17 gün sonra Laçında bir erməni də qalmayacaq: – Sülhməramlılar isə…

17 gün sonra Laçında bir erməni də qalmayacaq: – Sülhməramlılar isə…

Laçın şəhərində və ətraf kəndlərdə qanunsuz məskunlaşmış ermənilər Azərbaycanın rəsmi tələbinə uyğun olaraq, işğal altındakı ərazilərdən çıxmağa başlayıblar.

Ermənistan sosial mediasında yayılmış məlumatlarda, foto və video materiallarda ermənilərin etirazlarına baxmayaraq, artıq Laçın şəhəri, Zabux və Sus kəndlərindən çıxmaq üçün əşyalarını maşınlara yüklədiyi öz əksini tapıb.

Qeyd edək ki, Azərbaycan, Ermənistan və Rusiya arasında 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın 6-cı bəndinə görə, 3 il ərzində Laçın şəhərindən yan keçməklə keçmiş Dağlıq Qarabağla Ermənistan arasında nəqliyyat əlaqəsini təmin edəcək yeni yol inşa olunmalıdır.

Alternativ hərəkət marşrutunun istifadəyə verilməsindən sonra ermənilər hazırkı dəhlizə düşən Laçın şəhərini və altı kəndi Zabux, Sus, Qarıkaha, Ağanus, Fətəlipəyə, Kəravuz) Azərbaycana qaytarmalıdır. Laçın şəhərində 56 erməni ailəsinin, Zabux kəndində isə 200 nəfərdən artıq ailəsinin yaşadığı bildirilir. Onların əksəriyyəti Livan, Ermənistan və Suriya vətəndaşlarıdır. İşğal dövründə qanunsuz olaraq Laçın ərazisində yerləşdirilən ermənilər üçün Zabux kəndində yeni evlər də inşa olunub. Ona görə də onlar Ermənistanın və Xankəndidəki cinayətkar rejimin Laçını tərk etməyə razılaşması ilə bağlı qərarına “təslimçilik” kimi baxırlar. Ermənistan hökuməti və qondarma rejimin nümayəndələri isə Azərbaycan ordusunun avqustun 3-4-də apardığı “Qisas” əməliyyatından sonra ermənilərə Laçının mərkəzindən və köhnə dəhlizə düşən kəndlərdən çıxmaq üçün avqustun 25-ə qədər vaxt verib.

Erməni millətçiləri arasında və sosial mediada ərazini tərk etməmək, “özünü müdafiə etmək” adı altında Azərbaycana qarşı silahlı müqavimət çağırışları səslənsə də bölgədən gələn məlumatlar tam əksini göstərir. Çünki ermənilər təyin olunan müddətdə Laçını tərk edib yeni yoldan istifadəyə razılaşmasa, Azərbaycan ordusu 10 noyabr Bəyanatının məcburi icrası üçün güc tətbiq edə bilər.

Artıq Azərbaycan Dövlət Avtomobil Yolları Agentliyi Xankəndi şəhərindən Ermənistan sərhədinə qədər nəqliyyat əlaqəsini təmin edəcək 32 kilometrlik yolun inşasını yekunlaşdırıb. Şuşa rayonunun Kiçik Qaladərəsi və Böyük Qaladərəsi kəndlərindən keçən yeni dəhlizin təhlükəsizliyini Rusiya sülhməramlıları qoruyacaq. Yəni Rusiya hərbi kontingentinin dislokasiyası həyata keçiriləcək və sülhməramlılar 5 kilometr enində yeni dəhlizin ərazisində dayanacaq. Lakin yolun Ermənistan ərazisindən keçəcək 8 kilometrlik hissəsinin inşasına bir neçə gündür başlanıb.

Rəsmi İrəvan M12 adlanacaq bu yolun 2023-cü ilin yazında təhvil veriləcəyini bildirməklə vaxt qazanmağa çalışsa da, Azərbaycanın “Qisas” əməliyyatına başlamasından sonra həm Ermənistan, həm də separatçılar geri çəkilməyə məcbur olub. Hayk Hanumyanın Laçın və Zabuxdakı ermənilərə avqustun 25-dək bu əraziləri tərk etmək üçün möhlət verməsi, eyni zamanda qondarma rejimin “Təhlükəsizlik Şurasının katibi” Vitali Balasanyanın avqustun 5-də Ermənistan Milli Təhlükəsizlik Xidmətinə çağırılması onlara müqavimət göstərməyin mənasız olduğunu başa salmaq məqsədi daşıyıb.

Ermənistan tərəfinin hətta torpaq yoldan istifadə etməyə razılaşması Azərbaycanın ermənilərə konkret vaxt verdiyini və Laçın məsələsində heç bir güzəştə getmədiyini göstərir.

Özünü qondarma rejimin “ərazi və infrastruktur naziri” adlandıran Hayk Hanumyan yolun Ertmənistan ərazisində müvəqqəti olaraq 3-4 kilometrlik torpaq hissəsindən istifadə olunacağını bildirib. Bu isə payız aylarında Azərbaycanın Laçın şəhərini və altı kəndi işğaldan azad edəcəyini və ya təhvil alacağını deməyə əsas verir. Dia.az-ın məlumatına görə, hərbi ekspert Ədalət Verdiyev Cebhe.info-ya açıqlamasında bildirib ki, sentyabr ayından Rusiya sülhməramlılarının dislokasiyasına başlanacaq:

“Ermənistan tərəfi yeni yolun çəkilməsində səmimi davranmır. Azərbaycan ermənilərin çəkməli olduğu yoldan dörd dəfə uzun olan bir yolun inşasını başa çatdırıb. Onlar istər tortpaq yolla getsinlər, bu, bizi maraqlandırmır və ermənilər öz problemidir.

Avqustun 25-dən sonra köhnə dəhlizə düşən Laçın şəhərində və ətraf kəndlərdə bir nəfər də olsun erməni qalmayacaq. Orada erməni qalmadığına görə sülhməramlıların da həmin ərazidəki fəaliyyətinə ehtiyac qalmır.

Bundan sonra Rusiya sülhməramlılarının dilokasiyası aparılacaq və onlar yeni yola keçəcəklər. Yəqin ki, bu ilin payız aylarında Azərbaycan dövləti Laçın şəhərində bayrağımızı ucaldacaq. Baş verənlər proseslər buna doğru gedir”.

COMMENTS