Əmlak komitəsinin müdhiş maxinasiyası

“Sabunçu İstehsalat Xidməti Bazası” ASC səhmdarlardan xəbərsiz satılıb

 

Əmlak Məsələləri üzrə Dövlət Komitəsi müdhiş maxinasiyaya imza atıb. Dosye.org-a daxil olan məlumatlara görə, məhz adıçəkilən qurum “Sabunçu İstehsalat Xidməti Bazası” ASC-ni səhmdarlardan xəbərsiz satıb. Məlumatda bildirilir ki, bu ilin avqust ayının 12-də “Sabunçu İstehsalat Xidməti Bazası” Açıq Səhmdar Cəmiyyətinin (ASC) illik ümumi yığıncağı keçirilib. Amma səhmdarlar burada qeyri-adi vəziyyətlə qarşılaşıblar. Müəssisənin 82 faiz səhmlə nəzarət paket sahibi səhmdar cəmiyyətini bütövlükdə aldığını, özündən başqa səhmdar tanımadığını deyib.
Qeyd edək ki, Cəmiyyət Bakının Sabunçu rayonunda 1.7 hektar ərazidə yerləşir. Vaxtilə Neft Şirkətinin müəssisələrindən olub, boru kəmərlərinə xidmət göstərib. Tikililəri, 3 mərtəbəli ofis binası, anqar və təmir sexi, avadanlıqları var. Əvvəllər paket sahibi naməlum şəxs olub. Heç vaxt iclas keçirməyib, 30 faiz hissə dövlətdə olduğuna görə Əmlak Komitəsinin təyin etdiyi bir nəfər orada oturub idarə edib. Sonra Komitə idarəetməsində olan səhmləri Hacı Əvəz deyilən bir adama satıb.
Məsələyə aydınlıq gətirmək üçün iclas çağırılıb. Yığıncaq saat 4-ə qədər davam edib. Paket sahibi deyib ki, mən səhmdar tanımıram, Əmlak Komitəsi bu səhmdar cəmiyyəti tam şəkildə mənə satıb. Ona izah olunub ki, cəmiyyətin 82 faiz səhmi onda olsa da, 18 faizi camaatdadır. Lakin paket sahibi səhmdarlara “gedin Əmlak Komitəsi ilə danışın, biz müəssisəni bütövlükdə onlardan almışıq deyə bildirib. Əmlak Komitəsinin problemli səhmdar cəmiyyətlərindəki nümayəndəsi Rövşən Məmmədov da orada olub. Lakin baş verənləri sükutla muşahidə edib.

COMMENTS