Müsavatçılardan Əli Kərimliyə “hakimiyyətin istədiyi addımı atdı” ittihamı
Milli Şura sentyabrın 24-də mitinq keçirməkdən imtina edib. Bunu qurumun Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev deyib. Qurum BŞİH-ə rəsmi müraciət etməsinə baxmayaraq, sentyabrın 24-də mitinq keçirmək fikrindən daşınıb.
Məsələ burasındadır ki, sentyabrın 18-də Müsavat Partiyasının mitinqində başqan Arif Hacılı birgə mitinq çağırışı etmiş, Milli Şuranın 24 sentyabr mitinqində müsavatçıların da iştirak edəcəklərini bildirmişdi. A.Hacılı 24 sentyabr mitinqini həm də Müsavatın mitinqi hesab etdiklərini bəyan eləmişdi. Müsavat rəhbərliyinin bu bəyanatına qədər Milli Şuranın rəhbərliyindən heç kim 24 sentyabrda mitinq keçirmək fikrində olmadıqları barədə açıqlama verməmişdi.
Məhz bəlli olanda ki, Müsavat birlik və cəmiyyətə müsbət impuls vermək naminə 24 sentyabra təyin edilən mitinqə qatılacaq, dərhal Milli Şura rəhbərliyi, əsasən AXCP rəhbərliyi “mitinq olmayacaq” bəyanatlarını ard-arda verməyə başladılar.
Bu isə Müsavat Partiyasında ciddi narazılıq yaradıb. Eyni zamanda müsavatçılara AXCP rəhbərliyini açıq-aşkar bölücülükdə, xalqda ruh düşkünlüyü yaratmaqda suçlaması üçün ciddi bir əsas verib. Artıq Müsavatın rəhbərliyinə daxil olan şəxslər, Divan və Məclis üzvləri tərəfindən Milli Şura, AXCP rəhbərliyi sərt tənqid edliməyə başlayıb. Hətta artıq “xalqa, demokratik düşərgəyə xəyanət” ittihamları irəli sürülməyə başlanıb.
Müsavat Partiyasının Qadınlar Birliyinin sədri, Divan üzvü Alya Yaqublu APA-ya açıqlamasında deyib ki, Əli Kərimli yaranmış bu yeni və təhlükəli durumda nədənsə müxalifətin birgə fəaliyyətində maraqlı deyil: “Milli Şura bir qurum olaraq artıq fəaliyyət göstərmir, çünki orada qərarları AXCP sədri Əli Kərimli qəbul edir. Belə olmasaydı, hörmətli Cəmil Həsənli bir gün bir cür, o biri gün başqa cür açıqlama vermək zorunda qalmazdı. O, hər dəfə Müsavatın birgə aksiya təklifinə reaksiya verir, amma sonra bu mövqeyindən geri çəkilməli olur. Mitinqə qatılmamaq məsələsinə gəlincə, cəbhəçilər az sayda da olsa, bizim mitinqdə var idilər. Amma bu, 11 və 17 sentyabr mitinqlərində yüksək səviyyədə təmsil olunmuş Müsavatın əməkdaşlıq jestinə adekvat addım deyildi. Əslində sürpriz olmadı. Çünki Əli Kərimli yaranmış bu yeni və təhlükəli durumda nədənsə müxalifətin birgə fəaliyyətində maraqlı deyil – baxmayaraq ki, bunun hakimiyyətin maraqlarına çox uyğun gəldiyini görmək heç də çətin deyil”.
Müsavat Məclisinin üzvü Könül Əli isə AXCP-nin rəhbərliyini xalqda ruh düşkünlüyü yaratmaqda, hakimiyyətin istədiyi addımı atmaqda ittiham edən fikirlərini sosial şəbəkədə yayıb: “Həmişə ara qızışmasın, müxalif sferada barış, birlik olsun deyə bu məsələlərdən danışmadım. Amma bu qərar elə vaxtda verildi, bu addım elə məqamda atıldı ki, susmaq olmur. Vallah olmur!
Hamımız yaxşı bilirik ki, 24 sentyabr mitinqinin ləğv olunması qərarı xalqda açıq-aydın ruh düşkünlüyü yaratdı. Səhv və proseslərin müsbət yöndə istiqamətlənməsinə bir maneə, çəpər oldu. Bu heç, öz yerində. Gültəkin Hacıbəylinin acıqlamasına görə, Arif Hacılının 18 sentyabr mitinqində mitinqçiləri 24 sentyabr mitinqinə dəvət etməsi Milli Şuranın qəzəbinə səbəb olub. Bəlkə də elə buna görə Milli Şura 24 sentyabrda mitinq keçirmək qərarını ləğv edib. Belə çıxır ki, bu çağırışı bəhanə edərək bütün günahı Arif Hacılının boynuna atır.
