Bakı sakini alqı-satqı müqaviləsinin etibarsız elan olunmasını tələb edir
Paşayeva Günel Vidadi qızı Nərimanov rayon Məhkəməsinə müraciət edərək hazırda yaşadığı mənzillə bağlı alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasını istəyib. O, iddia ərizəsində cavabdeh qismində Əliyeva Mehriban Abdulla qızını göstərib.
“Mənim anam Paşayeva Zenfira Əliağa qızı 40 ildir ki, Bakı şəhəri Xətai rayonu, Mingəçevir küçəsi 8, 5 saylı mənzildə yaşayır. Bəzi problemlərimin həlli üçün anamın müəyyən məbləğə ehtiyacı var idi. Odur ki, o tanışı Mehriban Əliyevadan 22 min manat borc alıb. Onun tələbi əsasında borcun qaytarılmasına təminat kimi mənzilimizin sənədlərini borc verənə təqdim edib. Mehriban ilə anam arasında bağlanmış formal alqı-satqı müqaviləsi əsasında həmin mənzil 03 iyul 2013-cü il tarixdə onun adına rəsmiləşdirilib. Mənim razılığım olmadan mənzil onun adına rəsmiləşdirilib”,-deyə Günel Paşayeva bildirib.
Zenfira Paşayevanın sözlərinə görə, əqd bağlayarkən yaşayış evini satmaq niyyətində olmayıb, sadəcə borc götürmək istəyib: “Mövcud alqı-satqı müqaviləsi qanunla müəyyən olunan şərtlərə uyğun gəlsə də, Mülki Prosessual Məcəllənin tələbləri baxımından mülkiyyətçinin iradəsi əleyhinə bağlanmış əqd etibarsız sayılır”.
O, iddia edir ki, Mehriban Əliyeva vergi orqanından qeydiyyata alınmadan faizə pul verməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq vergidən yayınır: “Ondan aldığım vəsaiti hər ay 5 faiz olaraq ona qaytarmalı idim. Amma borcu tam verə bilmədim. Yalnız 5 ay müddətində hər ay 1200 manat olmaqla borcumun bir hissəsini qaytara bildim”.
M.Əliyeva Paşayevlərin hazırda yaşadıqları Bakı şəhəri Xətai rayonu, Mingəçevir küçəsi 8, 5 saylı mənzilindən çıxarılması üçün Xətai rayon Məhkəməsinə müraciət edib. Burada hakim Fuad Məmmədov iddiaçının izahatını dinləyərək və iş materiallarını araşdıraraq qətnamə verib ki, iddia tələbi təmin edilməlidir.
Bu barədə qətnamədə bildirilir ki, Z.Paşayeva ilə M.Əliyevanın arasında bağlanmış alqı-satqıya dair notariat işinin təsdiq olunmuş sürətindən görünür ki, bu şəxslər arasında məlum mənzillə bağlı alqı-satqı müqaviləsi bağlanıb. Mənzilin 25 min manata satılması barədə razılığa gəliblər.
Notariat işinin materiallarında olan “Bank Technique” ASC tərəfindən verilən qəbzdə görünür ki, M.Əliyevaya bu məbləğdə vəsaiti veriblər.
Xətai rayon Məhkəməsinin qətnaməsinə əsasən Zenfira Paşayeva, Şirxan Paşayev və Nigar Paşayeva mülkiyyətçinin dəyişməsi ilə əlaqədar qeydiyyatdan və mənzildən çıxarılmalıdır.
Z.Paşayeva bildirir ki, onun iştirakı olmadan Xətai rayon Məhkəməsi əleyhinə qərar çıxardıb: “Belə ki, məhkəmə iclası mayın 9-u olub, məhkəmənin mənim prosesdə iştirakım üçün göndərdiyi bildiriş mayın 30-da mənə çatıb. Məhkəmənin qərarı ilə mən mənzilimi tərk etməliyəm. Mənzilimin sənədləri Mehribandadır”.
Alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasına dair Paşayevlərin iddiasına 24 iyul 2015-ci il tarixdə Nərimanov rayon Məhkəməsində hakim Abbas Əliyev baxacaq.
COMMENTS