Əli Kərimli Milli Şuranın mitinqlərini dəyərləndirdi

AXCP sədri Əli Kərimli facebook səhifəsində Milli Şuranın 12 oktyabr və 9 noyabr mitinqlərini ilin siyasi hadisəsi kimi qiymətləndirən təhlil paylaşıb. Bu mitinqlərə böyük ictimai marağı vurğulayan AXCP lideri bunu həmçinin xalqın öz gücünə inanmağa başlaması kimi dəyərləndirib. Əli Kərimli yazır:

 

“Milli Şuranın keçirdiyi 12 oktyabr və 9 noyabr tarixli mitinqlərin bütövlükdə il ərzində baş verənlər içərisində ən çox oxucu marağına səbəb olan hadisəyə çevrildiyini bilirdiniz? Baxmayaraq ki, bu mitinqlər haqda iqtidarlı müxalifətli bütün mətbuat orqanları məlumat vermişdilər, təkcə “Azadlıq” qəzetinin saytından mitinq reportajlarını uyğun olaraq 70 mindən və 62 mindən artıq oxucu oxuyub. Ölkədə il ərzində baş vermiş heç bir siyasi, mədəni, şoubiznes hadisəsi heç bir mətbuat orqanında bu qədər oxunmayıb.

Milli Şuranın mitinqlərinə bu böyük oxucu marağı bir tərəfdən (müxtəlif səbəblərdən özləri hələlik şəxsən iştirak etməsələr belə) yüzminlərlə insanın etiraz aksiyalarına ciddi marağını göstərirsə, digər tərəfdən də xalqın Milli Şuranı rejimə qarşı real alternativ kimi gördüyünü, ondan ciddi gözləntilərinin olduğunu təsdiq edir.

Milli Şuranın mitinqlərinə böyük oxucu marağı həm də ictimai fikirdə olduqca mühüm dəyişikliyin baş vermədiyini göstərir. Düzdür, proses tam başa çatmayıb, amma pozitiv tendensiya aydın şəkildə sezilir. Әvvəllər xalqımızın böyük bir hissəsi çox təəssüf ki, ölkədə demokratik dəyişikliklərin baş verməsinin daha çox xarici faktorlarla bağlı olduğunu düşünürdü. Demokratik dəyişikliklərin xeyli sayda tərafdarı özünü inandırmışdı ki, dünyanın mühüm siyasi mərkəzlərində ölkəmizlə bağlı verilən qərarlar bizim özümüzün burada verdiyimiz qərarlardan daha önəmlidir. Bu, çox neqativ tendensiya idi. Belə gözləntilər bir tərəfdən xalqın özünə inamını sarsıdırdı, digər tərəfdən də vətəndaşlarımızı sanki ölkəmizə görə məsuliyyətdən azad edirdi. Xeyli sayda insan öz fəaliyyətsizliyinə, mübarizədən kənarda qalmasına bu düşüncə ilə haqq da qazandırırdı. Həmin adamlar iddia edirdilər ki, nüfuzlu beynəlxalq dairələr ölkəmizdəki sülalə hakimiyyti ilə bağlı qərarını verənədək, bizim ölkə daxilində apardığımız mübarizənin heç bir nəticəsi ola bilməz.

Belə bir ziyanlı fikrin ictimai rəydə nəyə görə bu qədər möhkəmlənə bildiyini izah etmək bu yazının məqsədi deyil. Ona görə də qısaca vurğulayım ki, bir tərəfdən bəzi müxalif qüvvələrin əvvəlki zamanlarda apardığı yanlış təbliğat (guya hansısa qlobal proseslər avtomatik olaraq Azərbaycanda da demokratik dəyişikliklərə səbəb olacaq), dıgər tərəfdən də hökumətin nəzarətindəki televiziyaların dünyanın hər yerində baş vermiş xalq hərəkatlarını, inqilabları xarici qüvvələrlə əlaqələndirən təbliğatı xeyli sayda həmvətənimizdə belə bir yanlış qənaəti yaratmışdı.

Son aylarda beynəlxalq aləm tərəfindən Azərbaycandakı rejimin qeyri-demokratik idarəetməsinə, kütləvi həbslərə ən yüksək səviyyədə ciddi etirazlar edildi. Ölkəmizdə insan hüquqlarının pozulması ABŞ prezidenti Barak Obama tərəfindən tənqid olundu. Avropa Birliyi parlamenti Azərbaycanla bağlı çox prinspial, sərt qətnamə qəbul etdi. ABŞ rəsmiləri İlham Əliyevin ailəsi də daxil olmaqla, yaxın çevrəsinə qarşı sanksiya tətbiq olunmasına çağırdılar. Azərbaycan tarixində rejim heç vaxt bu qədər birmənalı beynəlxalq təpki ilə üzləşməmişdi. Təbii ki, bu məlumatların da hər biri yalnız “Azadlıq” qəzetinin saytından 40-50 min nəfərdən artıq oxucu tərəfindən oxunmuş, ciddi marağa səbəb olmuşdu. Amma bilirsiz maraqlısı nədir? Milli Şuranın mitinqləri sadaladığım hadisələrdən xeyli artıq oxucu marağına səbəb olub. Ölkə ictimai fikrində haqqında bəhs etdiyim mühüm dəyişiklik də bundan ibarətdir. Azərbaycan vətəndaşları artıq çarəni kənardan gözləmirlər. Özlərinə inanmağa başlayıblar. Ölkəmizə köklü dəyişikliklərin öz mübarizəmizlə gələcəyinə inanmağa başlayıblar. Bütün böyük uğurlar da özünə inamdan başlayır.”

COMMENTS