“Hakimiyyətin keçmiş səhiyyə naziri Əli İnsanovun hesabına həbs qoymaq istəməsi əsassızdır”.
Bu barədə “Turan”a sabiq nazirin vəkili Toğrul Babayev bildirib.
“Əli İnsanovun hər hansı borcu yoxdur. Onun bütün əmlakı müsadirə edilərək əlindən alınıb. Bu isə məhkəmənin müəyyən etdiyi məbləğdən üç dəfədən də çoxdur” – deyə vəkil qeyd edib.
T.Babayev deyib ki, fevralın 11-də Əli İnsanovla görüşüb.
“Mən ixtiraçı aliməm, dərman (“İnsanovin”) kəşf etmişəm. Həmin dərmanın xaricdə istehsalından pul qazanmışam və indi də qazanıram. Qazancımdan Azərbaycanın dövlət büdcəsinə vergi şəklində yüz min dollarlarla vəsait ödəmişəm. Həmin ödəmələrlə bağlı sənədi istintaq orqanlarına və Avropa İnsan Haqları Məhkəməsinə təqdim etmişəm” – deyə Ə.İnsanov vəkili vasitəsilə bildirib.
Xatırladaq ki, bu günlərdə mətbuata Lüksemburq bankının müştərilərinin hesabları haqda məlumatlar sızıb. Bu müştərilərin arasında Əli İnsanovun da hesabı var.
Qeyd edək ki, Ə.İnsanov 2005-ci ildə dövlət çevrilişinə cəhd ittihamı ilə həbs edilib. Sonradan sabiq nazirə qarşı ittiham dəyişib və o, 2007-ci ildə iqtisadi cinayətlərdə suçlu bilinərək 11 il müddətinə həbs cəzasına məhkum edilib.
COMMENTS