Əbülfəz Elçibəy Qorboçov haqqında: “O, tarixə böyük demokrat kimi düşəcək!”

1989-cü il 24 dekabr… Azərbaycan çağdaş jurnalistikasının əfsanələrindən sayılan Nəcəf Nəcəfovun Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəydən aldığı müsahibə “Azadlıq” qəzetində yayımlanır.

Müsahibədə bir çox maraqlı məqamlara toxunulur. Azərbaycan Xalq Cəbhəsinin o zamankı problemləri, onun gələcəyi və s. barəsində edilən söhbətlərdə bir çox maraqlı proqnozlar da verilir. Nəcəf Nəcəfov o zaman Elçibəydən SSRİ-nin ilk və son prezidenti Qorboçov haqqında da soruşur. Elçibəyin cavabı isə maraqlı olur. 

Modern.az saytı 25 il bundan öncə baş tutan söhbəti təqdim edir:

Nəcəf Nəcəfov: – Əbülfəz bəy, Mixail Qorboçov haqqında sizin fikirlərinizi bilmək maraqlıdır. Bizdə bir çoxları ona münasibətdə “Qarabağ məsələsini” meyar götürürlər. Məncə, o, böyük şəxsiyyətdir..

Əbülfəz Elçibəy: – Qorboçov demokratik hərəkatda müsbət adamdır. O, tarixə ya böyük islahatçı kimi, ya da böyük demokrat kimi daxil olacaq. Amma o, iki nöqtədə uduzur: birincisi, Qarabağ məsələsində. O, çıxışlarının birində deyirdi ki, Qarabağ problemi yenidənqurmaya arxadan vurulan zərbədir. Zərbəni vuranlar isə asudə yaşayır və işlərini davam etdirilər.
İkincisi, SSRİ-də yaşayan türkdilli və müsəlman insanlara münasibətdə. Qorboçovun ən böyük nöqsanı odur ki, o, SSRİ-nin rəhbəri olduğu halda Avropaya üz tutur. Deyir ki, Avropa hamımızın ümumi evidir. Asiya və Şərqin ondan inciməyə haqqı var. Bəs onda Asiya və Şərq hansı evə daxildir? Məncə, dediyim bu cəhət bir siyasi xadim kimi onun əsas nöqsanıdır.

N.Nəcəfovun verdiyi başqa bir sual da proqnoz xarakterli cavaba səbəb olur:

Nəcəf Nəcəfov: – Bəziləri bu fikirdədir ki, Xalq Cəbhəsi daimi olmayacaq, tezliklə dağılacaq…

Əbülfəz Elçibəy: – Təbii ki, AXC daimi ola bilməz. Çünki hər hansı bir aparat cəmiyyətdə təkbaşına olduqda və köhnəldikdə diktaturaya çevriləcək.

COMMENTS