Gündəm


Astroloji proqnoz - 25 fevral

Qoç - əlaqələri bərpa edin, tərəfdaşların işlərini yoxlayın, informasiya kanallarını saf-çürük edin. Xoş xəbər ala bilərsiniz, amma hansısa məlumat sizi təbdən çıxaracaq.

Buğa - rəhbərliklə ünsiyyət üçün əlverişli gün deyil. İşdə münasibətlərin yeni stilini sınaqdan keçirə bilərsiniz. Cəsarətli davranın.

Əkizlər - romantik münasibətlər üçün düşərli gündür. Bununla belə, qarşınıza qoyduğunuz məqsədi unutmayın. İşgüzar olun. Sizi maraqlandıran mövzu ilə bağlı improvizə yolveriləndir.

Xərçəng - yaşananlar həddən ziyadə diqqətli və ehtiyatlı davranış tələb edir. Zəif olan məqam pozula bilər. Münasibətlərdə böhran yarana bilər. Amma nə etmək olar: bəlli hadisə başqa münasibəti ehtiva etmir.

Şir - olayların ritmi dəyişir. Şəraitə uyğunlaşın. Böyük ümidlərlə bağladığınız planları hələlik təxirə salın. Geri dönən ünsürlərə fikir verin. Yeni yanaşma, dərinləşmə və ya genişlənmə tələb edən məsələlər var.

Qız - əhval-ruhiyyə, motivasiya, energeikanın dəyişməsini hiss edin. Yaxın vaxtlar üçün yeni məşğuliyyət seçin.

Tərəzi - xəyallara və arzulara qapılmayın. Səmimiyyətdə ifrata varmayın, yaxın ətrafınızdakı insanlara mövqelərinizi açıqlamayın. Onlara təzyiq etməyin.

Əqrəb - çətin gündür, səhv və yanlışlıqlar riski böyükdür. Diqqəti bir məsələyə, bir problemin həllinə yönəldin.

Oxatan - yığılıb qalan gərginlik və artan küskünlük münaqişəyə səbəb ola bilər. Emosiyalarınıza hakim olun ki, səhhətinizdə fəsad yaranmasın.

Oğlaq - ürək-damar sistemini gücə salmayın. Axşam saatlarında maraqlı məşğuliyyət seçin, sizə xoş olan insanlarla ünsiyyətdə olun. Alış-verişdə məntiqli davranın.

Dolça - diqqətli olun, ehtiyatlı davranın. Toplantı, danışıqlar, anlaşma və sövdələşmələri təxirə salın. Ciddi işə, böyük sifarişin icrasına, geniş layihənin ilkin mərhələsinə başlamayın.

Balıqlar - alınan xəbərlər arasında çox faydalısı ola bilər. Fəqət, məlumat və ya informasiyanın batinini çözələyin. Emosional fon dayanıqlı olmayacaq. Olayların məğzi nəzərinizdən yayına bilər.(milli.az)

dosye.az

“Cənub Qaz Dəhlizi”nin maliyyələşmə məsələləri müzakirə edilib

Energetika naziri Natiq Əliyev “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısında iştirak üçün Bakıda səfərdə olan Avropa İnvestisiya Bankının (AİB) Mərkəzi və Cənubi Avropa şöbəsinin müdiri Flavia Palanzanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Oxu.Az xəbər verir ki, “Cənub Qaz Dəhlizi” QSC-nin baş direktoru Əfqan İsayev və AİB-nin enerji təhlükəsizliyi bölməsinin direktoru Racan Sancoy, onun müavini Piter Cefreys və bankın Türkiyəyə ayırdığı kreditlər üzrə baş mütəxəssisi Tekin Çotukun daxil olduğu nümayəndə heyətinin iştirakı ilə keçən görüşdə “Cənub Qaz Dəhlizi” layihəsinin  maliyyələşməsi ətrafında  müzakirələr aparaılıb.

Məşvərət Şurasının üçüncü iclasını qlobal layihəni daha da irəliyə aparacaq çox vacib tədbir kimi dəyərləndirən energetika naziri Natiq Əliyev beynəlxalq maliyyə qurumlarının toplantıda iştirakının mühüm əhəmiyyət daşıdığını bildirib.

“2017-ci il “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsində həlledici tarix sayılır və işlərin vaxtında başa çatdırılması maliyyə  təminatından da asılıdır.

Beynəlxalq maliyyə  təsisatlarının toplantıya qatılaraq layihənin icra vəziyyəti ilə tanış olmaları isə müvafiq qərarların qəbulunu sürətləndirəcəkdir”.

