12 yaşlı dilənçi jurnalisti necə doladı?

Onları yəqin ki, Bakıda yaşayan hər kəs ən azı bir dəfə görüb. Şəhərin mərkəzində – “Tarqovı” adlanan hissəsində mütəmadi olanlar isə demək olar ki, hər gün bu iki qardaşla qarşılaşır.

 

Ailem.az “Tarqovı”da dilənən ailənin üzvlərindən – iki qardaşla söhbətləşib. 12 yaşlı oğlan kədərli hekayəti ilə əməkdaşımızı necə dolayıbsa, yəqin, əməkdaşımız bir də heç kimə inanmaz J “Kədərli hekayət”lə isə reportajda tanış olacaqsınız.

– Adın nədir sənin?
– Hüseyn.
– Neçə yaşın var?
– 12.
– Bəs sənin adın nədir?
– aaa.. Vüsal.
– Sənin neçə yaşın var?
– aaa… 6
– Hüseyn, yarım saata nə qədər pul qazanırsan?
– Baxır da… 1-2 manat.
– Gəl, mən sənə 2 manat verim, yarım saat işləmə. Mənlə söhbət et.
– Yaxşı.

Hüseyn və Vüsal Gənc Tamaşaçılar Teatrının qarşısında yerdə oturublar. Mən də onlarla birdə yerdə əyləşib söhbətə başlayırıq. Qarşılarında bir köhnə papaq, içində də qəpiklər. Hüseyn tütək çalır, Vüsal isə onu qoruyur. Özləri belə deyir. Vüsal ətrafda dolanır, tez-tez sağa-sola baxır. Polis görən kimi komanda verir və hər ikisi “aradan çıxır”.

– Hüseyn, daha çox hansı mahnıları çalırsan?
– “Ay brat”, “Yenə türmə”, “Dolya”, “Hüseynim iftixar edir”.
– Məktəbə gedirsən?
– Gedirdim, çıxdım.
– Niyə?
– Belə də… İmkanımız yoxdu.

Hüseyn deyir ki, Sumqayıtda qalır. Hər gün avtobusla Bakı avtovağzalına, oradan da şəhərin mərkəzinə gəlir.
– Atam xəstədi, Hepatit B. “Semaşko”da yatır. Anam da hər gün onun yanında olur. İki balaca bacım var. Qızlar çox balacadı, böyüyü mənəm. Bacımın birinin 4 yaşı var, adı Nənəxanımdı. O biri də hələ balacadı. Bu da qardaşımdı. Məni qoruyur. Polis gələndə deyir, qaç”.

– Polis sizi tutanda nə edir?
– Heç nə. İki-üç gün bölmədə saxlayırlar.
– Saxlayanda incitmirlər?
– Deyirik acıq, bizi vururlar. Yemək vermirlər.
– Vüsal, sən məktəbə gedəcəksən?
– aaa… hə.
– Nə vaxt?
– aaaa…vaxtında.

Hüseyn müdaxilə edir: “Hələ 6 yaşı var. Yeddi yaşı olanda gedəcək”.
– İndi nə iş görürsən?

Vüsal, anlamadığım sözlərlə nəsə deyir. Hüseyn tərcümə edir: Bizim dildə “qardaşımı qoruyuram” deyir.
Vüsal azərbaycanca yaxşı danışa bilmir.
– Sizin diliniz hansıdı?
– Kürd. Biz kürdük.

Bu vaxt Hüseyn çəkdiyim fotolara baxmaq istədiyini dedi. Mən də fotoaparatın ekranını onu tərəf çevirdim. Amma tütəkçi oğlan təkrar üzündə qəribə ifadə ilə mənə baxır. Ekrana baxıram, bu vaxta kimi heç bir foto çəkilməyib. Kameranın kartı yerindən boşalıb. Hüseynin sayəsində bunu vaxtında bilib düzəltdim və söhbətimizə davam etdik.
Hüseyn məktəb Bərdədə oxuyub. Sumqayıta ordan gəldiklərini, burada kirayə qaldıqlarını dedi. Ailənin tək pul qazanan üzvüdür. Dediyinə görə indiyə kimi heç kim onlara kömək etməyib. Tütək çalmasına görə də 20 qəpik-1 manatdan artıq almayıb.
– Böyüyəndə nə olmaq istəyirsən?
– Mən də bir sənət istəyirəm.
– Nə?
– Nə olur, olsun. İşləyim.

