Top.Mail.Ru

“Ərdoğandan xristian dünyasını silkələyən addım…” – Müsahibə

“Ərdoğandan xristian dünyasını silkələyən addım…” – Müsahibə

“Haftarın itkiləri artır. Artıq Rusiya, Fransa və BƏƏ kimi dövlətlərin küncə sıxılmış Haftarı dəstəkləməsi qeyri-mümkün görünür. Çünki Haftar gözləntiləri doğrultmadı”.

Politoloq Ramiyə Məmmədova belə düşünür.

Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

– Sizcə, ABŞ-da cərəyan edən proseslər Prezident Trampı yola salmaq üçün əvvəlcədən hazırlanmş bir ssenaridirmi? Artıq bununla bağlı müəyyən fikirlər səsləndirilir.

– Tramp hakimiyyətə gəldikdən sonra atdığı bir sıra addımlar və səsləndirdiyi bəyanatlar Amerika cəmiyyətində narazılıq yaratdı. Üstəgəl, pandemiya dönəmində yaranmış problemlərin həllinə münasibətdə Trampın gözə çarpan addımları da müşahidə olunmadı. Amerika Prezidenti əvvəllər pandemiyanı və insanların səhhətlərində yaranan problemləri ciddi qəbul etmədi. Uzun müddət bunda təkid etdi. Lakin onun açıqlamalarının əksinə olaraq, pamdemiya həm insanların səhhətlərinə, həm də sosial-iqtisadi durumuna mənfi təsir etməyə başladı. Bura qədər də, Trampın bəyanatları və yürütdüyü siyasət Amerika cəmiyyətində bölünmə yaratmışdı. Məlumdur ki, Tramp hələ 2016-cı il seçkilərindən əvvəl belə bəyanatlar verirdi ki, Amerika amerikalılar üçündür, miqrantları bu ölkədən çıxarmaq lazımdır və s. Bəyanatlarında irqçi elementlər özünü açıq şəkildə göstərirdi. Onun bu kimi çıxışları Amerika cəmiyyətində bölünmənin əsasını qoydu.

ABŞ-da gedən son prosesləri Trampın “xidmətləri”nin nəticəsi hesab edirəm. Əlbəttə, Corc Floyda qədər də ABŞ-da çox sayda qaradərili insan öldürülmüşdü. Lakin bu dəfəki olay ajiotaja səbəb oldu. Həm pandemiyanın ortaya çıxardığı iqtisadi böhran, həm də Floydun öldürülməsi belə bir partlayış yaratdı. Artıq hökumətin bu illər ərzində problemlərin öhdəsindən gələ bilməməsi və səmərəsiz fəaliyyəti insanları bezdirib. İnsanlar da buna uyğun səslərini qaldırdı.

Bu, seçki prosesinə də öz təsirini göstərir. Məlumdur ki, noyabrda ABŞ-da prezident seçkisi keçiriləcək. Amma gedən proseslərin əleyhinə olmasına baxmayaraq, Trampın gücü rəqibi Baydenlə müqayisədə daha çoxdur. Seçkilərin Trampın xeyrinə başa çatacağı istisna edilmir. Çünki Bayden zəif rəqib təsiri bağışlayır. Bununla belə, Trampın getməsi məsələsi də qabardılır. Amma bir sıra amil var ki, bu, Trampın əlini daha da gücləndirir.

Trampın getməsini istəyənlər Rusiya faktorunu ön planda tuturlar. Amerika Prezidentinin Rusiya ilə sıx münasibətlərinin olduğunu deyirlər. Lakin məsələyə təkcə bu rakursdan yanaşmaq doğru olmaz, çünki ortada bir anqlo-sakson siyasəti var. Tramp da bu siyasətə bağlı olan bir şəxsdir. Yəhudi lobbisini də nəzərdən qaçırmaq olmaz. Yəhudi lobbisinin Trampa böyük dəstəyi var. Bu da təsadüfi deyil. Çünki İsrailin Yaxın Şərqdə gedən proseslərdə bir regional güc olaraq mövqelərində möhkəmlənməsində Trampın böyük rolu mövcuddur. Bu baxımdan, indidən Trampın qarşıdakı seçkilərdən məğlub olacağını demək çətindir.

– Yunanıstan Türkiyəni savaşla hədələyir. İki ölkə arasındakı gərginlik nə ilə nəticələnəcək?

– Uzun illərdir iki ölkə arasındakı münasibətlər gərgin məcrada davam edir. Son gərginlik isə Türkiyənin Aralıq dənizin şərq hissəsində apardığı karbohidrogen axtarışları, habelə, Qara dənizdəki araşdırmaları ilə əlaqədardır. Məlumdur ki, pandemiya dönəmində Aralıq dənizində maraqları olan Yunanıstan, Misir, Fransa, ABŞ və Rusiya kimi dövlətlər geri çəkilmək qərarı verdilər. Pandemiyanın ortaya çıxardığı iqtisadi böhran onları bu addımı atmağa vadar etdi. Lakin Türkiyə geri çəkilmədi, araşdırmaları davam etdirəcəyini açıqladı. Bu araşdırmaların Kipr yaxınlığında aparılması, rəsmi Afina tərəfindən “Yunanıstan ərazilərinə müdaxilə” kimi qiymətləndirilir. Əlbəttə, bu ittihamların həqiqəti əks etdirmədiyini düşünürəm. Çünki Avropa İttifaqı, Yunanıstan və digər region dövlətləri Türkiyəni sıxışdırır, bölgədə gedən proseslərin kənarında saxlamağa cəhdlər edirlər. Bunu bacara bilmədilər. Türkiyə Liviya hökuməti ilə müqavilə imzalayaraq, bu araşdırmalarını rəsmiləşdirdi. Bu müqavilə bölgədən çıxarılacaq neftin Liviya hökuməti ilə birgə satışını nəzərdə tutur. Şübhəsiz ki, hər tərəfdən təzyiq və hücum altında olan Türkiyə bölgədəki nüfuzunu qorumaq və öz gücünü göstərmək üçün bu addımı atmalı idi.

