13 saylı Cəzaçəkmə Müəssisəsindəki problemlər Ombudsman nümayəndələrinin diqqətinə çatdırılıb
Dünən Ombudsmanı Aparatının əməkdaşları 13 saylı Cəzaçəkmə Müəssisəsində olub, məhbuslarla görüş keçiriblər.
Həbsdə olan tanınmış jurnalist Pərviz Həşimlinin ailəsindən Bizimyol.info saytına daxil olan məlumata görə, Ombudsmanın nümayəndələri bu həbsxanada cəza çəkən tanınmış məhbuslar – Əli İnsanov, Tofiq Yaqublu, Pərviz Həşimli Anar Məmmədli, Əbdül Əbilov, İlkin Rüstəmzadə və digərləri ilə ayrı-ayrılıqda görüşüb onların problemləri ilə maraqlanıblar.
Vicdan məhbusları müəssisədə üzləşdikləri bəzi problemləri onların diqqətinə çatdırıblar. Problemlərdən biri kimi kəskin istilərə baxmayaraq, 150 nəfər məhbusun qaldığı baraklarda kondisionerlərin olmaması göstərilib. Məhbuslar Ombudsman vasitəsi ilə Ədliyyə Nazirliyindən xahiş ediblər ki, baraklar soyuducu sistemlərlə təchiz edilsin.
Bundan başqa cəzaçəkmə müəssisəsində idman zalının məhbusların üzünə bağlanması da onları narahat edən məsələlərdən biridir. Bu problem də görüşdə qaldırılıb və həll olunmasına dəstək xahiş olunub.
Jurnalist Pərviz Həşimli görüşdə kassasiya şikayətinin Ali Məhkəməyə göndərildiyini xatırladıb və ombudsman Elmira Süleymanovadan xahiş edib ki, şikayətə obyektiv baxılması üçün Məhkəməyə müraciət etsin.
COMMENTS