Milli Şuranın bu məsələyə qeyri-ciddi yanaşması bir qəbahət. Belə həssas dönəmdə insanların ümidini qırmaq isə ayıbı qəbahətindən də böyük… MŞ Koordinasiya Mərkəzi mitinq qərarı alanda gözləmirdiniz ki, Arif Hacılı 18 sentyabr mitinqində çağırış edəcək? Gözləyirdiniz və yaxşı bilirdiniz ki, müsavatçılar bir nəfər kimi o mitinqdə iştirak edəcək. Çünki xalqın taleyüklü bütün məsələlərində Müsavat Partiyası və üzvləri mənəm-mənəmlik çabası sərf emir. Milli Şura hakimiyyətə gərəkli olan addımı atmaqla, keçən dəfəkilərdən daha möhtəşəm və izdihamlı gözlənilən, xalqın oyanışına, dirçəlişinə rəvac ola biləcək bir toplantıya yox dedi. Ən pisi öz üzvlərinizi də oyunlarınıza alət etdiniz. Müsavat isə hər zaman milli birliyin tərəfində olub, heç vaxt partiya maraqları, liderlik davası aparmayıb, Milli Şuranın, – əslində elə bir qurum yoxdur, – AXCP-nin oyunları isə göz qabağındadır. Mən isə bu günə qədər mənə bir az da olsa şübhə yarada bilmək ehtimalı yaradan çox məqama özlüyümdə aydınlıq gətirdim”.
Müsavat başqanının müavini Səxavət Soltanlı da Milli Şuraya, AXCP-yə ünvanlanan sərt yazı paylaşıb: “Tullanıb qabağa düşməklə olmur bu işlər, atam balası. Bir addım irəli tullanıb, cəmiyyəti 10 addım geriyə salmağa davam edənləri xalqa da demək lazımdır. Abrımıza qısılıb hər şeyi demirik, bu o demək deyil ki, düz edirik. Əslində hər şeyi olduğu kimi cəmiyyətə çatdırmamaqla biz də cəmiyyətə zərər vururuq”.
Bəzi siyasi təhlilçilər isə bildirir ki, Əli Kərimli 11 sentyabr mitinqi ilə Müsavatdan önə çıxmışdı və ictimai şüurda İsa Qəmbərlə Arif Hacılının üzərində qələbə qazandığı təsəvvürü yaranmışdı. Arif Hacılı 18 sentyabr mitinqində çıxışında Milli Şuranın 24 sentyabr mitinqini həm də Müsavat Partiyasının mitinqi hesab etdiyini və orada iştirak edəcəklərini bəyan etməklə Əli Kərimlinin qələbəsinin cəmi bir həftə çəkməsinə nail olub. Bu fikirdə olan şərhçilərin sözlərinə görə, Arif Hacılı Əli Kərimlinin xislətini və 11 sentyabr mitinqdən sonra eyforiyada olduğunu bildiyindən əslində əmin imiş ki, Kərimli Müsavatla birgə mitinq keçirməmək üçün ən ağılagəlməz, qeyri-populyar addımlara gedəcək və bununla da bölücülük etdiyini ortaya qoymuş olacaq.
Müsavat başqanı həqiqətən də belə hesablama aparıbsa, istəyinə nail olmuş sayıla bilər. Əli Kərimli 11 sentyabrda qazandığını cəmi bir həftə sonra – 24 sentyabra mitinqindən imtina etməklə, birgə mitinqin reallaşmasına balta vurmaqla itirdi. Cəmiyyətə sübut olundu ki, Əli Kərimlinin davası hakimiyyətlə yox, Müsavatlaymış. Mitinqi isə AXCP-nin Müsavatdan güclü olduğunu nümayiş etdirmək məqsədilə keçirib.
AXCP sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Əli Kərimli isə AzadlıqRadiosuna müsahibəsində bir-birinə uyğun gəlməyən açıqlamalar verib. O, bir tərəfdən deyib ki, 24 sentyabrda mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi məktubla müraciət ediblər, o bir tərəfdən isə deyib ki, Milli Şuranın sentyabrın 24-nə mitinq təyin etməklə bağlı siyasi qərarı olmayıb. Maraqlıdır, qərar olmayıbsa mitinq üçün rəsmi məktub ünvanlana bilərdimi? Mitinq kimi ciddi məsələ ilə bağlı qərar verilməsəydi, BŞİH-ə məktub göndərilərdimi?
AXCP sədri bu cür suallara aydınlıq gətirmək əvəzinə belə fikirləri yayanları qərəzli adlandırır: “Bu söhbəti ortaya atanlar qərəzli adamlardır. Hər halda, biz bilmirik hökumətin Milli Şuraya qarşı artan repressiyalarını cavablandıraq, yoxsa müxalifət düşərgəsinin bizə qarşı qərəzli münasibətini. Biz 24 sentyabrda mitinq keçirməyə qərar vermişiksə, hansı məntiqlə ondan altı gün qabaq keçirdiyimiz çoxminlik aksiyada bunu elan etmirik?
Məktublar getmişdi. Sonra da siyasi qərar olmadığından, məktubları geri götürdülər. Və bunun hamısı olub sentyabrın 17-nə qədər. Həmin tarixdə biz meydanda növbəti mitinqi ya elan etməliydik, ya da etməməliydik. Elan etməmişiksə, deməli, mitinq qərarı olmayıb. Ona görə də bizim elan etmədiyimiz mitinqi bizimlə birgə keçirmək istəyi başadüşülən deyil, yaxşı hərəkət deyil”.
Etibar SEYİDAĞA
COMMENTS