Top.Mail.Ru

190 manatla bağlı kimlərə SMS gəlməyəcək? – Şöbə müdiri detalları açıqladı

190 manatla bağlı kimlərə SMS gəlməyəcək? – Şöbə müdiri detalları açıqladı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov Musavat.com-a müsahibəsində karantin rejimi dövründə nazirliyin həyata keçirdiyi sosial rifah tədbirlərindən danışıb. Müsahibəni təqdim edirik.

– Babək müəllim, pandemiya ilə bağlı ölkədə yaranan vəziyyət hər dövlət qurumunun üzərinə müəyyən vəzifə qoyub? Sizin nazirlikdə hazırda hansı istiqamətlərdə iş aparılır?

– Pandemiya ilə bağlı Azərbaycanda çox işlər görülüb. Cənab prezident də bu istiqamətdə sərəncam imzaladı ki, pandmiyanın vura biləcəyi mümkün ziyanların qarşısını almaq üçün lazımi addımlar atılsın. Həmin sərəncamın icrası ilə bağlı cənab baş nazir tərəfindən tədbirlər planı təsdiqlənib. Tədbirlər planında 3 istiqamət nəzərdə tutulub ki, bunlardan biri də məşğulluğa və sosial rifaha aid tədbirlərdir. Onlardan biri dövlət sektorunda çalışan işçilərin ixtisarına yol verilməməsi, əsassız yerə işdən çıxarılmaması, məzuniyyətə buraxılan işçilərin əmək haqlarının ödənilməsinə nəzarətdir. Təxminən 910 min nəfər dövlət işində çalışanlar var ki, onların sosial hüquqlarına nəzarətdir. Digəri qeyri-dövlət sektorunda çalışan işçilərin eyni qaydada işdən çıxarılmasına yol verməmək və əmək haqlarının ödənilməsini təmin etməkdir. Bu istiqamət də 660 min nəfər işçini əhatə edir.

– İctimai işlərdə çalışanlarla bağlı durum necədir?

– Bildiyiniz kimi, 2016-cı ildə cənab prezidentin təşəbbüsü ilə işsizliyi aradan qaldırmaq və məşğulluğu təmin etmək məqsədilə haqqı ödənilən ictimai iş yerləri yaradılıb. 2019-cu ilin yekunlarına əsasən təxminən 40 min nəfər cəlb edilmişdi, hazırda isə xüsusi karantin rejimi ilə bağlı daha 50 min ictimai iş yerinin yaradılması tapşırığı verilib. Hazırda nazirlik tərəfindən bu iş yerlərinin bölgələr üzrə bölgüsü həyata keçirilir və kvotalar yerli icra orqanlarına təqdim olunub. Yerli icra hakimiyyəti başçısının rəhbərliyi ilə rayonlarda komitələr yaradılıb ki, onlar məşğulluq xidməti vəzifəsini yerinə yetirirlər. Artıq həmin haqqı ödənilən ictimai iş yerlərinə işçilərin qəbuluna başlanılıb. Digər bir tədbir işsiz kimi qeydiyyata alınmış şəxslərə yaşayış minimumu həcmində birdəfəlik müavinətin verilməsidir. 2019-cu il üçün ölkə üzrə təsdiq olunmuş yaşayış minimumu 190 manatdır. İstiqamətlərdən biri də özünüməşğulluq proqramının əhatə dairəsinin genişləndirilməsidir. Ötən özünüməşğulluq ən böyük həcmə çatdı. 10 mindən artıq vətəndaş özünüməşğulluq proqramına cəlb olunaraq seçdikləri istiqamət üzrə aktivlərlə təmin olundular. Bu il bu tədbirlər daha da genişləndiriləcək və 11 min vətəndaşımız özünüməşğulluğa cəlb ediləcək. Bu proqramın genişlənməsində BMT-nin İnkişaf Fondu və Dünya Bankı öz dəstəyini vermiş olacaq. Vətəndaşlara həmçinin işsizlikdən sığorta ödənişləri həyata keçirilir, əgər işçi iş yerinin ixtisar olunması və ya bağlanması ilə bağlı işdən çıxarsa, ona işsizlikdən sığorta fondunun vəsaiti hesabına həmin vəsait ödənilir. Bu da ilin sonuna kimi 20 mindən çox vətəndaşı əhatə edəcək. Bundan əlavə, Məşğulluq Xidməti tərəfindən vətəndaşlar peşə hazırlığı kurslarına cəlb edilmişdi və onlara təqaüd ödənilirdi. Hazırda kurslar dayansa da, təqaüdlərin ödənilməsi davam edir. Bu da 2000-dən artıq vətəndaşı əhatə edir.

