siyasət


Xələf Xələfov Litva Seyminin sədr müavinini qəbul edib

Xarici işlər nazirinin müavini Xələf Xələfov Litva Seyminin sədr müavini xanım İrena Şiaulienenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir müavini iki ölkə arasında siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığın yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edərək Avropa İttifaqı və digər beynəlxalq təşkilatlar çərçivəsində Litva ilə Azərbaycan arasında uğurlu əməkdaşlıq təcrübəsinin mövcud olduğunu bildirib.

X.Xələfov 26-27 oktyabr tarixlərində Vilnüsdə Azərbaycan və Litva hökumətləri arasında ikitərəfli əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsinin  iqtisadi əlaqələrin inkişafına töhfə verəcəyini bildirib.

X.Xələfov həmçinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə qarşı tərəfi məlumatlandıraraq, Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinin davam etdiyini və rəsmi Yerevanın destruktiv siyasət yürütdüyünü diqqətinə çatdırıb.

Parlamentlərarası əlaqələrə toxunan X.Xələfov Litva Seymində Xocalı soyqırımı ilə bağlı müraciətin qəbul edilməsinin yüksək qiymətləndirildiyini diqqətə çatdırdı.

İrena Şiauliene Azərbaycanın böyük layihələrin təşəbbüskarı və iştirakçısı kimi mühüm rolunu təqdir edib. İki ölkə arasında münasibətlərin inkişafında parlamentlərin böyük rolu olduğunu vurğulayan İ.Şiauliene, Azərbaycan və Litva parlamentarilərinin Baltik, GUAM parlament assambleyalarında uğurla əməkdaşlıq etdiklərini, Litva Seymində 65 nəfərdən ibarət ən böyük dostluq qrupunun məhz Azərbaycanla olmasının ikitərəfli əlaqələrimizin bariz göstəricisi olduğunu qeyd edib.

Dosye.az

Azərbaycan prezidentindən müsəlman ölkələrinə ÇAĞIRIŞ

"Ermənistan 25 ildən artıqdır, Azərbaycanın tarixi torpaqlarını - Dağlıq Qarabağı və ətrafındakı 7 rayonu işğal edib. Həmin ərazilərdə etnik təmizləmə siyasəti aparılıb, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. 1992-ci ildə Ermənistan Xocalı soyqırımını törədib. Bu hərbi cinayət nəticəsində 613 dinc azərbaycanlı qətlə yetirilib, onlardan 106-sı qadın və 63-ü uşaqdır. Minlərlə insan itkin düşüb və yaralanıb. BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı 4 qətnamə qəbul edib".

Oxu.Az-ın məlumatına görə, bunu prezident İlham Əliyev İstanbulda keçirilən D-8 sammitində çıxışında deyib.

Dövlət başçısı bildirib ki, bu qətnamələrdə erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilir: "Eyni zamanda, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT və digər təşkilatlar da oxşar qərar və qətnamələr qəbul etmişlər. Lakin işğalçı Ermənistan bu qərarlara məhəl qoymur və azərbaycanlı mülki əhaliyə qarşı hərbi cinayətlərini davam etdirir.

Ötən ilin aprelində təmas xəttində Ermənistanın silahlı hücumu nəticəsində mülki şəxslər və hərbçilər həlak olub. Yüzlərlə yaşayış evi dağıdılıb. Azərbaycan Ermənistanın bu təxribatının qarşısını qətiyyətlə aldı, ordumuz torpaqlarımızın bir hissəsini erməni işğalçılarından azad etdi. Bundan sonra Ermənistan tərəfindən tamamilə dağıdılmış Cocuq Mərcanlı qəsəbəsi yenidən quruldu. 150 evdən ibarət bu qəsəbədə məktəb, tibb məntəqəsi və məscid tikildi. Bu məscid ermənilər tərəfindən dağıdılmış Şuşa məscidinin bənzəridir".

Prezident İlham Əliyev Dağlıq Qarabağın Azərbaycanın tarixi torpağı olduğunu vurğulayıb. Dövlət başçısı qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir: "Azərbaycan dövləti və xalqı heç vaxt imkan verməyəcək ki, onun əzəli torpağında ikinci qondarma erməni dövləti yaradılsın. Ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu deyil və olmayacaq".

Azərbaycanın İslam həmrəyliyini xüsusilə əhəmiyyətli saydığını, bu işə öz töhfəsini verdiyini qeyd edən dövlət başçısı 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunduğunu xatırladıb.

"Eyni zamanda, bu il Azərbaycanda 54 müsəlman ölkəsindən gələn 3 minə yaxın idmançının iştirak etdiyi IV İslam Həmrəyliyi Oyunları keçirilib. Biz bu gün dünyada ən ciddi təhlükələrdən biri olan islamofobiyaya qarşı fəal mübarizə aparırıq. Özünü müsəlman ölkələrinin dostu kimi qələmə verməyə çalışan Ermənistan isə Dağlıq Qarabağ və ətraf bölgələrdə məscidləri və dini abidələri dağıdıb. Məscidləri dağıdan ölkə heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz", - deyə prezident bildirib.

