Aprelin 26-da Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib. İclasda komissiyaya daxil olan müraciətlərə baxılmasına başlanılıb.
Qeyd edək ki, bir qayda olaraq, komissiya prezidentin əfv sərəncamı imzalaması ərəfəsində iclas keçirir. Dövlət başçısının növbəti əfv sərəncamını 28 May Müstəqillik Günü münasibətilə imzalaya biləcəyi təxmin olunur.
Qeyd edək ki, son olaraq bu ilin fevralın 21-də Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq siyasi məhbusların yenilənmiş siyahısını elan edib. Siyahını Sülh və Demokratiya İnstitutunun xaricdə olan direktoru Leyla Yunus və Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov tərtib ediblər. Siyahıya 126 nəfər daxil edilib. Sülh və Demokratiya İnstitutunun məlumatında deyilir ki, siyahının tərtibçiləri Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) müəyyən etdiyi “siyasi məhbus” anlayışı meyarlarından çıxış ediblər. Əvvəlki siyahı 10 dekabr 2021-ci ildə açıqlanıb və orada 122 nəfərin adı olub. Bundan əlavə, Vətəndaş və İnkişaf Partiyasının rəhbəri, böhtan ittihamı ilə 5 ay müddətinə azadlıqdan məhrum edilmiş Əli Əliyev yeni siyasi məhbus olaraq tanınır. İttifaq daha bir siyasi məhbus kimi Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Şahin Hacıyevi tanıyıb. O, narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunub.
Azərbaycan hakimiyyəti ölkədə siyasi məhbusların olmadığını, insanların siyasi iradəsinə görə təqib edilmədiyini bildirir. Rəsmi Bakı ölkədə fundamental azadlıqların tam təmin edildiyini bəyan edir.
Bununla yanaşı, Avropa Şurası Parlament Assambleyası 2021-ci ildə Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə qəbul edib. Bu qurumda Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi fəaliyyət göstərir.
Əliməmməd Nuriyev: “Əfv sərəncamı yüzlərlə ailəni sevindirəcək”
Əfv Komissiyasının üzvü, hüquqşünas Əliməmməd Nuriyev yayılan məlumatlarla bağlı “Yeni Müsavat”a bunları dedi: “Komissiyaya nə qədər müraciətin daxil olması barədə hələ ki dəqiq məlumat yoxdur. İlk iclas keçiriləndən sonra katiblik nə qədər müraciətin edildiyi barədə məlumat verəcək. Amma ötən bir il ərzində müraciətlər daxil olmaqdadır. Həm Milli Məclisin deputatları, həm ombudsman, həm yerli beynəlxalq QHT-lər, həm də məhkumların özləri, yaxud yaxınları, nümayəndələri, vəkilləri tərəfindən müraciətlər olunub. Bütün müraciətlər emal olunur, diqqətlə araşdırılır. Bu emal olunma Əfv Komissiyasının Katibliyi və Prezident Administrasiyasının Hüquq Mühafizə Orqanları ilə İş Şöbəsinin əfv sektoru tərəfindən həyata keçirilir. Hər bir müraciətlə bağlı müvafiq rəylər hazırlanır. Bundan sonra hər bir şəxsin müraciətləri ilə bağlı arayışlar hazırlanır. Bu arayışlar da komissiyanın sədri, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevə təqdim olunur. Təbii ki, bu təqdim olunmadan sonra da iclas təyin edilir. İclasda daxil olan müraciətlər müzakirə olunur. Hər bir müraciətə də hər zaman olduğu kimi, diqqətlə yanaşılır. Geniş müzakirələrdən sonra hər bir müraciət ətrafında rəy hazırlanır. Cənab Prezidentə təqdim olunması üçün müvafiq qərar qəbul olunur. Bilirsiniz ki, əfv sərəncamı vermək hüquqi cənab Prezidentin müstəsna səlahiyyətləri sırasındadır. Ölkə rəhbəri hər zaman fəaliyyətində şəffaflığa, humanizmə, mərhəmət hisslərinə söykənən prinsiplərə əsaslanıb. Cənab İlham Əliyev tərəfindən Prezident olduğu müddətdə 37 əfv sərəncamı verilib. Beş mindən artıq şəxs cəzadan azad olunub. İstisna deyil ki, üzümüzə gələn əfv sərəncamında yüzlərlə ailə sevinəcək. Bütün bunlar Azərbaycan Prezidentinin öz vətəndaşına göstərdiyi diqqətin nümunəsidir. Əfv Komissiyasının iclaslarının nə zaman yekunlaşacağı barədə nəsə demək indidən mümkün deyil. İstənilən halda sərəncamı nə zaman vermək səlahiyyətinə sahib olan yeganə şəxs ölkənin rəhbəridir”.
Mirvari Qəhrəmanlı: “Mən ”qızıl amnistiya” istərdim”
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı indiki vaxtda əfv sərəncamına böyük ehtiyacın olduğunu vurğuladı: “Açığı, öncəliklə deyim ki, mən ”qızıl amnistiya” istərdim. 28 Maydan əlavə başqa önəmli tarixi günlərimiz, bayramlarımız var. İndiki halda əfv qərarı verilib və bunu təqdirəlayiq sayıram. İstərdim ki, qadın türməsinə xüsusi nəzər salınsın. Həbsdə olan qadınların çoxlarının azad olunması çox vacib olardı. Əfvə nə qədər qadın düşsə, bir o qədər yaxşı olardı. Ölkədə əvvəlki illərdəki kimi olmasa da, yenə də siyasi məhbuslar var. Bu bir faktdır. Amma hər adamı da siyasi məhbus adlandırmaq olmaz. Çox arzulardım ki, siyasi məhbusların hamısı azad olunsun. Mən həqiqi siyasi məhbusların azad edilməsini nəzərdə tuturam, ucdantutma hamının deyil. Hansı ki, siyasi məhbus olduqlarını beynəlxalq qurumlar qəbul edib, onlar azad olunsun. Etdiyi cinayətə görə yox, siyasi motivlə həbs edilənlər azadlığa buraxılmalıdır. Qarabağ qazilərimiz onların içərisində mümkün deyil ki, olmasın. Birinci Qarabağ savaşında iştirak edənlərdən həbsdə qalanlar var, şərti cəza alan qazilərimiz də var. Bunlar bağışlanmalıdır. Milli barış üçün bu çox mühümdür. Ölkənin bu barışa böyük ehtiyacı var. Hələ də ciddi problemlərimiz var. Rusiya və digər faktorlar ortadadır. Xankəndi məsələmiz ortadan qalxmayıb”.
Cavanşir ABBASLI
COMMENTS