– Ünvanlı sosial yardımın verilməsi ilə bağlı nə kimi yeniliklər var?

– Ünvanlı sosial yardım (ÜSY) üzrə təyinatı mart ayında bitən vətəndaşlar apreldə yenidən müraciət etməli idi. Ancaq xüsusi karantin rejiminin tətbiqi nəzərə alınmaqla mart ayında vaxtı bitən ÜSY-lər aprel ayında da davam etdiriləcək. Əgər karantin rejimi uzanarsa, aprel ayı ərzində vaxtı bitən vətəndaşların da ödənişi may ayında davam edirilcək. ÜSY ilə bağlı müraciətin interfeysi asanlaşdırılıb, bununla əlaqədar olaraq müraciətlər artıb, yardımı alan ailələrin sayı da 13 faiz artıb. Əgər mart ayının 24-ə qədər 69 min ailə ÜSY alırdısa, artıq indi 78 mindən çox ailə yardım alır. 9 mindən çox ailə bu sadələşmə nəticəsində

– Hansı şərtlər və qaydalar dəyişib?

– Ünvanlı sosial yardımla əlaqədar qanunvericilikdə köklü dəyişikliklərin edilməsi üçün qanun layihəsi hazırlanıb, onun Milli Məclisdə müzakirəsi gözlənilir. ÜSY üçün müraciətlər VEMTAS üzərindən həyata keçirilir. Orada interfeys sadələşdirilib, sırf texniki tənzimlənmələr aparılıb ki, müraciətlər daha qısa müddətdə aparılır. Əvvəllər ünvanlı sosial yardım üçün müraciət edənlərin evlərində maddi-məişət şəraitinin yoxlanılmasından sonra təmin olunurdu, hazırda bu da aradan götürülüb. Ünvanlı sosial yardım üçün müraciət edən vətəndaşlarla bağlı əgər müvafiq dövlət orqanlarının bazalarında yoxlama zamanı əldə edilən nəticələrdə görə müsbət qərar verilərsə, ailələrdə maddi-məişət şəraitinin yoxlanılması həyata keçirilmədən dərhal təyinat aparılır. Onlar üçün bank kartının sifariş verilməsi müddəti də azaldılıb, 5 iş günü müddətində kartla təmin olunurlar və ödəniş aparılır. Bu müddətdə həmçinin əlillik müddəti bitən vətəndaşların, sağlamlıq imkanları məhdud olan uşaqların əlillik müddəti artırılır və sosial müavinət, pensiya almaqda davam edirlər. Bu da 1 ay ərzində 10 mindən çox vətəndaşımızı əhatə edib.

– Babək müəllim, 65 yaşdan yuxarı insanlar üçün xidmətlərin göstərilməsinə başlanılıbmı?