Bu vaxt qəfildən Hüseyn Vüsalı çağırır, kürdcə anlamadığım bir söz deyib, yerdəki papağı və tütəyini götürüb qaçırlar. Arxalarıyca “nə oldu?” deyə səslənirəm, Hüseyn arxaya dönüb “polis!” deyib təkrar qaçır.
Mən də iki kiçik qardaşın arxasıyca gedirəm. Ətrafa baxıram, polis geyimində heç kim yoxdu. Amma bir şəxs bizə tərəf gəlir. Fikir verməyib, Hüseyngil tərəfə baxıram. Yoxdular, görünmürlər. Bir az da irəli gələndə yeraltı keçidin divarları arxasından iki göz görürəm. Vüsal idi. Ətrafa baxır, sonra qardaşına işarə edib çıxmasını bildirir. Hər ikisi gizləndikləri yerdən çıxıb, gülə-gülə mənə tərəf gəlirlər.
– Hüseyn, niyə qaçdız? Polis yox idi axı.
– Var idi. “Qrajdanski” geyinmişdi. Özləri sənin kimi elə geyinirlər ki, biz bilməyək. Qəfildən tuturlar.
Birlikdə yenə oturub söhbətləşdiyimiz yerə qayıdırıq. Bu vaxt keçidin yaxınlığında uşaq arabasında 1-2 yaşlı qız və yanında oturub dilənən bir qadın görürəm. Hüseyndən onu tanıyıb tanımadığını soruşuram.
– Tanımıram. Amma o da dilənir də.

Hüseyn əvvəlki yerində əyləşib, papağını cibindən çıxarıb yerə qoyur. Tütəyini də şalvarının belindən çıxarıb, təmizləyib “Ay brat”ı çalmağa başlayır. Söhbətə başlayırıq, hər suala cavab verdikdən sonra mahnısına davam edir.
– Hüseyn, deyirlər ki, belə olanda polisə pul verib rahat işləmək olur. Siz vermirsiniz?
– Buradakılara yox, “Əcəmi”də verirlər ama.
– Sən ancaq tütək çalırsan, ya camaatdan da pul dilənirsən?
– Yox, elə etmirəm. Amma yenə də mənə dilənçi deyirlər.

Hüseynlə təhsilinin bundan sonrakı hissəsi haqda danışdıq. Beşinci sinfi bitirənə kimi oxuduğunu deyir. Son 1 ildə oxumayıb.
– Məktəbə getsəydim indi 6-cı sinfi bitirmişdim. Avqustun axırı ailəni də götürüb aparacağam rayona. Sentyabrdan yenə dərsə gedəcəyəm. Müəllimlər hər gün 2 manat, 3 manat pul istəyirlər. Bizim də imkanımız yoxdu.

– Atanı da aparacaqsınız?
– Hə.
– Həkimlər nə deyir müalicəsi ilə bağlı?
– Deyirlər keçici deyil. Çıxaracağam xəstəxanadan.
– Neçə ildir ki, atan xəstədi?
– Atam? 20 ildir.
– Evlənmədən öncə xəstə idi? Bilmirsən, necə olub ki?
– Dəlləyə gedib. Bundan əvvəl hepatit xəstəliyi olan adamın üzünü qırxıbmış. Eyni şeylə atamın da üzünü qırxıb. Elə keçib.
– Atan heç vaxt işləməyib? İşi nədi?
– Heç nə. Yox, işləməyib.
– Sən 1 aydır işləyirsən. Ondan əvvəl necə dolanırdınız?

