“Əziyyətimiz hədər getdi” – Cavid Hüseynov

“Əziyyətimiz hədər getdi” – Cavid Hüseynov

Milli komandamızın və “Qəbələ” klubunun yarımüdafiəçisi Cavid Hüseynov Qol.Az saytına müsahibəsində yığmamızın Norveçə məğlubiyyətindən (0:1), Premyer Liqamızın 12-ci turunda sabah AZAL-la keçiriləcək oyundan və digər məsələlərdən danışıb

 

– Millimizin Norveçə məğlubiyyəti çox müzakirə olundu. Ancaq bir məsələyə münasibətini öyrənmək istərdim. Bəzi mütəxəssislər düşünür ki, komandamızın məğlubiyyətinə səbəb futbolçularda əzmkarlığın olmaması idi?

– Mən belə düşünmürəm. Məğlub olmağımız istəksizlikdən irəli gəlmirdi. Komandamızda kifayət qədər əzmkarlıq var idi. Qələbə qazanmağı çox istəyirdik. Məğlubiyyətin səbəbini isə mən də bilmirəm. Çox məyusuq.

– Millimizin çıxışını yaxşı qiymətləndirirsən?

– Bu oyunun mahiyyətini hamı çox gözəl başa düşürdü. Heç olmasa bir xal qazanmalı idik. Çünki doğma meydanda oynayırdıq, ardıcıl üç görüşdə məğlub olmuşduq. Düzdür, Norveç də zəif komanda deyil. Amma bundan yaxşı çıxış edə bilərdik. Bunun üçün futbolçularımızda potensial var.

– Bəlkə, qeyd etdiyin ardıcıl üç məğlubiyyət futbolçuların üzərində təzyiq yaradıb?

– Əksinə, hər şey daha rahat olmalı idi. Çünki bizi oyuna vaxtilə bir yerdə çıxış etdiyimiz Mahmud Qurbanov çıxarmışdı. Bəli, bu oyunun məsuliyyəti əvvəlkilərdən daha böyük idi. Bəlkə də bəzi futbolçularımız bu məsuluyyəti təzyiq kimi qəbul ediblər. Artıq Norveçlə oyunu unutmaq lazımdır. Bununla həyat sona çatmır. Gələcək oyunları düşünmək lazımdır.

– Sabah Premyer Liqamızın növbəri turunda səfərdə AZAL-la oyununuz var.

– Komandamızda ab-hava yüksək səviyyədədir. Dünəndən biz də məşqlərə qoşulmuşuq. Millidən kluba gedəndə heç nə hiss etdirmirik. Çalışırıq ki, millidəki nəticəmizin üzgünlüyünü kluba sızdırmayaq. Sabahkı oyuna hər cəhətdən hazırıq.

– AZAl “Qəbələ” üçün hansı rəqiblərdəndir?

– Əvvəlcə onu deyim ki, bu mövsüm öz meydanımızda AZAl-a uduzmuşuq. Bu komandaya evdə məğlub olmağımız bizim üçün çox pis nəticə oldu. Çalışacağıq ki, sabahkı oyunda bunun əvəzini çıxaq.

– “Araz Naxçıvan” klubunun dağılması ən çox “Qəbələ”yə zərbə vurdu. Buna münasibətin necədir?

– Həqiqətən də “Araz Naxçıvan”ın bu qərarı bizə çox pis təsir etdi. Bu, normal hal deyil. Çempionatın ortasında komandanı dağıtmazlar. “Araz Naxçıvan” klubunun qeyri-peşəkarlığı nəticəsində bizim altı xalımızı sildilər. Uzun yol qət edib, Naxçıvana getmişik və qalib gəlmişik. İndi xalımızı silirlər. Əziyyətimiz hədər getdi.

-Sənin vurduğun qollardan biri də silindi.

– Mənim qol vurub-vurmamağım önəmli deyil. Əsas komandamızın uğurudur. Bizə təsir edən altı xalımızın silinməyidir. Heç nədən aşağı pillələrə düşürük.

– Altı xalınızın silinməyi komandada ruh düşkünlüyü yaradıb?

– Bəli, turnir cədvəlinə baxanda görürük ki, aşağı pillədə olan “Xəzər Lənkəran” indi bizi qabaqlayır. Bunları görəndə istər-istəməz ruh düşkünlüyü olur. Ancaq sonra fikirləşirsən ki, futbolçusan, oynamalısan.

– Mövsümün sonunda “Qəbələ”nin çempionluqdan 3-4 xal ayırsa, bunun günahkarı “Araz Naxçıvan” olacaq?

– Əlbəttə, sonda bir çox komandalar bu aqibətlə üzləşə bilər. Həqiqətən “Araz Naxçıvan”ın bu addımı bizə çox pis təsir etdi.

– Baş verənlər sabahkı oyuna motivasiya olmaqda çətinlik yaratmır ki?

– Əksinə, daha da məsiliyyətli olmalıyıq. Hamı dərk etməlidir ki, xeyli geri düşmüşük. Bunu fikirləşən futbolçu sabahkı oyunun məsuliyyətini yaxşı başa düşər. Oyunu olan komanda altı xalı bərpa edə bilər. Hər matça qələbə üçün çıxırıq. Sona qədər hər bir oyuna qələbə əzmi ilə çıxmalıyıq ki, itirilən xalları bərpa edək.

COMMENTS