– Xüsusi karantin rejiminin tətbiqi ilə bağlı qadağalardan biri yaşlı insanlarımızın küçəyə çıxmasına qoyulan qadağadır. Belə olan halda onların arasında tənha olanlara sosial xidmətlərin göstərilməsi zərurəti yaranır. Mövcud qanunvericiliyə əsasən nazirlik tərəfindən yaşı 70-dən yuxarı olan şəxslərə evlərində sosial xidmət göstərilirdi ki, onların da sayı təxminən 9 min nəfər idi. Amma yaşı 65-dən yuxarı olan şəxslərə də artıq bu xidmət göstərilir və hazırda yaşı 65-dən yuxarı olan 14 min vətəndaş bundan yararlanıb. Onlara ərzaq, gündəlik tələbat məhsulları və dərmanların alınıb gətirilməsi üçün xidmət göstərilir, evlərdə məişət xidmətləri, təmizlənməsi, həyətyanı sahələrin təmizlənməsi və sairlə bağlı işlər görülür. Bununla bağlı , nazirliyin 142 qaynar xəttinin iş imkanları , potensialı gücləndirilib, operatorların sayı 4 dəfə artırılıb, 80-a çatdırılıb, kanalların sayı 260-a çatdırılıb, nazirliyin 1400 nəfər işçisi bu işə səfərbər olunub. Nazirliyin, “Dost” Agentliyinin, ASAN xidməyin, Yeni Azərbaycan Partiyasının, SƏLİS-in , Təhsil Nazirliyinin könüllüləri də dəstək verib. Sosial təşəbbüsdən irəli gələrək “Azərmaş” QSC 100 avtomobil ayırıb, sürücü ilə təmin edib ki, bu sosial xidmət üçün müraciət edən vətəndaşlarımıza operativ xidmət göstərsinlər.

– Karantin dövründə digər sosial ödənişlər hansı qaydada həyata keçirilir?

– Xüsusi qrafik əsasında bu ödənişlərin daha tez həyata keçirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası və Azərpoçt ilə birlikdə razılıq əldə edilib. Rayonlar bir beçə hissəyə bölünərək bütün əhaliyə ödənişlər həyata keçirilir. Artıq bütün ölkə üzrə pensiyaların ödənişi başa çatıb, cari ayın 21-ə kimi sosial müavinətlərin ödənilməsi başa çatacaq. ÜSY-lərin ödənişi isə ayın 28-də həyata keçiriləcək ki, ay ərzində müraciət etmiş və ünvanlı sosial yardım hüququ almış bütün aztəminatlı ailələrə ödəniş həyata keçirə bilək. Əvvəllər pensiyaçı A bankının pensiyaçısı idisə və pensiyanı həmin bankın bankomatından çıxarırdısa, B bankının bankomatından çıxararkən ondan rüsum tutulurdu. Xüsusi karantin rejimi dövründə banklarla gəlinmiş razılığa əsasən vətəndaşlar istənilən bankomatdan pensiya, təqaüd, ÜSY və sairi heç bir rüsum ödəmədən çəkə bilərlər. Eyni zamanda Azərpoçtun istənilən şöbəsinə yaxınlaşaraq oradakı bankomatlardan çıxara bilərlər. Bu zaman da əlavə faiz ödəməyəcəklər. əsas məqsəd vətəndaşlarımızın bankomatlar ətrafında sıx toplaşmaqdan qorumaqdır, sosial məsafənin saxlanılmasına əməl etməkdir.

– Hazırda hər kəsi düşündürən əsas məsələ işsizlərə 190 manatın verilməsi ilə bağlıdır. İnsanlar tərəddüd edir ki, onlayn müraciət blankını doldurmaq kifayət edirmi, yoxsa, hər kəs Asanlogin-dən işsiz kimi qeydiyyatdan keçməlidir?