Bu sualıma çiyinlərini çəkərək cavab verir. Vüsal çoxdandır gözə dəymir. Hüseyn ətrafa baxıb, “buralardadır yəqin, həmişə buralarda olur” deyib, tütəyini dodaqlarının arasına qoyub üfürməyə başlayır. Papağının içindəki təxminən 4-5 manat olan pulu göstərib onları edəcəyini soruşuram. Atasının iynə-dərmanına verəcəyini deyir. Yemək üçün pulu qalmır, ancaq dərmana verir. Deyir ki, gün ərzində bir dəfə yemək yeyirlər. O da axşamlar, makaron olur. Bəzən isə o da olmur.

Hüseynlə sağollaşıb, oradan uzaqlaşıram. Sonra onun son dediklərini yadıma düşür. Təkrar qayıdıb bu gün bir şey yeyib-yemədiyini soruşuram. Cavabında isə dünən axşamdan bəri heç bir şey yemədiyini deyir. Ona nəsə almağı təklif edirəm, qərarı mənim özümə buraxır. Yaxınlıqdakı “Kiosk”dan iki “bulka” və iki meyvə şirəsi alıb, Hüseynin yanına qoyub, birini qardaşına verməsini tapşırdım. Növbəti dəfə “tütəkçi oğlan”la sağollaşıb, “Sahil” metrostansiyası istiqamətində yoluma davam etdim. Məndən bir az öndə Vüsal əlində ağac parçası ilə güllərə vuraraq gedir. Hüseynin arxadan səsi gəlir, Vüsalı çağırır. Düşündüm ki, yəqin, yeməyi bölmək üçün çağırır. Mən də Vüsalı səsləməyə başladım. Yaxınlığında olsam da mənə cavab vermir. Çox güman ki, eşidir, amma yoluna davam edir. Vüsala çatıb onu əllərimlə saxlayıb qardaşının yanına gedib, yemək yeməsini deyirəm.

“Birazdan gedərəm” deyib, yoluna davam edir. Onunla birgə yeriyərək söhbət etməyə çalışıram. Vüsal Azərbaycan dilini yaxşı bilmədiyi üçün hər sualı 2-3 dəfə təkrar edirəm.
– Bəs indi hara gedirsən?
– Mamamın yanına.
– Anan? Anan burdadı sənin?
– Hə.
Vüsal barmağı ilə az öncə keçidin yanında oturub dilənən qadını göstərir.
– O sənin anandır?
– Hə.
– Bəs atan hardadı?
– Evdədi.
– Nə iş görür?
– Heç nə. Oturub.
– Atan yaxşıdı? Xəstə deyil ki?
– Yox. Yaxşıdı.
– İşləyir?
– Hə.
– Harda?
– Şəhərdə.

Bundan sonra Hüseynin və Vüsalın anası olan həmin qadına yaxınlaşdım. Məni görən kimi öncə üzünü çevirdi, sonra isə ayağa durub getməyə hazırlaşdı. İlk sualım elə oğlanları haqda oldu. Qəzəbli baxışlar və qəzəbli cavablar özünü çox gözlətmədi.
– Hə. Mənim oğlanlarımdı. Nolub ki? Niyə çəkirsən? Sənin çəkməyinlə mənim dərdim düzələcək?!

Daha foto çəkməməyə razılaşıb, oradan da uzaqlaşdım. Hüseyn mənə yalan demişdi. Gedib niyə yalan dediyini soruşmaq istədim. Ona tərəf baxdım, aldığım “bulku”nu iştahla yeyib, meyvə şirəsindən içirdi. Bu sualın cavabını özüm tapmağa qərar verdim. Hüseynin yanına qayıtmadım, yoluma davam etdim. Amma suala cavab tapa bilmədim. Görəsən, Hüseyn bilərəkdən məni aldatmışdı, ya qürurundan, utandığından yalan demişdi?

COMMENTS