Sumqayıt şəhər müəllimlərindən prezidentə ŞİKAYƏT


Sumqayıt şəhər müəllimlərindən prezidentə ŞİKAYƏT

Font ölçüsü

Dosye.org saytın elektron ünvanına Sumqayıt şəhər 11 saylı tam orta məktəbin inklüziv təhsil üzrə müəllim kollektivi tərəfindən ölkə başçısına şikayət məktubu ünvanlanıb. Məktubun məzmunu ilə sizi tanış edirik:

 

Azərbaycan Respublikasının Prezidenti

Möhtərəm İlham Əliyev Cənablarına

Surəti:  Müxtəlif sayt və agentliklərin rəhbərlərinə

Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin inklüziv təhsil üzrə müəllim kollektivinin

                                                                    ŞİKAYƏTİ

Möhtərəm Cənab Prezident,

Öncədən bildiririk ki, qeyd edilən problemlə bağlı təhsil nazirliyinə dəfələrlə etdiyimiz müraciətlər nəticəsiz qaldığı üçün Sizə müraciət etməyə məcbur olduq.

Təhsil nazirliyi Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına, tapşırıq və göstərişlərinə məhəl qoymadan inklüziv layihə üzrə çalışan 26 nəfərlik müəllim kollektivimizin maaşını 3 aydır ki, vermir.

Prezident İlham Əliyev Cənablarının 24.10.2013, 19.01.2015-ci il tarixli 13 və 995 №-li Sərəncamları əsasında “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planları hazırlanıb. 2015-ci il tarixli Fəaliyyət planının 1.4 bəndində 2015-2023-cü illər üçün sağlamlıq imkanları məhdud şəxslərin inkişafı və inklüziv təhsili üzrə dövlət proqramının təsdiqi, maliyyə vəsaitinin ayrılması xüsusi olaraq qeyd olunmasına baxmayaraq, nazirlik rəsmiləri heç bir faktlara əsaslanmadan gah layihənin 2009-cu ildə bitməsindən, gah da ştat vahidlərimizin qanunsuz artırılması kimi cəfəngiyyat “səbəblər” gətirirlər.

Layihənin 2009-cu ildə bitməsini necə iddia etmək olar ki, 2010-cu ildən bu yana layihəyə 11 nəfər əlavə işçi götürülüb, onlardan 8-i cənab M.Cabbarovun nazir təyin olunduğu dövrə təsadüf edir.

Azərbaycanda "İnkluziv təhsil layihəsi"nin icrasına 2005-ci ildən başlanıb. Nazirlər Kabinetinin 3 fevral 2005-ci il tarixli, 20 №li qərarına əsasən xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili"nin təşkili üzrə inkişaf proqramı təsdiq edilmişdir.

Sumqayıt şəhərində 11 №li tam orta məktəbdə 2005-ci ildən inklüziv təhsil pilot layihə olaraq tətbiq edilməyə başlayıb. Bu layihəyə müddətsiz müqavilə ilə işə qəbul edilmişik, bu günkü günə kimi də bzimlə əmək münasibətləri davam etdirilir.

Təhsil nazirliyinin bir qrup məmurları yatıb 8 ildən sonra 2016-cı ildə ayılıblar ki, “sən demə bu layihənin müddəti 2009-cu ildən bitibmiş” ?!

“Məqsədlər”inə nail ola bilməyən nazirliyin bəzi məmurları təzyiq vasitəsi kimi 2016-cı iilin oktyabr, noyabr, dekabr aylarının maaşlarını ödəmir.

Bundan başqa, nazirlik əməkdaşları bizə ştat vahidlərinin qanunsuz artırıldığı kimi də cəfəng iddialar edir, 5 ştat vahidi əvəzinə 26 işçinin işə qəbul edilməsindən dəm vururlar. Sanki ştat vahidlərini biz artırmışıq ?!

Təhsil Nazirliyinin bəzi əməkdaşlarının 10 ildən sonra 2016-cı ildə  ştat vahidlərinin qanunsuz artırılmasını iddia etməsi daha da gülüncdür. Ştat vahidlərini qanunsuz artırılması, dövlət büdcəsindən qanunsuz xərcləmələr deməkdir.

Büdcə təşkilatlarının ştat cədvəlləri hər il maliyyə nazirliyində qeydiyyatdan keçirilir və təsdiq edilir. Büdcədən normadan artıq vəsait xərclənməsinə nəzarət edən və birbaşa cavabdehlik daşıyan yerli maliyyə orqanı bu qanunsuzluqları “görmədi” ?!

10 il ərzində  ərzində bu qanunsuzluğu nə təhsil nazirliyinin müvafiq komissiyaları,  Regional təhsil udarəsi, nə də şəhər təhsil şöbəsinin “aşkar edə bilməməsi” və ya bu qanunsuzluqlara yol verilməsinə “göz yummalarına” nə ad vermək olar ? Bu qanunsuzluğu “görməmək” mümkün deyildi.

10 ildə dövlət büdcəsindən qanunsuz xərclərə niyə göz yumulub ?

Ehtimal edirik ki, İnklüziv layihənin tətbiqi üçün ayrılan vəsait qanunsuz talan edilmişdir. Nazirliyin bəzi məmurları bu qanunsuz hərəkətlərini ört-basdır etmək üçün “çıxış yolunu” bizi işdən çıxarmaqda, layihəni bağlamaqda görürlər. Açıq-aşkar kobud surətdə bütün hüquqlarımız pozulur. Biz ərizəmizi yazıb qanuni qaydada işə qəbul edilmişik. Elekton sistemə işlənmiş müddətsiz əmək müqavilələrimiz var. İşdənçıxma əmrimiz yoxdur. Bu günkü günə kimi bizimlə əmək münasibətləri davam etdirilir. Lakin işlədiyimiz ayların maaşlarını ödəmirlər.

AR Əmək Məcəlləsi işçilərlə əmək münasibətləri davam etdirilən günədək əmək haqlarının ödənilməsini tələb edir.

İsti kabinetlərində oturub yüksək maaş alan Təhsil Nazirliyinin bir qrup məmurları 26 nəfərlik müəllim kollektivinə 200 manat maaşı çox görürlər.

Hamı qarşıdan gələn yeni ili bayram edir. Biz isə 3 aydır maaş almırıq.

Qeyd olunan problemlə bağlı Sumqayıt şəhər təhsil şöbəsinin müdir müavini Firudin Həmzəyevin, 1 saylı ərazi maliyyə hesablama mərkəzinin rəisi Elxan Süleymanovun qəbulunda olmuşuq. Nizami Namazov Sumqayıt Şəhər Təhsil şöbəsinin müdiri təyin olunanadək bizim problemlərimizə biganə yanaşan bu insanlar indi  bizə bildrirlər ki,  ki,: “maliyyə Nazirliyi pul ayırmadığı üçün maaşlarınız verilmir” , bizlik deyil, şikayətinizi təhsil nazirliyinə bildirin”

Cənab Prezident,

Xahiş edirik 3 aylıq əmək haqqı borclarımızın ödənilməsi üçün təhsil nazirliyinə göstəriş verməklə bizdən Öz köməyinizi əsirgəməyəsiniz.

Öncədən Sizə minnətdarlığımızı bildiririk.

Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin
inklüziv təhsil üzrə müəllim kollektivi

 

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. tel: (012) 409 81 02: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.