“15 gün sonra ayılıb ayrıca komitə yaratdılar”- Milli Şuradan sərt ittiham

“15 gün sonra ayılıb ayrıca komitə yaratdılar”- Milli Şuradan sərt ittiham

v.mirkamal.jpg

Özlərinə sığışdırıb Milli Şuranın yaratdığı Müdafiə Komitəsinə gəlmədilər. Əvəzində adında “beynəlxalq” sözü olan mücərrəd bir komitə yaratdılar”.

Publika.az-a açıqlamasında bu sözləri Milli Şuranın həbslərlə bağlı yaratdığı Müdafiə Komitəsinin sədri Vidadi Mirkamal İsa Qəmbərin təşəbbüsü və KXCP-nin təşkilatçılığı ilə yaradılan komitəyə münasibət bildirərkən deyib.

V.Mirkamal qeyd edib ki, sözügedən komitəni yaradanlar Milli Şuradan ayrılandan sonra kənarda qalanlardır. Onun sözlərinə görə, komitənin adında “beynəlxalq” sözü olsa da, üzvləri elə Müsavat Partiyasının üzvləridir: “KXCP-çilər, Arif Hacılı, Gülağa Aslanlı kimi adamlar və Milli Şuraya üzv olanlar orada təmsil olunur. Onların bəziləri həm də Milli Şuranın yaratdığı komitənin üzvləridir. Milli Şuranın təşəbbüsü ilə yaradılan komitə onların komitəsindən 10-15 gün əvvəl yaradılıb. Bu məsələ RATİ-nin ofisində keçirilən tədbirdə qaldırılıb və orada müsavatçılar da, Mirmahmud bəyin özü də iştirak edirdi. Bizim təşəbbüsümüzdən 15 gün sonra ayıldılar, gedib özləri ayrıca komitə yaratdılar”.

V.Mirkamal bildirib ki, onların komitəsi konkret işlərlə məşğuldur. “Biz Müdafiə Komitəsini yaratdığımız gündən vəkillərlə görüşür, həbsxana şəraiti ilə maraqlanır, beynəlxalq təşkilatları məsələ ilə bağlı məlumatlandırırıq. Həmçinin, səfirliklərlə bu məsələni müzakirə edirik. Onlar nəsə müsbət iş görürlərsə, bu yaxşıdır. Amma indiyə qədər heç nə etməyiblər. Hər halda belə görünür”, – deyə komitə sədri bildirib.

COMMENTS