Şoran torpaqlarımızın boynuna yazılmış yalançı “moyka”lar kimə lazımdır? Rəsmi məlumata görə ölkədə torpaqların təxminən 40 faizi şoranlaşmaya məruz qalıb. Əsasən, Kür-Araz ovalığında daha çox müşahidə olunan şoranlaşma ərazidəki 2,3 milyon ha ümumi torpaq sahəsinin təxminən 30 faizini əhatə edir.
Lakin bu barədə fərqli fikirlər və məlumatlar da var. Mütəxəssislərin rəyinə görə, Azərbaycanda sahəsi 2,2 mln hektar olan Kür-Araz ovalığı torpaqlarının təxminən 60 %-i orta və ya şiddətli dərəcədə şorlaşmış torpaqlardan ibarətdir. Ümumiyyətlə, orta və şiddətli dərəcədə şorlaşmış torpaqların respublikada ümumi sahəsi 1,3 mln. ha-dan çoxdur. Azərbaycan alimlərinin apardığı tədqiqatlar nəticəsində müəyyən olunub ki, respublikamızda kənd təsərrüfatına yararlı hesab edilən 1444,9 min hektar suvarılan torpaqların da 565481 hektarı və ya 47,6 %-i müxtəlif dərəcədə şorlaşmış, 508,3 min hektarı (29,0 %-i) isə müxtəlif dərəcədə şorakətləşməyə məruz qalmışdır.
Söhbət şorlaşmış torpaqlardan gedirsə, deməli bu problemin həlli üzərində düşünmək zərurəti var. Şorlaşmış torpağın yuyulması məsələsinə bir neçə böyük elmi mərkəz baxır. Gundelik-baku.com bildirir ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin nəzdində fəaliyyət göstərən Hidrotexnika və Meliorasiya Elm-İstehsalat Birliyi belə mərkəzlərdən deyilənə görə ən böyüyüdür. Bundan əlavə şoran torpaqlara qarşı mübarizənin fövqündə durmalı olan idarələr də var. Bu idarələr də Əhməd Əhmədzadənin rəhbərliyindəki Səhmdar Cəmiyyətə baxır. Meliorasiya idarələri də meliorasiya olunmuş suvarılan sahələrdən duzlu qrunt sularının kollektorlara axıdılmasını təmin edir.
Meliorasiya və Su Təsərrüfatı ASC-nin Ağcabədi, Beyləqan, Sabirabad və Ucar rayonlarında dörd belə idarəsi var. Meşə meliorasiya idarələrinin bilavasitə vəzifələrindən ən əsası meliorasiya olunmuş suvarılan sahələrdən duzlu qrunt sularının kollektorlara axıdılmasını həyata keçirməkdir. Azərbaycan Meliorasiya və su Təsərrüfatı ASC-inin nəzdində üç belə idarə var. Yevlax rayonunda Şirvan, Bərdə rayonunda Qarabağ, Saatlı rayonunda isə Mil-Muğan meşə meliorasiya idarələri fəaliyyət göstərir. Hələ drenaj sistemlərini demirik. Yeri gəlmişkən, məlumata görə respublikamızın suvarılan torpaqlarının vur-tut 43 faizində (609 min hektar) kompleks meliorasiya işləri aparılıb.
Nəzərə almaq lazımdır ki, ölkə ərazisinin yalnız 54,9 %-i kənd təsərrüfatına yararlıdır. Bəzi məlumatlarda əkinə yararlı torpaqların ümumi sahəsi isə cəmi 1 mln. 621 min 900 ha göstərilir. Bu da kənd təsərrüfatına yararlı torpaqların cəmi 35,9 %-ni təşkil edir. Torpaqların mənimsənilməsi ölkə qarşısında ciddi problem kimi qalmaqdadır. Belə ki, Azərbaycanda hər bir nəfərə orta hesabla 0,22 ha əkin sahəsi, 0,58 ha kənd təsərrüfatına yararlı torpaq sahəsi düşür. Daha bir alim rəyi: şorlaşmış torpaqları drenləşdirmə üsulu ilə yararlı hala salmaq olar.
Bunu da mən demirəm. Kimyəvi meliorasiya və aqrobioloji metodla meliorasiya üsulları var, ay Əhməd müəllim. Siz axı bunların hamısını bizdən yaxşı bilirsiniz. Onu da bilirsiniz ki, şorlaşmış və şorakət torpaqları birgə kompleks meliorativ təsir yolu ilə təmizləmək mümkündür. Bunu niyə mümkünsüz edirsiniz? Və nəhayət, şorlaşmış torpaqların yuyulması üçün hər il dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılır. 2007-210-cu illərdə meliorasiya sahəsinə həm büdcə xərcləri, həm də investisiya proqramı çərçivəsində 750 milyon manata yaxın vəsait xərclənib.
Təkcə 2013-cü ilin dövlət büdcəsində Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 300 milyon manatadək, 2014-cü ildə də təxminən bu qədər (bəlkə də artıq) vəsait köçürülüb. 2015-ci ilin dövlət büdcəsidə investisiya proqramı çərçivəsində Səhmdar Cəmiyyət üçün 206 milyon manatdan artıq vəsait ayrılması planlaşdırılıb. 2016-cı ilin büdcə ayırmalarında da dövlət vəsaiti və xarici kreditlər hesabına işlərin görülməsi nəzərdə tutulur. Üstəlik,dövlət xətti ilə bəzi layihələr üçün xarici banklardan yüzlərlə milyon dollar kredit də götürüb.
Həmin vəsaitlə Azərbaycandakı şoran torpaqların gülməli çıxmasın, sıxıb lap suyunu da çıxarmaq olardı. Hanı bə, Əhməd müəllim? Büdcə hesabına Belorusdan 88 yükləyici ekskovator gətirməyin ümumi xərci nə qədər ola bilər? Bəs yaxın adamlarınızın adlarına təsis edilmiş MMC-lərin tənderlərdə səssiz-səmirsiz, lap lal axan sutək udduğu ortaqlıq “pay”ları hansı büdcədən gedir? Bunların hamısının hesabını tələb edən tapılacaq… Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. Gundelik-baku.com
COMMENTS