N.Əliyev bldirib ki, dünyada iqtisadi-maliyyə çətinliklərinin davam etməsinə baxmayaraq,“Cənub Qaz Dəhlizi” layihəsinin hazırda maliyyələşmə, maliyyə mənbələrinin tapılması ilə bağlı problemləri yoxdur.

Bir illik müddətdə Dünya Bankı, Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankı, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı nümunəsində beynəlxalq maliyyə qurumlarının “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi üçün maliyyə dəstəyinə, eləcə də Avropa İnvastisiya Bankının layihəyə maraq göstərməsinə nail olunub.

Avropa İnvestisiya Bankının (AİB) Mərkəzi və Cənubi Avropa şöbəsinin müdiri Flavia Palanza isə Azərbaycanın prioritetinin həm də Avropanın hədəfi olduğunu deyərək, TANAP və TAP layihələrinin maliyyələşdirilməsinin nəzərdə tutulduğunu bildirib.

O, istənilən layihə ilə bağlı maliyyə qərarlarının qəbulunda yetərli məlumatlara malik olmağın xüsusi rol oynadığını diqqətə çatdırıb.

Azərbaycanın qaz ehtiyatları, ixrac imkanları, daxili tələbatı ilə maraqlanıb və mütəmadi məlumat mübadiləsinin bankın layihələrə cəlb edilməsinə təsir göstərəcəyini qeyd edib.

dosye.az

Parisdə Xocalı soyqırımının şahidləri acı xatirələrini bölüşüblər

Parisdə Azərbaycanın Mədəniyyət Mərkəzində ölkəmizin Fransadakı səfirliyinin və Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı ilə “Xocalı-25 illik sükut: soyqırımı həqiqətləri” mövzusunda konfrans-debat keçirilib.

Oxu.Az-ın AZƏRTAC-a istinadən məlumatına görə, Azərbaycanın Dostları Assosiasiyasının sədri, Fransa Milli Assambleyasının deputatı Jan-Fransua Manselin moderatorluq etdiyi konfransın məruzəçiləri Azərbaycan Milli Məclisinin deputatı Rövşən Rzayev, münaqişə zonalarında geosiyasət üzrə ekspert Didye Şode və tarixçi alim Maksim Quen, eləcə də şahid qismində Xocalı hadisələrinin ağrı–acısını yaşamış, bu hadisələrdə hər iki valideynini itirmiş Əfsanə Ələkbərova və fotojurnalist Reza Deqati soyqırımı ilə bağlı xatirələrini bölüşüblər.

Konfrans Heydər Əliyev Fondunun hazırladığı “Xocalı soyqırımı” sənədli filminin nümayişi ilə başlayıb.

Jan-Fransua Mansel filmlə bağlı fikrini söylədikdən sonra bildirib ki, Fransa Prezidentinin ölkədə genosid və bəşəriyyətə qarşı cinayət gününün qeyd olunması üçün xüsusi bir gün təyin olunması təklifini irəli sürdüyünü eşidən kimi Xocalı soyqırımının da bu siyahıya əlavə edilməsi ilə bağlı hökumətə müraciət edib.

Milli Məclisin deputatı Rövşən Rzayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, Xocalı soyqırımı haqqında ətraflı məlumat verib, xalqımıza qarşı aparılan etnik təmizləmə siyasətindən danışıb. Deputat bildirib ki, beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müvafiq qətnamə və qərarlar qəbul etsələr də, onlar hələ də həyata keçirilməyib. 2016-cı ilin aprelində baş vermiş hadisələr Azərbaycan Ordusunun gücünü göstərdi. Bununla belə, ölkəmiz münaqişənin sülh yolu ilə həllinə üstünlük verir.

Qeyd edib ki, 2016-cı ilin noyabrında Bakıda üç erməni və üç azərbaycanlı ilə birlikdə “Ermənistan-Azərbaycan sülh platforması”nın yaradılmasına dair fikir mübadiləsi aparılıb. Dekabrın 6-da qeydiyyata alınan “Ermənistan-Azərbaycan sülh platforması”nın məqsədi vətəndaş cəmiyyətləri arasında dialoqu davam etdirmək və ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə töhfə verməkdir. Deputat Fransa cəmiyyətini bu platformaya qoşulmağa və onları dəstəkləməyə çağırıb.

