İyulun 11-də Gürcüstanın Daxili İşlər Nazirliyi ölkədə külli miqdarda (2.800 litrə yaxın yuyucu maddədə həll edilmiş 588 kiloqram 885 qram heroin, 11 kiloqram 759 qram morfin və 2 kiloqram 201 qram kodein) narkotik maddənin saxlanılması və həmin narkotik maddənin Azərbaycan Respublikası ərazisindən tranzit olaraq keçdiyi barədə məlumat yayıb.
Hazırda bu məsələ ilə əlaqədar Gürcüstanda cinayət işi açılıb və istintaq aparılır.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, prosedur qaydalarına görə Azərbaycan tərəfi bu istintaq prosesində iştirak etmədiyindən, həmin məsələnin tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov təhqiqata beynəlxalq ekspertlərin cəlb edilməsinə kömək göstərilməsi üçün BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin icraçı direktoru Yuriy Fedotova müraciət ünvanlayıb.
Araşdırmaların nəticələri barədə ictimaiyətə əlavə məlumat veriləcək.
COMMENTS