqları boykot edərək dərslərə getməmək qərarına gəlib:

“Müəllimlərin işə qəbulu imtahanından 54 balla Astara rayonu 2 saylı tam orta məktəbə ingilis dili müəllimi kimi göndərildim. Bu şəkildə qarşılanacağımı bilsəydim, heç getməzdim. Astara RTŞ-yə getdim, yüksək bal topladığım üçün mənə təmayül dərsləri təklif etdilər. Ancaq sonradan xərci olduğunu dedilər.

Mən məsələni sosial şəbəkədə qabartdım və bir qəpik vermədən 12 saat dərs aldım. Təhsil Şöbəsinə pul verməsəm də, məktəbə gedən gündən müxtəlif adlarla pul yığmağa başladılar. Gah deyirlər, partalar sınıb, gah deyirlər, məktəbi təmir edirik.

Gedib baxıram, heç nə yoxdur. Bir-iki ay pul ödədim, sonra vermədim. Belə olan halda məktəbdə ilk dəfə təşkil etdiyim Conversation Club (danışıq kursu) otağını məndən alıb tibb otağı yaradacaqlarını dedilər.

Şagirdlərə tam ödənişsiz danışıq dərsi verirdim, ancaq indi otaq boş qalıb, heç nə yaradılmayıb. Dəfələrlə Maya xanım (məktəbin direktoru Maya Həsənova) şagirdlərimin yanında məni məzəmmət edib və şəxsiyyətimi alçaltmağa çalışıb”.

Daha sonra gənc müəllim bütün bu olanlara rəğmən, mübarizə aparacağını və haqq öz yerini tapmayana qədər işə çıxmayacağını qeyd edib:

“Astaranın bütün məktəblərində gənc müəlllimləri sıxışdırırlar. Gedib fəhləlik edəcəm, amma haqsızlığa qarşı əyilməyəcəm. Haqq öz yerini tapana, rüşvətxor məmurlar cəzasına çatana qədər işə çıxmayacağam.

Qoy, diaqnostik qiymətləndirmədən 15-20 bal toplayanlar bir müddət məni əvəz edib işləsin. Mənim dərdim dərs saatı deyildi”.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Astara rayon 2 saylı tam orta məktəbin direktoru Maya Həsənova həmin gənc müəllimin səsləndirdiyi fikirlərin cəfəngiyyat olduğunu deyib. O bildirib ki, bu günə qədər ondan heç kim heç nə tələb etməyib:

“Həmin müəllim 2 saylı orta məktəbə müəllimlərin işə qəbulu (MİQ) imtahanı ilə qəbul olunub. Gələn kimi də ona 12 saat adi siniflər, 16 saat isə təmayüllü siniflər üçün olmaqla, cəmi 28 saat sentyabr ayının 15-dən etibarən dərs verilib. Bununla bağlı heç bir narazılıq olmayıb.

Fuad Mehrəliyev əvvəllər müəllim kimi fəaliyyət göstərib. Daha sonra səhhəti ilə bağlı işinə ara verib. Bizim orta məktəb vakant yer olması ilə bağlı Astara rayon Təhsil Şöbəsinə məlumat vermişdi. Həmin məlumatla Fuad müəllim imtahan verdikdən sonra bizim məktəbə təyinat alıb.

Bu günə qədər həmin müəllimə heç kim bir kəlmə söz deməyib. O, 54 bal toplayıb və nazirlik tərəfindən bizə göndərilib. Biz onu canla-başla qəbul etmişik”.

Fuad Mehrəliyevin məktəbdə ilk dəfə təşkil etdiyi Conversation Club (danışıq kursu) otağının əlindən alınaraq, tibb otağı yaradılacağı məsələsinə toxunan məktəbin direktoru o sinifin, həqiqətən, tibb otağı üçün ayrıldığını və lazımi avadanlıqlar olmadığı üçün müvəqqəti olaraq sinif otağı kimi fəaliyyət göstərdiyini qeyd edib:

“Tibb otağı məsələsindən söhbət düşmüşkən, deyə bilərəm ki, bizim məktəbin proyektində tibb otağı üçün ayrıca yer ayırmışdılar. Sadəcə, avadanlıq gəlmədiyi üçün otaq hazır vəziyyətdə deyildi. Avadanlıq gəlmədiyinə görə oranı ibtidai siniflər üçün sinif otağı etdik.

Daha sonra həmin tibb otağı üçün bütün nə avadanlıqlar lazımdırsa, göndərdilər. Məhz bundan sonra o otağı yenidən tibb otağı etdik. Həmin sinfi isə başqa otağa keçirdik.

Fuad Mehrəliyevin özü ingilis dili müəllimi olmaqla yanaşı, həm də sinif rəhbəridir və özünün də ayrıca sinif otağı var. Hər hansısa iclas, tədbir keçirmək fikri varsa, gedib zəhmət çəksin, ona ayrılmış otaqda keçirsin”.

Maya Həsənova ingilis dili müəllimi Fuad Mehrəliyevin şəxsinə etdiyi təhqir və məzəmmətlər haqqında da açıqlama verib. Bildirib ki, bu şər və böhtandan başqa bir şey deyil:

“Xeyr, mən heç bir müəllimi şagirdin yanında heç vaxt təhqir edə bilmərəm. Çünki onu şagirdlərin yanında təhqir etsəm, daha sonra uşaqlar həmin müəllimi dinləməyəcək. Həmçinin mən o səviyyəyə çatmamışam ki, kimisə təhqir edim. Hansısa məsələ ilə bağlı lazım olduqda da müəllimi otağıma çağıraraq, təhqir etmədən müzakirə aparıram.

Bu təhqir etməklə bağlı məsələ gündəmə gələndə sinif nümayəndəsini otağıma çağırdım və sual verdim ki, qızım, bəlkə də, mənim yadımdan çıxıb, heç olubmu ki, Maya müəllimə sinifə gəlsin və Fuad müəllimə ağır sözlər desin? Cavab verdi ki, xeyr, biz indiyə qədər elə söz eşitməmişik.

Mən onun otağına cəmisi bir dəfə girmişəm. Həmin vaxt da Fuad müəllim dərs deyirdi. Mən sinifin davamiyyətinə baxıb, çıxdım. O, yalan deyir”.

Dosye.org

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.