“Əgər ABŞ Ermənistana silah göndərirsə…” – Hərbi ekspert

“Əgər ABŞ Ermənistana silah göndərirsə…” – Hərbi ekspert

“Ermənistan Rusiya ilə müttəfiq olmasına baxmayaraq, Qərb dövlətləri ilə əməkdaşlıq quraraq, ikiqütblü münasibətlərini davam etdirir. Bu, indiki məqamda hərbi-texniki sahədə də, özünü göstərməyə başlayıb”.

ABŞ-ın Bolqarıstan üzərindən Ermənistana silah göndərməsi barədə Rusiya KİV-də yayılmış məlumatları Teleqraf.com-a şərh edərkən, hərbi ekspert Ramil Məmmədli belə deyib.

Ekspert qeyd edib ki, ermənilərin ABŞ-da çoxlu sayda sənaye müəssisələri və lobbisi var:
“Bu müəssisələr birbaşa olaraq, Ermənistanı maraqlandıran məsələlərin həlli ilə məşğul olur. Bundan başqa, Ermənistanda Qərb və ABŞ-a loyal münasibət bəsləyən çoxlu sayda dövlət və hökumət rəsmisi var.

Yəni ABŞ-ın Ermənistana münasibəti Azərbaycanla münaqişənin ortaya çıxmasının ilk günündən bəllidir. Buna görə də, ABŞ-ın Ermənistana Bolqarıstan üzərindən silah göndərməsi ilə bağlı məlumatların yayılması, qeyri-adi görünməməlidir”.

Ramil Məmmədli bildirib ki, Azərbaycan ABŞ-ın bu addımına qarşı cavab tədbiri görməlidir:
“Mən Bolqarıstan tərəfinin bununla bağlı açıqlaması ilə tanış oldum. Onlar haqlıdırlar ki, Bolqarıstan tranzit vasitə kimi, Ermənistanla yanaşı, Azərbaycan və digər region ölkələri tərəfindən istifadə olunur. Buna görə də, ABŞ-ın hansısa vasitə ilə Ermənistana hərbi sənaye məhsulları göndərməsi təəccüblə qarşılanmamalıdır. Lakin bunun qarşısının alınması üçün diaspora və diplomatik səviyyələrdə tədbirlər görülməlidir. Bu barədə rəsmi səviyyədə mövqe ortaya qoyulmalıdır”.

Qeyd edək ki, Rusiya KİV-də ABŞ-ın Bolqarıstan üzərindən Ermənistana silah göndərməsi barədə məlumat yayılıb.

Dosye.org

COMMENTS