Xocalı hadisələrinin şahidi, bu hadisələrdə hər iki valideynini itirən Əfsanə Ələkbərova şəhid şəhərin şahid sakini olduğunu bildirib və yaşadığı faciələrdən danışıb. Xocalı soyqırımında onun kimi 25 uşağın hər iki valideynini itirdiyini, 8 ailənin tamamilə məhv edildiyini diqqətə çatdırıb. Xocalının mühasirədə olduğunu, mütəmadi ermənilər tərəfindən atəşə tutulduğunu, soyqırımı gecəsində ermənilərin dinc əhaliyə çıxması üçün azad dəhliz vermədiklərini, bu gün həmin hadisələrlə bağlı yalan informasiyalar yaydıqlarını bildirib. O, xocalılıların öz doğma yurdlarına qayıtmaq istəyi ilə yaşadıqlarını qeyd edib.

Ə.Ələkbərova valideyn qayğısından məhrum olsa da, dövlət qayğısı gördüyünü bildirib. Xocalılıların Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın, “Xocalıya ədalət!” kampaniyasının təşəbbüsçüsü Leyla Əliyevanın qayğısı ilə daim əhatə olunduqlarını vurğulayıb.

Erməni və Azərbaycan icmalarının birgə Qarabağda yaşamasına razı olduqlarını bildirən Ə.Ələkbərova beynəlxalq ictimaiyyəti Ermənistanda saxlanılan azərbaycanlı girovların, əsirlərin qaytarılmasına yardımçı olmağa səsləyib. Dünyada sülhün, barışın və əmin-amanlığın hökm sürməsini arzulayıb.

Jan-Fransua Mansel qeyd edib ki, konfransın məqsədi Xocalı hadisələri ilə bağlı faktları, Azərbaycan reallıqlarını Fransa ictimaiyyətinə çatdırmaqdır.

Maksim Quen çar Rusiyasının XIX əsrdən Qafqazda apardığı siyasətdən danışıb. Azərbaycanın müsəlman əhalisinin xristianlarla əvəz edilməsi siyasətinə toxunub. Ermənistanın ASALA terror təşkilatının həyata keçirdiyi amansız qətllərdən, qanlı cinayətlərdən söz açıb. O, ermənilərin daim özlərini qurban kimi qələmə verdiklərini bildirib. Tarixçi alim ASALA-nın müxtəlif ölkələrdə törətdiyi terror aktlarından danışıb və bu terror aktlarının erməni lobbisi tərəfindən ört-basdır edildiyini bildirib. O, Parisdəki Orli beynəlxalq aeroportunda törədilən terror aktının qurbanlarının sayının göstərildiyindən də çox olmasına baxmayaraq, bu günədək onların xatirəsinə heç bir xatirə lövhəsi qoyulmadığını bildirib. Bu terror aktının, eləcə də Xocalı soyqırımının lazımi səviyyədə qiymətləndirilməməsinin səbəblərinin eyni olduğu vurğulanıb. Tarixçi alim 1960-1980-ci illərdə ermənilər tərəfindən törədilən terror aktlarından, daşnaksutyun partiyasından danışaraq, jurnalistləri daha cürətli olmağa, Papazian və Toranian haqqında həqiqətləri yazmağa çağırıb.

Münaqişə zonalarında geosiyasət üzrə ekspert Didye Şode Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun nəticələri haqqında məlumat verib. Ekspert Azərbaycanın regionda güclü orduya malik olduğunu vurğulayıb. Ölkəmizin hərbi büdcəsindən danışaraq, onu Ermənistanın dövlət büdcəsi ilə müqayisə edib. D.Şode Azərbaycanın geosiyasi mövqeyini yüksək qiymətləndirib, onun Avropa üçün əhəmiyyətindən bəhs edib. Böyük dövlətlərin münaqişəyə ikili standartlarla yanaşdığını bildirib. O, status-kvonun qəbuledilməzliyini vurğulayıb.

Fotojurnalist Reza Deqati Xocalı soyqırımının ertəsi günü Ağdamda olduğunu bildirib, hadisə ilə bağlı xatirələrini bölüşüb. O, konfrans zamanı nümayiş olunan fotosu haqqında məlumat verib, onun Ağdamda çəkildiyini, bütün səylərinə baxmayaraq, onu Fransa mətbuatında nəşr etdirə bilmədiyini qeyd edib.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov konfrans iştirakçılarına Xocalı soyqırımı ilə bağlı həqiqətlərin təşviq edilməsində verdikləri töhfələrə görə təşəkkür edib. O, 2016-cı ilin aprel ayında baş vermiş hadisələrə toxunub.

Diplomat Heydər Əliyev Fondunun hazırladığı “Xocalı soyqırımı” sənədli filmindən göründüyü kimi dünyanın 14 ölkəsinin parlamentinin Xocalı hadisələrini “soyqırımı” və ya “kütləvi qırğın” kimi qiymətləndirdiyini diqqətə çatdırıb.

