Ər-arvadı gizli çəkilişlə şantaj edənlərə ağır cəza

Bu gün Bakı Apelyasiya Məhkəməsində ər və arvadı şantaj edən Ələt qəsəbə sakinləri Əkrəm Qayıbov, İsmayıl İbrahimov və Elmin Məmmədlinin cinayət işi üzrə məhkəmə başa çatıb.

Dosye.rg Teleqraf.com-a istinadən xəbər verir ki, Qaradağ rayonunun Ələt qəsəbəsinin sakini Ramil Ağayev polisə ərizə ilə müraciət edərək həyat yoldaşı ilə aralarında olan mübahisəni gizli yolla mobil telefona çəkmiş həmyerliləri Əkrəm Qayıbovun və İsmayıl İbrahimovun videonu sosial şəbəkələrdə yayacaqları ilə hədələyib və ondan 500 manat pul tələb etdiklərini bildirib.

Qaradağ rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində İsmayıl İbrahimov və Əkrəm Qayıbov 500 manat pulu Ramil Ağayevdən alarkən saxlanılıblar.

Onlardan videoyazı olan mobil telefon da aşkar edilərək götürülüb. Hər iki təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham edilib. Bakı Ağır Cinayətər Məhkəməsinin hökmü ilə Əkrəm Qayibov 7, İsmayıl İbrahimov və Elmin Məmmədli isə 6 il müddətinə azadlıqdan məhrum edilib. Onların barəsində Cinayət Məcəlləsini 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilərək, cəzaları şərti hesab edilib.

Hökmdən Baş Prokurorluq apelyasiya protesti verərək onların cəzalarının ağırlaşdırılmasını tələb edib. Həmçinin təqsirləndirilən şəxslər də apelyasiya şikayəti verərək cəzalarının yüngülləşdirilməsini istəyiblər. Hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Əkrəm Qayıbovun barəsində 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Hökm qalan hissədə dəyişdirilməyib.

COMMENTS