Əmlak Məsələləri Dövlət Komitəsinin uğurları: vətəndaş məmnunluğu

Əmlak Məsələləri Dövlət Komitəsinin uğurları: vətəndaş məmnunluğu

Azərbaycan Respublikasının Prezidenti tərəfindən şəffaflıq və operativlik, korrupsiya ilə mübarizə, ictimai agahlıq və aşkarlıq, sosial məmnunluq kimi prinsiplər ölkəmizin sosial-iqtisadi inkişafının prioritetləri elan edilib.

Aparılan sosial siyasətin mahiyyətini insan amilinin hər şeydən önə çəkilməsi, onun rifahının və maddi-mənəvi inkişafının yüksək təmin olunması, maddi kapitalın insan kapitalına çevrilməsi təşkil edir.

Ölkə başçısı qeyd olunan prinsiplərin reallaşması məqsədilə müasir informasiya-kommunikasiya texnologiyalarının, sosial xidmətlərdə innovativ və operativ üsulların tətbiqi, bu xidmətlərin əhaliyə rahat şəkildə çatdırılması, bürokratik meyllərin və hüquqi maneələrin tamamilə aradan getməsi, xidmətlərdə vaxt aparan prosedurların maksimum sadələşdirilməsi kimi tələbləri önə çəkib. Bu səbəbdən, ölkə prezidenti tərəfindən bu məsələlər daim diqqət mərkəzindədir, bununla əlaqədar olaraq, dövlət orqanlarına mütəmadi şəkildə tapşırıqlar və göstərişlər verilir, belə tapşırıqların icrası nəzarətdə saxlanılır.

Əmlak Məsələləri Dövlət Komitəsi də, dövlət orqanı kimi, qarşıya qoyulan tələbləri yerinə yetirməklə ölkəmizin sosial-iqtisadi inkişafına öz töhfəsini verməkdə davam edir. Ölkə başçısının tapşırıq və göstərişlərinin icrası məqsədilə, komitə tərəfindən dövlət əmlakının özəlləşdirilməsi, xüsusi mülkiyyətin dövlət qeydiyyatı, daşınmaz əmlakın kadastrı və ünvan reyestri sahələrində müntəzəm tədbirlər həyata keçirilir. Göstərilən xidmətlərdə şəffaflıq, rahatlıq, əlçatanlıq, vətəndaş məmnunluğu, ictimai agahlıq və maarifləndirmə kimi məsələlər komitənin fəaliyyətində mühüm prinsiplər kimi daim önə çəkilir.

Məhz bu prinsipləri rəhbər tutmaqla, komitə son illərdə fəaliyyət sahələri üzrə mühüm nəticələr əldə edib və böyük uğurlar qazanıb. Bu uğurların əsas təminatı komitə tərəfindən müasir texnologiyaların və yanaşmaların, internet vasitələrin və elektron alətlərin, xidmətlərdə yenilikçi üsul və metodların tətbiqi, hüquqi təkmilləşdirmə və prosedurların sadələşdirilməsi istiqamətində atılmış addımlar olub. Belə addımlar vətəndaş-məmur ünsiyyətinin maksimum azalması, bu ünsiyyətin tədricən elektron müstəviyə keçməsi, əhalinin xidmətlərdən daha rahat və optimal faydalanması ilə nəticələnib.

Təkcə bunu qeyd etmək yerinə düşər ki, son 2 ildə komitə tərəfindən istifadəyə verilən elektron xidmətlər fəaliyyətdə şəffaflığın daha yüksək səviyyəyə qalxmasına, vətəndaş-məmur ünsiyyətinin əhəmiyyətli dərəcədə azalmasına və vaxta böyük qənaət olunmasına gətirib çıxarıb. Bu elektron xidmətlər dövlət əmlakının özəlləşdirilməsi və idarə edilməsi, xüsusi mülkiyyətin dövlət qeydiyyatı sahələrini əhatə edir.

Bu isə komitənin fəaliyyət sferasının əksər hissəsinin elektronlaşması deməkdir. Qısa vaxt ərzində komitə elektron xidmətlərin sayını 4-dən 22-yə çatdırıb. Ötən il komitənin göstərdiyi elektron xidmətləri vahid virtual məkanda cəmləyən ayrıca www.e-emdk.gov.az portalı istifadəyə verilib. Bu xidmətlərin sayı və keyfiyyət dərəcəsi artırılmaqdadır və bu ilin sonuna komitə yeni elektron xidmətləri istifadəyə verməyi nəzərdə tutur.