– Normalda əgər vətəndaş işaxtaran və işsiz şəxs kimi qeydiyyatdan keçmək istəyirsə, o nazirliyin e-sosial.az portalına müraciət etməlidir, orada vətəndaşın identifikasiyası həyata keçirilməlidir. Qeydiyyatdan keçmək üçün şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsi və həmin vətəndaşın adına olan mobil nömrə tələb olunur ki, həmin nömrəyə kod göndərilir. O kodu daxil etməklə e-sosial.az- da qeydə alınır. Bu kodu daxil etməklə Məşğulluq ALT sisteminə daxil olur, məlumatları daxil edir, vakansiyalarla tanış olur, peşə kurslarına yazılır. 190 manatla bağlı qərar verildikdən sonra vətəndaşlarımız kütləvi şəkildə sisteminə müraciət etdilər. Qaydalarla bağlı maarifləndirmə aparılsa da, müraciətlərin sayı çox oldu. Qaydalar işsiz kimi qeydiyyata alınmış hər kəsə 190 manat verməyi nəzərdə tutmurdu, orada şərtlər var idi. Belə idi ki, ər və ya arvaddan biri hər hansı sosial ödəniş alırsa, aktiv VÖEN-i varsa, pensiya, təqaüd və ya müavinət alırsa, müraciət etmiş şəxsə bu ödənişin verilməsi nəzərdə tutulmayıb. Bu ödənişin məqsədi pandemiya səbəbindən işini itirib işsiz qalan vətəndaşların və daha əvvəl işsiz kimi qeydiyyatdan keçən və bütün mümkün platformalardan istifadə edənlərin, lakin iş tapa bilməyənlərin 190 manat ödəniş alması üçün idi. Müraciətlər kütləvi olduğundan sistem buna dözmədi və nazirlik tərəfindən alternativ müraciət forması tətbiq olundu. Burada artıq mobil nömrənin də özünün adına olması tələb olunmur. Vətəndaşlar e-sosial.az-a daxil olmaqla onlayn müraciət ünvanlayırlar. Orada yalnız şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və FİN-i tələb olunurdu, əlaqə vasitəsi kimi bir mobil telefon və ya email ola bilərdi. Digər bir müraciət növü isə bütün məşğulluq mərkəzlərində yaradılan operativ qruplar oldu. İnternetə çıxışı olmayan vətəndaşlar həmin nömrələrə zəng edərək şəxsiyyət vəsiqəsini qeyd etdirirdilər, dərhal onların işaxtaran və işsiz kimi, qeydiyyata alınması başlayırdı. İlk günlərdə çətinlik olsa da, sonradan yoluna düşdü. Hazırda da vətəndaşlarımız müraciət edib işsiz kimi qeydiyyata alına bilərlər.

– Rayonlarla bağlı vaxt bölgüsünə əməl etməyən vətəndaşların da müraciəti qeydə alınırmı?

– Hansı tarixdə müraciət etməyin fərqi yoxdur. Müvafiq qaydalara əsasən işsiz statusu tətbiq olunur, növbəti mərhələdə 190 manat ödənişi alma hüququnun olub-olmadığı müəyyən edilir. Çünki müraciət edən şəxsin ərinin və ya arvadının sosial ödəniş alıb-almadığı da önəmlidir. Bəzən deyirlər ki, ailədə bir nəfər ödəniş ala bilər. Xeyr belə deyil, ər və ya arvad müraciət edibsə, onların 18 yaşından yuxarı 3 uşağı da varsa, o da karantin səbəbindən işini itiribsə, həmin 3 uşaq da müraciət edib ala bilər. Ödənişlər həyata keçirildikdən sonra vətəndaşlarımızın mobil nömrələrinə mesaj gedir, onlara 190 manat təyinatı ilə bağlı mesaj gedir və bunu hansı müəssisədən, bankdan və ya poçt şöbəsindən, ən yaxın ödəniş müəssisəsindən ala bilərlər. Əgər kimində mobil nömrəsi yoxdursa, mesaj gəlmə imkanı yoxdursa, Azərpoçt-un rəsmi səhifəsinə daxil olmaqla, orada müvafiq bölməyə şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və ya FİN kodunu daxil etməklə, ödənişin olub-olmaması , əgər varsa, onu hansı müəssisədən ala biləcəkləri göstərilir.

– Müraciət edən şəxslərə neçə günə cavab gəlir?