Yunanıstanla gərginlikdəki ikinci faktor, Ayasofiya ilə bağlıdır. Məlumdur ki, Ayasofiya İstanbulun fəthi zamanı türklərin nəzarətinə keçib. Amma bu gün Ayasofiya nə kilsə, nə məscid, nə də muzey kimi işləyir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə gün əvvəl Ayasofiyada Quran oxutdurdu və bu məbədin məscidə çevrilməsi məsələsini qaldırdı. Məlumdur ki, Osmanlı vaxtilə ələ keçirdiyi ölkələrdəki bir çox kilsə və məbədi məscidə çevirib. Ərdoğan da Ayasofiyanın həm muzey, həm də məscid kimi fəaliyyət göstərməsi təklifini irəli sürdü. Əlbəttə, Yunanıstan buna sərt təpki göstərdi. Çünki Ayasofiya Bizan dövlətinə aid bir tarixi abidədir, buna görə də yunanlar onun məscid yox, kilsə kimi qalmasında maraqlı olduqlarını dilə gətirirlər. İndi bu məsələ ətrafında iki ölkə arasında gərginlik yaşanır. Amma bu məsələdə Türkiyənin haqlı tərəf olduğunu düşünürəm, çünki Ayasofiya beynəlxalq təşkilatlar tərəfindən tanınmış bir sərhədlərin daxilindədir. Yəni, Türkiyə bu tarixi abidədən istidiyi kimi istifadə etmək hüququna malikdir.

– Rusiya Liviyadakı muzdlularının (“Vaqner”) bir hissəsini geri çəkdi. Türkiyənin dəstəklədiyi hökumət qüvvələri isə Tripolidə qiyamçı Haftar ordusunu məğlub etdi. Bunu Ərdoğanın Putin üzərindəki qələbəsi hesab etmək olarmı?

– Pandemiya dövründə də Liviyadakı gərginlik səngimədi, müharibə davam edir. Məlumdur ki, Liviya iki qüvvə arasında parçalanmış durumdadır. Bu qüvvələri də bir sıra dövlət dəstəkləyir. Türkiyə BMT tərəfindən legitimliyi tanınan Liviya hökuməti tərəfindədir. Hökumət qüvvələri Türkiyənin dəstəyi ilə Haftara qarşı əməliyyatlar aparır. Artıq Haftarın geri çəkilməyə başladığını müşahidə edirik. Sirtə şəhəri, o cümlədən, Tripolidəki Vətiyyə hərbi hava bazası Haftar ordusundan geri alındı, strateji əhəmiyyətli Tərxunə şəhərinin azad olunduğu açıqlandı. Haftarın itkiləri artır. Artıq Rusiya, Fransa və BƏƏ kimi dövlətlərin küncə sıxılmış Haftarı dəstəkləməsi qeyri-mümkün görünür. Çünki Haftar gözləntiləri doğrultmadı. Amma tam olaraq demək olmaz ki, Rusiya tamamilə geri çəkilib və Putin üzərində qələbə təmin olunub. Sadəcə olaraq, Liviya ilə bağlı tərəflər arasında bir anlaşma oldu.

Digər yandan, Rusiya iqtisadi cəhətdən o qədər də güclü deyil ki, Suriyadan sonra başqa bir dövlətdə də müharibəyə girişsin. Habelə, Haftara hərbi yardım da nəticəsini vermədi, Türkiyə və müttəfiqi bölgədə böyük üstünlük təmin etməyi bacardı. Amerika özünü göstərməsə də, bu məsələdə Türkiyəyə dəstək verir. Çünki ortada bir Rusiya faktoru var. Buna görə də, ABŞ Haftarın hakimiyyətə gəlməsində maraqlı deyil. Haftar isə elə bir fiqurdur ki, həmişə asanlıqla ayrı-ayrı dövlətlərin əllərində siyasi alət olub. Vaxtilə ABŞ tərəfindən devrilən Qəddafinin oğlunun hakimiyyətə gətirmək üçün cəhdlər etmişdi. Amma bu planı da baş tutmadı, nəticədə Rusiya və Fransa kimi dövlətlərin dəstəyi ilə özü ön plana çıxdı.

Məlumdur ki, Liviyada bir çox tayfalar mövcuddur. Bu tayfaların bir hissəsi Haftarı, bir hissəsi isə hökuməti dəstəkləyirdi. İndi Haftarı dəstəkləyən tayfalar geri çəkildilər, hökumətin tərəfinə keçdilər. Bu da Haftar üçün ağır zərbə idi. Türkiyə gəldikdə, Osmanlı zamanında olduğu bu gün də Liviyaya öz təbəəsi kimi baxır. Habelə, Türkiyənin Suriyadan sonra Liviyada da öz təsir dairəsini genişləndirməsinə, onun nə qədər güclü bir dövlət olması prizmasından da baxmaq lazımdır.

DOSYE.ORG

COMMENTS