Bəhs olunan elektron xidmətlər dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı hərraclarda iştirak üçün sifarişlər, dövlət əmlakının qorunub saxlanması, idarə edilməsi və istifadə vəziyyəti ilə bağlı hesabatlar, dövlət əmlakının icarəsi üzrə xidmət haqqı, daşınmaz əmlaka dair çıxarışlar, ipoteka, lizinq əməliyyatlarının qeydiyyatı və ləğvi, daşınmaz əmlakın dövlət reyestrindən məlumatların verilməsi ilə bağlıdır. Bu xidmətlər sayəsində dövlət əmlakının qorunub saxlanmasına dair xüsusi hesabat formalarının elektron qəbulu həyata keçirilir. Komitənin elektron xidmətlər portalında 5 interaktiv xidmət dövlət əmlakının özəlləşdirilməsində keçirilən hərraclara aiddir.

Belə ki, səhmdar cəmiyyətlərin səhmlərinin, kiçik dövlət müəssisə və obyektlərin, yarımçıq tikililərin, dövlət qurumlarının balansında olan nəqliyyat vasitələrinin özəlləşdirilməsinə dair keçirilən hərraclarda iştirak üçün sifarişlər elektron qaydada qəbul edilir. Dövlət əmlakının özəlləşdirilməsi sahəsində təşkil edilən elektron xidmətlər bu sahədə şəffaflığı, operativliyi və rahatlığı daha yüksək səviyyədə təmin etməyə xidmət edir.
Elektron xidmətlər vasitəsilə vətəndaşlar birbaşa öz evlərindən, heç bir yerə getmədən, əlavə vaxt sərf etmədən daşınmaz əmlakını qeydiyyatdan keçirmək üçün internet vasitəsi ilə müraciət edə bilirlər.

Banklar və digər müştərilər ipoteka və lizinq əməliyyatlarını dövlət qeydiyyatına alırlar. Bundan ötrü artıq nümayəndə və ya müştərinin ərazi idarələrinə getməsinə ehtiyac qalmayıb. Müasir informasiya texnologiyalarının tətbiqi ilə Daşınmaz Əmlakın Milli Qeydiyyat Sistemi və vahid korporativ komputer şəbəkəsi yaradılıb. İki onlayn xidmət istifadəyə verilib. Bunlardan biri daşınmaz əmlaka dair yüklülük arayışlarının (Forma-1) notariuslara onlayn şəkildə verilməsidir. Bu da vaxta böyük qənaət olunması deməkdir.

Digəri isə, daşınmaz əmlak obyekti barədə daşınmaz əmlakın dövlət reyestrindən məlumatların internet vasitəsilə verilməsi ilə bağlıdır. Belə ki, bu xidmət sayəsində mülkiyyətçilər heç bir yerə getmədən internet vasitəsilə rahat və çevik şəkildə sahibi olduğu daşınmaz əmlak barədə dövlət reyestrində qeydiyyata alınmış məlumatlarla tanış ola bilir. Bu xidmətin istifadəyə verilməsi təkcə əhali üçün deyil, dövlət qurumları, fiziki və hüquqi şəxslər, banklar, və digər daşınmaz əmlak sahibləri üçün də xüsusilə faydalıdır.

Bakı şəhərinin bütün rayonları və respublikanın bütün bölgələri üzrə günün tələblərinə cavab verən müasir ərazi qeydiyyat idarələri vətəndaşlara xidmət göstərir. Belə idarələrdə fəaliyyət müasir əsaslarla qurulub və modern idarəetmə sistemi tətbiq edilir. Əsas məqsəd isə daşınmaz əmlakın qeydiyyatında vətəndaşlara keyfiyyətli, şəffaf, və rahat xidmətlərin göstərilməsi ilə sosial məmnunluğu artırmaqdır.

Daşınmaz əmlakın qeydiyyatı sahəsinin sürətli inkişafı sayəsində vətəndaşların daşınmaz əmlakın qeydiyyatına maraqları ilbəil yüksəlir. Qeydiyyat prosesinin sadələşdirilməsi, ərazi idarələrində xidmət şəraitinin yüksəldilməsi, o cümlədən komitə tərəfindən həyata keçirilən maarifləndirmə və agahlıq tədbirləri qeydiyyat prosesini stimullaşdırır.

Son illərdəki nailiyyətlər onu göstərir ki, Əmlak Məsələləri Dövlət Komitəsi prioritet elan etdiyi şəffaflıq, rahatlıq və sosial məmnunluq prinsiplərini həyata keçirməkdə ardıcıl və məqsədyönlüdür. Komitənin sürətlə tətbiq etdiyi müasir texnologiyalar, innovativ metod və vasitələr, müasirləşdirmə və təkmilləşdirmə tədbirləri gələcəkdə mükəmməl elektron əmlak idarəçiliyi və qeydiyyat sistemini formalaşdırmasına, daha yüksək səviyyədə rahat və çevik xidmətlər göstərməsinə səbəb olacaqdır.

DOSYE.ORG

COMMENTS