Ekspert: “Sabitlik yaransa, bu ölkəyə ciddi sərmayələr qoyula bilər…”
Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qəninin Azərbaycana səfəri və iki ölkə arasındakı iqtisadi əlaqələrin genişlənməsi, ticarət dövriyyəsinin artırılması istiqamətindəki çıxışı mətbuatın da müzakirə mövzusuna çevrilib. Belə ki, mətbuata açıq olan görüşdə Əfqanıstan prezidenti çıxış edərək bildirib ki, Azərbaycanla iqtisadi əlaqələrinin daha da inkişaf etdirilməsi üçün yaxşı perspektivlər mövcuddur.
Prezident Əfqanıstan şirkətlərinin Azərbaycan şirkətləri ilə birgə layihələr həyata keçirmələri üçün böyük imkanların olduğunu bildirib. Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov də qeyd edib ki, iki ölkə arasındakı iqtisadi əlaqələr Azərbaycanda və Əfqanıstanda fəaliyyət göstərən şirkətlərin əməkdaşlığının genişlənməsi üçün yeni üfüqlər açır. Qeyd edilib ki, Azərbaycanda fəaliyyət göstərən şirkətlər Əfqanıstanda müxtəlif layihələr həyata keçirməkdə də maraqlıdırlar. Hər iki ölkənin yüksək səviyyəli rəsmilərindən fərqli olaraq iqtisadçı ekspertlər Əfqanıstanın investisiya qoyuluşu üçün əlverişli bir ölkə olmadığı qənaətindədirlər.
“Yeni Müsavat”a açıqlamasında bu fikirləri təsdiqləyən iqtisadçı-ekspert Vüqar Bayramov da qeyd etdi ki, Əfqanıstan investisiyanın cəlb edilməsi baxımından yeni bazar olsa da, təhlükəsizlik və iqtisadi baxımından əlverişli bazar kimi qiymətləndirilmir: “Sözsüz ki, Əfqanıstan yeni bazardır və burada investisiya imkanları daha rahatdır. Çünki orada çalışan şirkətlərin və investorların da sayı azdır. Bu da imkan verir ki, Azərbaycan şirkətləri Əfqanıstana investisiya qoyuluşlarını həyata keçirə bilsin. Ancaq təhlükəsizlik baxımından, bazarın mövqeyi baxımından əlverişli ölkə deyil. Əfqanıstan iqtisadiyyatının yetərincə çatışmazlıqları var. Bu ölkənin iqtisadiyyatı investisiya qoyuluşları üçün uğurlu variant deyil. Ölkədə terrorizm olduğu üçün nəqliyyat infrastrukturu zəif inkişaf etdiyi üçün bazar həddindən artıq kiçik olduğu üçün azərbaycanlı iş adamlarının Əfqanıstana yatırım qoyması imkanları məhduddur. Buna baxmayaraq son illər ölkələrimiz arasında ticarət dövriyyəsi artır. Bu daha çox Azərbaycanın Əfqanıstandakı antiterror fəaliyyətinə yanacaq yardımı ilə bağlıdır. Belə ki, 2014-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 276 milyon dollar olub, 2013-cü ildə bu rəqəm 205 milyon dollar idi. 2012-ci ildə 120 milyon dollar, 2011-ci ildə isə 100 milyon dollar olub. Bu isə onu göstərir ki, ilbəil ticarət dövriyyəsi artıb, bu isə Azərbaycanın Əfqanıstana yanacaq məhsulları ilə bağlı dəstək göstərməsi ilə əlaqədardır”.
Ekspert həmçinin, Əfqanıstan iş adamlarının Azərbaycana investisiya qoymaq imkanları məhdud olduğunu vurğuladı: “Mən güman etmirəm ki, Əfqanıstan iş adamlarının Azərbaycana yatırım imkanları ciddi qiymətləndirilsin. Əfqanıstanda iri şirkətlərin sayı azdır. Bu baxımdan həmin ölkənin iş adamlarının da Azərbaycana ciddi investisiya yatırımları edəcəyini gözləmək doğru olmazdı. Ona görə də iki ölkə arasında iqtisadi münasibətlərin kəskin şəkildə artacağını söyləmək mümkün deyil”.
Əfqanıstanın hansı Azərbaycan məhsullarına tələbatının olmasına gəlincə, iqtisadçı bildirdi ki, Azərbaycandan yanacaq və ərzaq məhsulları Əfqanıstana ixrac edilə bilər: “Yanacaq, eləcə də bəzi meyvə-tərəvəz və ərzaq məhsullarının Əfqanıstan bazarına çıxış imkanları var. Amma bu ölkə ilə bağlı problemlərdən biri də odur ki, orada alıcılıq qabiliyyəti çox aşağıdır. Bu səbəbdən bazarın dövriyyəsi böyük deyil. Bazarın dövriyyəsi kiçik olduğundan Əfqanıstan bazarının investorlar üçün cəlbediciliyini azaldır. Bu ölkə dünyada adambaşına düşən ümumdaxili məhsulun həcminin ən aşağı olduğu ölkələrdən biridir. Hazırda Əfqanıstanda adambaşına 413 dollar ümumdaxili məhsul düşür, hətta 1000 dollardan belə azdır. Bu da region üzrə ən aşağı göstəricilərdən hesab olunur. Ancaq bu heç də o anlama gəlməməlidir ki, Azərbaycan yalnız inkişaf etmiş və varlı ölkələrlə əməkdaşlıq etməlidir. Bir sıra yanacaq məhsullarının və ərzaq məhsullarının Əfqanıstan bazarlarına çıxarılması mümkündür. Azərbaycan yeni bazarlar axtarışındadır və Əfqanıstan da yeni bir bazar kimi Azərbaycanın çıxa biləcəyi bazardır. Lakin sözsüz ki, gəlirlilik baxımından imkanları xeyli aşağıdır”.
V. Bayramovun sözlərinə görə, Əfqanıstan valyutasının dəyəri də həddindən artıq aşağıdır: “Belə ki, 1 ABŞ dolları 68 Əfqanıstan valyutası olan əfqaniyə bərabərdir. 1 ABŞ dollarının 1,55 manat olduğunu nəzərə alsaq, Azərbaycan məhsullarının bu ölkəyə ixrac qabiliyyəti elə də yüksək deyil, yəni yerli məhsullarla müqayisədə xaricdən gətirilən məhsullar bu ölkədə daha baha satılır”.
Politoloq Qabil Hüseynli mətbuata açıqlamasında qeyd edib ki, Əfqanıstanda sabitlik yaransa, bu ölkəyə ciddi sərmayələr qoyula bilər. Hətta Əfqanıstan gələcəkdə Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından biri də ola bilər: “Azərbaycan tərəfi də Əfqanıstanla iqtisadi əməkdaşlığı genişləndirməyə səy göstərir və Azərbaycanla Əfqanıstanı gələcəkdə iqtisadi partnyorlar kimi görmək mümkündür”.
Q.Hüseynlinin fikrincə, qeyri-neft sektorunun inkişafı baxımından Azərbaycanın xarici bazarlara daxil olmaq istəyi anlaşılandır: “Əfqanıstanla iqtisadi əlaqələri genişləndirmək bizim xeyrimizədir. Gələcəkdə azərbaycanlı iş adamları Əfqanıstana çoxsaylı sərmayələr yatıra bilər”.
COMMENTS