İnsan hüquqları, azadlıqlar, dəyərlər ölkəsi olan Fransada da bu hadisələrin milli səviyyədə - parlamentdə qiymətləndirilməli olduğunu bildirib. “Tarix göstərib ki, belə faciəvi hadisələrin unudulması yeni belə hadisələrin törədilməsinə apara bilər. Bir gün Fransa parlamenti həqiqəti olduğu kimi qəbul edib, bu hadisələri tanıyacaqmı?”, - deyə səfir fransalı deputata müraciət edib. O, status-kvonun qəbuledilməz və dözülməz olduğunu vurğulayıb.

Qeyd edib ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllini istəməsinə baxmayaraq, Ermənistan danşıqlardan yayınır. Böyük dövlətlərin münaqişəyə ikili standartlarla yanaşdığını qeyd edərək, “Niyə Ermənistana işğalçı ölkə kimi təzyiq göstərilmir? Bir anlıq təsəvvür etsək ki, Azərbaycan Ermənistanın 20 faiz torpağını işğal etmiş olsaydı, vəziyyət eyni olardımı? Yoxsa onu çoxdan bombalayardılar?”, - deyə diplomat ritorik suallarla vəziyyətlə bağlı fikirlərini bildirib. Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, heç bir halda Azərbaycan ərazilərində ikinci erməni dövlətinin yaradılmasına yol verilməyəcək.

Ölkəmizin UNESCO-dakı daimi nümayəndəliyinin rəhbəri Anar Kərimov Xocalı soyqırımı haqqında verilən ətraflı məlumata görə fransalı tədqiqatçılara təşəkkür edib, soyqırımı ilə bağlı fikirlərini bölüşüb.

Sonda məruzəçilər iştirakçıların suallarını cavablandırıblar. Müzakirələr zamanı Xocalı soyqırımının dünya mətbuatında, eləcə də Fransada geniş işıqlandırılmamasından, medianın susqunluğundan narahatlıq ifadə olunub. İştirakçılar Ermənistanın müstəqil dövlət olmadığını, bu gün gənclərin öz ölkələrində gələcəklərini görmədikləri üçün digər ölkələrə üz tutduqlarını diqqətə çatdırıblar. İştirakçılar Fransız mətbuatının münaqişə ilə bağlı qərəzli mövqe tutduğunu da səsləndiriblər.

dosye.az

ATƏT-in baş katibi Qarabağdakı vəziyyətdən narahatdır

Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyət narahatlıq doğurur.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, bunu bu gün ATƏT-in Parlament Assambleyasının (PA) qış sessiyasında ATƏT-in baş katibi Lamberto Zanyer bildirib.

L.Zanyer deyib ki, Münhendə Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşüb, vəziyyəti dəyərləndirib:

“Ötən il orada böyük eskalasiya baş verdi. Lakin bu il həmin ərazidə hələ də ağır silahlar var və bu, dinc insanların ölümünə səbəb olur. Ötən il atəşkəsdən sonra ən çox qurban verildiyi il olub. Biz bundan xəbərdarıq və narahatıq. Siyasi proseslərdə impulsa ehtiyac var. Problem ondadır ki, mən bu impulsu görmürəm. Biz monitorinq aparanların sayını artırmaqla bu prosesə kömək etməyə çalışırıq. Biz daha çox iş görməyə hazırıq. Hətta insidentlərin araşdırılması mexanizmini işə salmağa çalışırıq. Amma bunun üçün tərəflərin razılığına ehtiyac var”.

dosye.az

Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatı yaxşılaşdırılır

Azərbaycan Prezidenti İlham Əliyev əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Oxu.Az-ın məlumatına görə, sərəncamda deyilir ki, Azərbaycanda əhalinin keyfiyyətli içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilmiş ardıcıl tədbirlər nəticəsində 2007-2016-cı illərdə 24 rayon üzrə əhalisinin sayı 620 min nəfərdən çox olan 384 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular quraşdırılıb və 6143 ədəd supaylayıcı məntəqə tikilərək istifadəyə verilib.

Sərəncama əsasən, Kür və Araz çaylarının sularından, habelə digər su mənbələrindən istifadə edən ölkə əhalisinin keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədilə 18 rayonun 64 min nəfərdən çox əhalisi olan 100 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğuların quraşdırılması üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 16 milyon manat ayrılıb.

dosye.az

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. tel: (012) 409 81 02: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.