Dosye.az

Prezident: Özbəkistan Qarabağ münaqişəsinin həllində Azərbaycanı dəstəkləyir

“Özbəkistan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir”.

Oxu.Az-ın məlumatına görə, bunu Özbəkistan prezidenti Şavkat Mirziyoyev Daşkənddə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti ilə görüşdə deyib.

Dövlət başçısı vurğulayıb ki, rəsmi Daşkəndin Dağlıq Qarabağ münaqişəsindəki mövqeyi dəyişilməzdir. "Özbəkistan Ermənistan-Azərbaycan münaqişənin həllini BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin birmənalı olaraq icrasında görür".

Dosye.az

Milli Məclis AŞPA-nın Azərbaycan əleyhinə qətnamələrinə etirazını bildirdi

Milli Məclisin bu gün keçirilən iclasında Avropa Şurası Parlament Assambleyasının son sessiyasında Azərbaycan əleyhinə qəbul olunmuş sənədlərə etiraz olunub.

Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, çıxış edən deputat Elmira Axundova bildirib ki, Ukraynadan olan deputatların Azərbaycan əleyhinə səs verməsi rəsmi Kiyev tərəfindən də narazılıqla qarşılanıb.

O qeyd edib ki, bu yaxınlarda Azərbaycanda səfərdə olan Ukrayna baş nazirinin müavini ilə Azərbaycan Ukraynalıları Konqresinin ofisində keçirilən görüşdə də bu məsələyə toxunulub: “Düşünürəm ki, deputatların o münasibəti rəsmi Kiyevin mövqeyi deyil”.

Deputat Tahir Kərimli isə AŞPA-da üzvlərini əxlaqsız adlandırıb: “Əgər Avropa Şurası Azərbaycanı öz sıralarından çıxarmaq istəyirsə, onda Azərbaycan özü o qərarı gözləmədən Avropa Şurasından çıxmaq qərarını verməlidir. Avropa bizim nə göy rəngimizi görmək istəyir, nə də yaşıl rəngimizi. Bəs, bizim Qafqaz vüqarımız harada qaldı? Biz niyə əxlaqsızlıqdan dağılan imperiyaların diktəsi ilə yaşamalıyıq? Kimi azad etməliyiksə, özümüz azad etməliyik, heç vaxt böyük qüvvələrin diktəsi ilə yaşamamalıyıq. Kor-koranə o qüvvələrin qərarlarını icra etməməliyik”. 

Spiker Oqtay Əsədov isə deputatın bu çıxışına reaksiya verib: “Əgər Avropa Şurasına kor-koranə itaət etsəydik, bizə qarşı belə davranmazdılar. Söhbətin kökü erməni diasporunun təsiri və Azərbaycanın tutduğu mövqe ilə əlaqədardır”.

Öz növbəsində deputat Fazil Mustafa bildirib ki, Avropa Şurası Azərbaycana qarşı qərəzlidir: “Amma Azərbaycan heç bir platformada meydanı ermənilərə buraxmamalıdır. Əgər bizi çıxarsalar, o halda öz kursumuzu bəyan etməliyik”.

Deputat Zahid Oruc da qeyd edib ki, ölkə prezidenti Brüssel sammitində iştirak qərarını verməklə, artıq Avropaya münasibətini ifadə edib: “Biz Avropa Şurasından çıxmaqla bağlı qərar versək, ermənilər bu fürsətdən istifadə edəcəklər. Dağlıq Qarabağın “müstəqilliyini” tanıtmaqdan tutmuş, digər məsələlərədək”.

Spiker Oqtay Əsədov isə “heç kim bu qurumdan çıxmağa hazırlaşmır. Biz bu qurumun münasibətindən danışırıq” deyə fikrini bildirib.

Səməd Seyidov isə sonda təklif edib ki, buradakı müzakirələrin nəticəsini ümumiləşdirib AŞPA-ya göndərmək lazımdır. Təklif qəbul olunub.

Dosye.az

Oqtay Əsədov: Avropa Şurasında qalıb-qalmayacağımızı müzakirə edəcəyik

“Avropa Şurası Parlament Assambleyasının sessiyasında Azərbaycan əleyhinə qətnaməyə Ukraynanın hakim partiyasından olan deputatlar səs verməsə də, bitərəf qalıblar. Bu da, məncə, doğru addım deyil”.

Oxu.Az-ın Report-a istinadən xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov bildirib.

O deyib ki, Avropa Məhkəməsinin 10 mindən yuxarı qərarı icra olunmur: “Amma Azərbaycan bütün bu qərarları yerinə yetirir, cərimələri ödəyir. Elə bil, sanki, lotoreya oynayırlar, o qədər ölkədən Azərbaycanı hədəf seçirlər. Azərbaycana qarşı məlum maddənin tətbiq edilməsi qərəzli olar. Bu baş verərsə, bizim Avropa Şurasında qalıb-qalmayacağımız müzakirə olunacaq”.

Dosye.az

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 81 02: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.