– İlkin mərhələdə aprel ayının 1-ə qədər rəsmi işsiz statusu almış şəxslərə ödənişlər edildi, onlar başa çatdı. Daha sonra xüsusi karantin rejimindən sonra müraciət edənlərə köçürmələrə başlanıb. Təxminən 4-5 gün iş günü ərzində mesaj gəlir, bu sistemdəki əməkdaşlarımız gecə-gündüz işləyir. Məşğulluq xidməti orqanları da gücləndirilmiş iş rejimində işləyir. İki növbəli iş rejimi tətbiq olunub ki, hər bir vətəndaşımızın müraciəti qeydə alınsın.

– Bu sistemdə qeydiyyat nə vaxta kimi davam edəcək?

– Bu sistem bildiyiniz kimi karantin rejimindən öncə də olub, sonra da olacaq. Vətəndaşlar qeydiyyatdan keçib, təhsil və bacarıqları ilə bağlı məlumatları sistemə daxil edib orada vakansiyalarla tanış ola bilərlər. Əgər işə qəbul alınmazsa, yenə də sistem vətəndaşa işsiz statusu verir. Bu gün karantin səbəbindən işə qəbul məhdud olduğu üçün iş axtaran hər kəsə işsiz statusu verilir, daha sonra bu ödəmə həyata keçirilir. Əgər karantin uzanarsa, növbəti ayda da ödənişlər olacaq.

– Pay torpağı məsələsi nə üçün bu qədər qabardıldı, şərtlər arasından çıxarıldımı sonradan?

– Pay torpağı ölkədəki qanunvericiliyə uyğun qeyd olunub. Qanunvericilikdə məşğul şəxs anlayışı var. Məşğul şəxslərə əmək müqaviləsi ilə işləyənlər, mülki-hüquqi müqavilə ilə işləyən şəxslər, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər və mülkiyyətində pay torpağı olan şəxslərdir. Bu mənada məşğul şəxs işsiz şəxs sayıla bilməz. Mülkiyyətində pay torpağı olan şəxslər qanunvericiliyə görə, məşğul şəxs sayıldığından onlara işsiz statusu verilə bilməz. Ona görə də onlara 190 manat ödənişin həyata keçirilməsi nəzərdə tutulmayıb.

– VÖEN-i olan şəxslər var ki, illərdir fəaliyyəti yoxdur. Onlara niyə verilməyəcək?

– Bu karantin rejiminin tətbiqi çox sayda vətəndaş məsuliyyətsizliyini də üzə çıxartdı. Aydın olur ki, vətəndaşın 6 ildir nikahı pozulub, ancaq heç vaxt şəxsiyyət vəsiqəsini dəyişməyib. Qadının əri 2011-ci ildə ölüb, ancaq hələ vəsiqəsini dəyişməyib. 10 il öncə 2 aylıq fəaliyyət üçün VÖEN açdırıblar, hələ də o VÖEN açıqdır. Onlar 190 manat üçün müraciət edəndə bütün məlumatlar elektron informasiya sistemində yoxlanılır və həmin adamların adına aktiv VÖEN olduğundan sistem onları sahibkar kimi qiymətləndirir. Sosial məsuliyyəti olmayan vətəndaşların sayı çox oldu. Xeyli sayda şəxsiyyət vəsiqəsinin vaxtı ötmüş vətəndaşlar oldu, onlarla bağlı da müsbət qərar qəbul oldu. DİN və ƏƏSMN birgə qərar qəbul edərək, xüsusi karantin rejimi müddətində şəxsiyyət vəsiqəsinin istifadə müddəti bitmiş vətəndaşlarımızın vəsiqəsinin vaxtı daha 3 ay artırıldı. Ancaq xeyli vətəndaşımızın vəsiqəsinin vaxtı karantin rejimi başlamazdan öncə bitib. Bu dövr bir daha əmək müqavilələrinin də nə qədər vacib olduğunu göstərdi. Hesab edirəm ki, bundan sonra vətəndaşlarımız daha məsuliyyətli olacaq.

DOSYE.ORG

COMMENTS