Əfqan Muxtarlı azadlığa buraxıla bilər

Əfqan Muxtarlı azadlığa buraxıla bilər

Zibeydə Sadıqova: “Əfqan Muxtarlının özü razılıq verməlidir”

Son zamanlar Azərbaycanda siyasi məhbuslarla bağlı yumşalma hiss olunur. Cari ilin martında verilən əfv sərəncamı və bu sərəncamla çoxlu sayda siyasinin azadlığa buraxılması ilə bu prosesin başlandığını söyləmək olar. Prosesin davamlı olacağı bildirilir.

Yaxın zamanlarda həbsdəki bəzi siyasilərin məhkəmələr, yerdə qalanların isə ilin sonunda əfv sərəncamı ilə azad olunacağı deyilir. Azərbaycan iqtidarının siyasi məhbus problemindən birdəfəlik qurtulmaq niyyətində olduğu da gəzən söz-söhbətlər sırasındadır.

Siyasi məhbuslardan jurnalist Əfqan Muxtarlı haqqında “Yeni Müsavat”a mötəbər mənbələrdən məlumat daxil olub. Onun tezliklə məhkəmə yolu ilə azad olunacağı iddia edilir. Mənbə jurnalistin azadlığa çıxdıqdan sonra Avropada yaşayan ailəsinin yanına gedəcəyini söyləyir.

Əslində verilən bu məlumatda kifayət qədər inandırıcı məqamlar var. Belə ki, Ə.Muxtarlı ilə bağlı son aylarda mühüm gəlişmə var. Təkcə bir faktı qeyd edə bilərik ki, ötən ayın əvvəllərində ölkəmizə səfər edən AŞ PA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Torhildur Sunna Evarsdottir həbsxanada Ə.Muxtarlı ilə görüşüb, onun ümumi durumu ilə maraqlanıb. Məruzəçinin ilin sonunda Azərbaycanla bağlı açıqlayacağı hesabatda heç şübhəsiz ki, jurnalistin həbsi və digər onunla bağlı məqamlar yer alacaq. Məhz o zamana kimi siyasi məhbusun azadlıqda olacağı bildirilir.

Xatırladaq ki, Gürcüstandan oturum izni alan jurnalist Ə.Muxtarlı 2017-ci il mayın 29-u həbs edilib.

O, Azərbaycan Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunub. Bundan başqa, ona 318.1, 206.1 maddələri ilə – sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib. Oxunan hökmlə o, 6 il müddətində azadlıqdan məhrum edilib.

Cəzasının iki il yarıma yaxın müddətini geridə qoyan Ə.Muxtarlının 3/1-lə azadlığa çıxmaq şansı yaranıb. Böyük ehtimalla bu şansdan yararlanmağa çalışılacaq.

Ə.Muxtarlının vəkili Zibeydə Sadıqova “Yeni Müsavat”a bildirdi ki, 3/1-lə azadlığa buraxılması üçün müraciətə öncəliklə onun özü razılıq verməlidir: “Biz hələ müraciət etməmişik. Nə vaxtından əvvəl azad olunması üçün müraciət olunmayıb, nə də hüquqi prosedura başlanmayıb. Amma onu da deyim ki, Əfqan Muxtarlının özü razılıq verməlidir. O isə hələ bununla bağlı nəsə deməyib. Əfqan istəməsə, biz nəsə edə bilmərik. Əvvəlki söhbətlərimizdə həmişə bunun əleyhinə olub. Onunla hələ görüşməmişəm və bu barədə fikrinin necə olduğunu bilmirəm. Lakin onu dəqiq bilirəm ki, şərti və ya 3/1 üçün müraciətin daim əleyhinə olub. Cəzasının 3/1-i tamam olmayan vaxtlarda bir dəfə söhbətimiz oldu və o bunu qəti şəkildə qəbul etmədiyini bildirdi. Onun digər vəkilləri Nemət Kərimli və Elçin Sadıqovdur. Onlar ötən ay onunla görüşüblər. Əfqanla bağlı hələ ki heç bir məhkəmə prosesi yoxdur”.

DOSYE.ORG

COMMENTS