Müzəffər Baxışov: “Xalq özü-özünə çarə axtarmalıdır”
Yanvarın 20-də 20 Yanvar faciəsinin 26-cı ildönümü tamam olur. Favralın 26-da isə Xocalı soyqırımın 24-cü ildönümü qeyd olunacaq.
Nə qədər təəssüfedici də olsa, bunca müddət ərzində Azərbaycan xalqına qarşı tarixi cinayətə yol verən şəxslərin heç biri məsuliyyətə cəlb edilməyib.
Maraqlıdır, artıq hər iki faciənin üzərindən onilliklərin ötməsinə baxmayaraq, əli Azərbaycan xalqının qanına batan şəxslərin hələ də məsuliyyətə cəlb edilməməsi nə ilə bağlıdır? Doğrudanmı bu şəxslərin məsuliyyətə cəlb olunması mümkünsüzdür?
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən tanınmış hüquqşünas Müzəffər Baxışov mövcud vəziyyəti ölkəmizdəki hüquq-mühafizə orqanlarının iflic vəziyyətdə olması ilə izah etdi:
“Tam məsuliyətlə deyirəm ki, Azərbaycann hüquq-mühafizə orqanları tamamilə iflic vəziyyətdədir. MTN-nin timsalında açılan faktlar bir daha sübut etdi ki, ölkədəki hüquq-mühafizə orqanlarının vəziyyəti əsla ürəkaçan deyil. Bu orqanlar yalnız Azərbaycan xalqına qarşı mübarizə aparır. Çalışırlar ki, xalqın ən ləyaqətli insanlarını sıradan çıxartsınlar. Azərbaycan tarixini vərəqləyəndə də hər zaman belə faktlarla qarşılaşırsan ki, Azərbaycanda hakimiyyətdə olan qüvvələr onlar üçün təhlükə törədən qüvvələrə qarşı hər zaman hüquq-mühafizə orqanlaırn istifadə edib, hüquq-mühafizə orqanlaırnı onlara qarşı mübarizəyə səfərbər edib. Bu nöqteyi-nəzərdən, son 20 il ərzində hakimiyyətdə olan qüvvələrin fəaliyyəti də yalnız bu istiqamətdə yönəlib”.
M.Baxışovun sözlərinə görə, Azərbaycan xalqı bu məsələdə yalnız özünə güvənməli, özü bu istiqamətdə müəyyən addımlar atmalıdır:
“Formal olaraq Xocalı, 20 Yanvar hadisələri ilə bağlı cinayət işləri qaldırlıb və həmin cinayət işlərinin icraatı dayandırılıb. Ildönümləri ərəfəsində bəzi rəsmilər KİV-lərə çıxaraq müəyyən bəyanatlar verməklə işlərini bitmiş hesab edirlər. Məsələn, bildirirlər ki, 125 nəfər haqqında axtarış elan edilib, onların İnterpol vasitəsi ilə axtarılması həyata keçirilir və s. Onlar saxta bəyanatları ictimai şüura yeritməklə məşğuldurlr. Nə qədər ki, bizim hüquq-mühafizə orqanlarının başında bu cür təfəkkürə malik insnalar durur, onlar heç vaxt 20 Yanvar və Xocalı hadisələrində müqəssir olanların tapılıb məsuliyyətə cəlb edilməsi üçün heç bir tədbir görməyəcəklər. Çünki onların buna nə bilikləri, nə bacarıqları, nə vərdişləri, nə hüquqi savadlaır çatmır. Buna görə də Azərbaycan xalqı özü-özünə bir çarə axtarmalıdır. Ona qarşı ağır cinayət törədən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün özü müəyyən tədbirlər görməlidir. Yəni həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini təmin etmək üçün özü hərəkətə keçməlidir”.
COMMENTS