Top.Mail.Ru

Əziz Ələkbərli: “Mən Hökumət elan edirəm” deməklə təşkilat qurulmaz

Əziz Ələkbərli: “Mən Hökumət elan edirəm” deməklə təşkilat qurulmaz

Millət vəkili Əziz Ələkbərli:Qərbi Azərbaycan uğrunda mübarizə hər mənada ermənilərə qarşı informasiya müharibəsində bu gün Azərbaycana hava-su kimi lazımdır.

Bu fikirləri “Yeni Gündəm”-ə açıqlamasında millət vəkili Əziz Ələkbərli bildirib.

Yeni elan edilmiş “Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikası”nın ermənilərə qarşı informasiya müharibəsində bizə nə kimi köməyi ola bilər?

Bu amil xarici siyasətdə Azərbaycanın əlini gücləndirə bilərmi?

Biz təxminən il yarım bundan əvvəl Qərbi Azərbaycan İcmasını yaradanda qarşımıza məhz belə bir məqsəd qoymuşuq və ilk gündən elan etmişik ki, Qərbi Azərbaycan uğrunda mübarizəni Qarabağ uğrunda mübarizənin tərkib hissəsi hesab edirik. O vaxt belə təkliflər oldu ki, bu işə ilk gündən Qərbi Azərbaycan Mühacirət Hökumətini elan etməkdən başlayaq. Lakin bizdən əvvəl də belə bir hökuməti yaratmaq üçün bir neçə dəfə təşəbbüslər edilmiş, lakin hamısı iflasa uğramışdı və biz bu təcrübəni dönə-dönə təhlil etdikdən sonra belə bir yekdil qərara gəldik ki, beş-on nəfərin yığılıb birdən-birə “biz hökumət elan edirik” deməyi ilə hökumət qurulmaz. Belə hökumətin aqibəti əvvəlkilərdən fərqlənməz və bu, ümumi işimizə daha çox ziyan vura bilər. Bunun üçün mütləq sosial baza olmalıdır, əvvəl bu təşkilatda Qərbi Azərbaycanın bütün bölgələri və bu bölgələri təmsil etməyə mənəvi haqqı olan insanlar bir araya gəlməlidir. Bundan sonra Qərbi Azərbaycan İcmasını yaratdıq. Bu İcmanın strukturu belə quruldu ki, əvvəl Qərbi Azərbaycanın bütün kəndləri üzrə icmalar formalaşır, kənd icmaları rayon icmalarını təşkil edir, rayon icmaları mərkəzi orqanda birləşir. Bu təşkilatlanma başa çatdıqdan sonra artıq avtomatik olaraq Hökumət formalaşmış olur, onda rahat Hökumətə keçmək olar. Bu gün artıq Qərbi Azərbaycan İcmasında 100-ə yaxın kənd icması formalaşıb və bu proses yaxın vaxtlarda başa çatacaq. Şəxsən mən Qərbi Azərbaycan Mühacirət Hökumətinin yaranmasının başqa yolunu görmürəm və başqa yolla yaranmasını da mümkün hesab etmirəm.

Yəni Qərbi Azərbaycanın bölgələri və tanınmış şəxsiyyətləri təmsil olunmadan birdən-birə bu Hökumətin yaranmasının elan olunması mənim üçün xeyli müəmmalıdır və mən bu yolu məqbul saymıram. Xüsusilə ölkədə ciddi islahatların aparıldığı, dördüncü və beşinci kalonun ifşa olunduğu və bu kalonların nümayəndələrinin özlərini “xilas etmək” üçün bütün vasitələrə al atdığı indiki vaxtda bu təşəbbüsün tələm-tələsik ortaya atılması məndə bəzi suallar doğurur.

Bu Hökumətin qərargahının Azərbaycanda yox, qonşu ölkədə yerləşməsi ideyası da digər mübahisəli məsələdir. Qərbi Azərbaycan qaçqınları və Qərbi Azərbaycan kökənli insanların mütləq əksəriyyəti Azərbaycanda yaşadığı halda, bu Hökumət nəyə görə qonşu ölkədə fəaliyyət göstərməlidir. Bu, gələcəkdə Azərbaycan dövlətini insan haqlarını pozmaqda ittiham etməyə əsas verməyə hesablanmayıbmı?

Və nəhayət, bu Hökumət elan olunandan cəmi bir gün sonra xarici ölkələrdəki imkanlı adamlara maliyyə dəstəyi ilə bağlı müraciətlər edilməsi də məni son dərəcə narahat edir. Mən bu Hökumətin ayrı-ayrı xarici qüvvələrin maliyyə boyunduruğu altına girməsi ideyasını da kifayət qədər şübhəli hesab edirəm.

Heç kəsin görməməzliyə vurmağa haqqı yoxdur ki, İrəvanın, Göyçənin, Zəngəzurun və bütün Qərbi Azərbaycanın bizim tarixi torpaqlarımız olması fikrini beynəlxalq kürsülərdən dönə-dönə dilə gətirən məhz Azərbaycan rəhbəridir, Azərbaycan prezidenti İlham Əliyevdir və biz bu məsələdə ən böyük dəstəyi də çətin gündə dayağımız olan Azərbaycan dövlətindən, Azərbaycan rəhbərindən gözləməliyik.

DOSYE.ORG

COMMENTS